Manat son 6 ildə ticarət partnyorlarının valyuta səbətində ən yüksək həddə

Manat, Foto: Janusz Pienkowski/Shutterstock

İqtisadçı: “Real effektiv məzənnə daha üstün sürətlə bahalaşıb”

Azərbaycan manatı avro və Rusiya rublu qarşısında dəyər qazanıb.
Azərbaycan Mərkəzi Bankının dekabrın 27-də açıqladığı valyuta məzənnələri ilə bağlı məlumatdan belə görünür.

Türkiyə lirəsi və Gürcüstan larisi də dəyər qazanan valyutalar sırasındadır.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

1 avro 1.9241 manata, 1 Rusiya rublunun məzənnəsi 0.0231 manata enib.

1 türk lirəsinin məzənnəsi 0.1548 manata, 1 Gürcüstan larisinin məzənnəsi isə 0.5530 manata yüksəlib.
İqtisadçı Rövşən Ağayev deyir ki, Azərbaycanın milli valyutası son 6 ildə (2015-ci ilin devalvasiyasından sonra) əsas ticarət partnyorlarının valyuta səbətinə münasibətdə ən yüksək həddə bahalaşıb.

Bu ilin noyabrında manatın qeyri-neft nominal effekiv məzənnəsi 2016-cı ilə nisbətən 29 faiz yüksəkdir.

Halbuki 2015-ci ilin yekunlarına nisbətən 2016-cı ildə qeyri-neft nominal effekiv məzənnə 30 faiz ucuzlaşmışdı:

“Problem ondadır ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının ortaçəkili inflyasiya səviyyəsindən yüksək olub. Buna görə manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalaşıb”.

İqtisadçı bildirib ki, ən azından hökumət inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydı, yüksək templi nominal bahalaşmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstəricilə real effektiv məzənnəyə ötürülərdi:

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Müşahidə edilən meyl nəticəsində dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının onsuz da zəif olan rəqabət qabiliyyəti daha da zəifləyir. Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti səbəbindən asılı olmayaraq hökumətin “qeyri-neft ixrac potensialı bizim üçün 1 nömrəli prioritetdir” bəyanatlarına tamamən ziddir”.

Rövşən Ağayev düşünür ki, manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalandığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir:

“Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir”.

2021-ci il ərzində manatın nominal effektiv məzənnəsi 7.3 faiz, real effektiv məzənnəsi isə 8.8 faiz bahalaşıb.
Real effektiv məzənnənin bahalaşma tempi 2014-cü ildən sonra ən yüksək həddə çatıb.
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib.

Nəticədə manat iki dəfədən çox dəyər itirib. Amma son illər manatın məzənnəsi sabit qalıb. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Ana səhifəİqtisadiyyatManat son 6 ildə ticarət partnyorlarının valyuta səbətində ən yüksək həddə