Makron Azərbaycanı ittiham etdi, rəsmi Bakı onun dediklərini “təxribat” adlandırdı

Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock

Fransa Prezidenti Rusiyanın Azərbaycanı Qarabağdakı hərəkətlərinə görə dəstəklədiyini deyib

Fransa Prezident Emmanuel Makron Fransa səfirləri qarşısında ənənəvi çıxışı zamanı deyib ki, Rusiya, Azərbaycan nümayəndələri və amerikalı iş adamı İlon Mask Avropa seçkilərinə müdaxilə edib.

Makron qeyd edib ki, Fransa seçkilərində bəzi xarici müdaxilələr olub. Bu ölkə “öz ərazilərinin əksəriyyətində, xüsusən də son aylarda Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxiləyə məruz qalıb”.

Emmanuel Makron. Foto: Reuters

O, həmçinin Rusiyanın öz müttəfiqlərini dəyişdiyini və Azərbaycanı Qarabağdakı hərəkətlərinə görə dəstəklədiyini deyib. Makronun sözlərinə görə, bu ona görə baş verib ki, Ermənistanda ilk dəfə Rusiyaya təslim olmayan qətiyyətli Baş nazir var.

Azərbaycanın Xarici İşləri Nazirliiyi (XİN) Fransa Prezidentinə cavab verib.

XİN-nin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi iddiaların əsassız olduğunu deyib və bunu “təxribat” adlandırıb.

“Özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç vaxt Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını pisləməyib. Həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib”.

“Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik”, – Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadə. Foto: “azertag.az”

O, əlavə edib ki, Fransanın Yeni Kaledoniyada apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönlənltmək yanlış siyasətdir.

“Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, – Azərbaycan XİN-nin mətbuat xidməti sonda əlavə edib.

Ana səhifəSiyasətMakron Azərbaycanı ittiham etdi, rəsmi Bakı onun dediklərini “təxribat” adlandırdı