Macarıstanın hava şirkəti ukraynalı qaçqınlara 100 min pulsuz bilet təklif edib

“Wizz Air”. Foto: Vytautas Kielaitis/shutterstock

Şirkət qaçqınların təyinat yerlərinə çatmasına kömək etməyə hazır olduğunu deyir

Macarıstanın aşağı büdcəli hava şirkəti olan “Wizz Air” ukraynalı qaçqınlara qısamüddətli uçuşlar üçün 100 000 pulsuz bilet təklif etdiyini açıqlayıb.

Şirkət bu barədə elanı “Twitter“ hesabında yayıb.

Bildirilir ki, ukraynalı qaçqınların harada olmaqlarından asılı olmayaraq, təyinat yerlərinə çatmağa kömək etməyə hazırdırlar.

“Biz martda Polşa, Slovakiya, Macarıstan və Rumıniyadan olan qısamüddətli uçuşlar üçün 100 min pulsuz bilet təqdim edəcəyik“, – deyə şirkət bildirib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, artıq 660 minə yaxın insan Ukraynanı tərk edib.

Onların əksəriyyəti Polşaya keçib.

Yaxın ölkələrdən Rumıniya, Moldovanı seçənlər də, sərhəddi keçəndən sonra digər Avropa ölkələrinə üz tutanlar da olub.

Avropa Komissiyası bu rəqəmin milyonlara çata biləcəyini proqnozlaşdırıb.

Daha öncə isə dünyada şəxsi mənzillərin qısamüddətli icarə və rezervasiya sistemi “Airbnb” Rusiyanın hərbi müdaxiləsi səbəbindən Ukraynadan qaçmağa məcbur qalan şəxslərə ödənişsiz, qısamüddətli mənzillər təklif etmişdi.

Platforma bildirib ki, ümumilikdə 100 000-dək ukraynalı qaçqının yerləşdirilməsi nəzərdə tutulub.

Onların uzunmüddətli vədədə qonaq edilməsi üçünsə şirkət qonşu Avropa ölkələri ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

San-Fransiskoda yerləşən şirkətin rəhbərləri, o cümlədən baş icraçı direktor Brayan Çeski bildirib ki, Polşa, Rumıniya, Almaniya və Macarıstan hökumətlərinə məktub yazıblar.

Onlara qaçqınların məskunlaşması üçün dəstək təklif ediblər.

Mənzillər “Airbnb” şirkəti, donorlar və platformadakı ev sahibləri tərəfindən maliyyələşdiriləcək.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaMacarıstanın hava şirkəti ukraynalı qaçqınlara 100 min pulsuz bilet təklif edib