Makron: “Fransızlar sağçı ideyaları dayandırmaq üçün mənə səs verdilər”

Fransada seçki kampaniyası. Foto: Reuters

Avropa liderləri Makronun qələbəsini dəstəklədilər

Fransanın hazırki prezidenti Emmanuel Makron seçkilərin ikinci raundunda rəqibi sağçı Marin Lö Peni məğlub edib.

O, ikinci müddətə prezident seçilib.

Seçkilərdə 44 yaşlı Makron 58.6 faiz, Lö Pen isə 41.4 faiz səs toplayıb.

Makron birinci raundda 28.1-29.7, Lö Pen isə 23.3-24.7 faiz səs yığmışdı.

Tərəfdarlarının Fransa və Avropa bayraqlarını dalğalandırdığı Eyfel qülləsinin altında keçirilən qələbə mitinqində çıxış edən Makron deyib ki, bu gün bir sıra fransızlar onun ideyalarını dəstəkləmək üçün yox, sağçıların ideyalarını dayandırmaq üçün ona səs veriblər:

“Mən artıq bir düşərgənin namizədi deyiləm, hamınızın prezidentiyəm”.

Makron 2017-ci ildə Lö Peni 66 faizə yaxın səslə məğlub edib.

O, 2002-ci ildə Jak Şirakdan sonra ikinci müddətə seçilən ilk prezidentdir.

Sonuncu səsvermədə toplanan səs faizlərinin aşağı olmasının səbəbi kimi seçicilərin aşağı iştirakçılığı göstərilir.

Lö Pen yaşayış böhranı ilə bağlı kampaniya aparırdı. Eyni zamanda, yerlilərə üstünlük vermək üçün millətçi tədbirlər görəcəyini vəd edirdi.

Bildirirdi ki, fransız xalqı iş, mənzil, müavinət və səhiyyə baxımından başqalarından üstündür. Onun bu siyasətini Makron “irqçi” və “bölücü” kimi tənqid etmişdi.

Bundan əlavə, Makron seçki kampaniyasında Lö Peni Rusiya Prezidenti Vladimir Putinə keçmişdə rəğbət bəslədiyinə görə tənqid edir, buna görə ona dünya səhnəsində inamın mümkün olmadığını deyirdi.

Qeyd edirdi ki, Lö Pen Fransanı Avropa İttifaqından çıxarmağı planlaşdırır.

53 yaşlı Lö Pen isə bunu təkzib edir, Makronun iqtisadi idarəçiliyini tənqid atəşinə tuturdu.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu ölkədə qiymətləri daha da bahalaşdırıb.

Makronun qələbəsini Avropa İttifaqı (Aİ) müttəfiqləri alqışlayıb.

Avropa Şurasının Prezidenti Çarlz Mişel “Twitter” səhifəsində: “Bravo, Emmanuel. Bu təlatümlü dövrdə bizə möhkəm Avropa və daha suveren və daha strateji Avropa İttifaqına tam sadiq olan Fransa lazımdır”, – deyə bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə deyib ki, bundan sonra da əla olan əməkdaşlığı davam etdirə biləcəyi üçün şaddır.

Almaniya kansleri Olaf Şolts (Olaf Scholz) fransız seçicilərinin “Avropanın lehinə güclü mesaj” verdiyini söyləyib.

Makronun prezident kimi ilk xarici səfərinin Şoltsu görmək üçün Berlinə edəcəyi gözlənilir.

Almaniyanın maliyyə naziri Kristian Lindner isə ilkin nəticələri alqışlayıb, ən böyük qalibin “vahid Avropa” olduğunu bildirib.

Fransanın Avropa məsələləri üzrə naziri Klemen Bon isə deyib ki, qatı sağçı siyasətçinin səslərin 42 faizini yığması “bizim işləməli olacağımızı göstərir”.

Aİ-nin tənqidçisi Lö Pen ifrat-sağçı partiyasının indiyədək yığdığı ən yüksək səs faizini “sensasiyalı” adlandırıb, gündəmini irəli aparmaqda davam edəcəyini deyib.

Fransanın bəzi şəhərlərində yüzlərlə insan Makronun yenidən seçilməsinə və Lö Penin xalına etiraz etmək üçün küçələrə çıxıb.

Polis Paris, Lion və qərbdəki Renn şəhərində toplaşanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Ana səhifəDünyaMakron: “Fransızlar sağçı ideyaları dayandırmaq üçün mənə səs verdilər”