Mark Libbi: “ABŞ olmadan “Əsrin müqaviləsi” mümkün olmazdı”

Mark Libbi. Foto: Meydan TV

“Vaşinqtonun ünvanına səsləndirilən ittihamlar mənasızdır”

ABŞ-nin Bakıdakı səfiri Mark Libbi Azərbaycan rəsmilərinin Vaşinqtonun əleyhinə səsləndirdiyi itihamlara münasibət bildirib.

Səfir ABŞ-nin Bakıya münasibətdə qeyri-dost münasibət sərgiləməsi barədə ittihamlarını təkzib edib.

O, dekabrın 15-də Amerika Ticarət Palatasının (AmCham) iclasındakı çıxışında iki ölkə arasında münasibətlərin normal olduğunu deyib:

“ABŞ Azərbaycanın müstəqillik illəri ərzində iki ölkə arasındakı əməkdaşlığa yüksək qiymət verib və gələcək üçün onların böyük potensialını qeyd edib”.

Onun sözlərinə görə, Azərbaycan əvəzsiz regional nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün yaxşı mövqedədir:

“Biz Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafına dəstək olmaq üçün, xüsusən də bu sektorlarda daha çox ticarət nümayəndəlikləri gətirməyi planlaşdırırıq”.

“Azərbaycanın aerokosmik sektorundakı artım potensialı, kibertəhlükəsizlik təcrübəsi və rəqəmsal infrastrukturu nəzərə alınaraq, innovativ Amerika şirkətləri mühüm rol oynaya bilər”, – deyə səfir qeyd edib.

O, ABŞ əleyhinə ittihamları da mənasız adlandırıb:

“Ötən il ABŞ-Azərbaycan əməkdaşlığının uğurları haqqında düşünərkən şübhələrin kinli səslərini də xatırlayıram. ABŞ-nin Azərbaycana ziyan vurmaq üçün vəhşi və mənasız sui-qəsdlər etməsi haqqında bir çox ittihamlar səsləndirilib. Bu cür dezinformasiyaya cavab olaraq, mən təkcə ötən ilin uğurlarını qeyd etmək deyil, həm də hər kəsə son bir neçə onillikdə tərəfdaşlığımızın gücünü xatırlatmaq istərdim. 

Bu il biz “Əsrin müqaviləsi”nin 30 illiyini qeyd etdik. Bu əlamətdar hadisə bizə Azərbaycan rəhbərliyinin və təşəbbüsünün ABŞ-nin sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını necə dəyişdiyini xatırlatdı. O zaman yaradılmış müqavilə razılaşmaları və infrastruktur Azərbaycanı qlobal enerji təhlükəsizliyinə əsas və etibarlı töhfə verən ölkəyə çevirib”.

“Mübaliğəsiz demək olar ki, “Əsrin müqaviləsi”nin əsasında duran ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bunların heç biri mümkün olmazdı”, – deyə səfir qeyd edib.

Son bir ildə Azərbaycan rəsmiləri və hakimiyyətyönlü media qurumları ABŞ-lə bağlı bir sıra ittihamlar səsləndirir, Vaşinqtonu ölkədə və bölgədə xaos yaratmaqda qınayırlar.

Ana səhifəSiyasətMark Libbi: “ABŞ olmadan “Əsrin müqaviləsi” mümkün olmazdı”