Makron Qarabağdakı gərginliyə görə İlham Əliyevə zəng edib

Source: https://berlin.mfa.gov.az/

Fransa Prezidenti danışıqların davam etdirilməsini istəyib

Avqustun 4-də Fransanın Prezidenti Emmanuel Makron Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib.

Emmanuel Makronun son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edib.

O, Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Makron Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu deyib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb”, – deyə açıqlamada qeyd olunur.

Bildirilir ki, İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib:

“Ölkə başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Həmçinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılmasının təmin edilməli olduğunu vurğulayıb. Əliyev əlavə edib ki, Ermənistan tərəfindən bu, hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi Yerevan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”.

Əliyev söhbət zamanı xatırladıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib:

“Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur”.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də Qarabağdakı hərbi əməliyyatlarda qarşı tərəfi ittiham edib.

Nazirlik Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozduğunu vurğulayb.

Açıqlamada Azərbaycan ordusunun cavab tədbirləri “Qisas” əməliyyatı adlandırılıb.

Bildirilir ki, Azərbaycan ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətMakron Qarabağdakı gərginliyə görə İlham Əliyevə zəng edib