Dövlət xəbər agentliyi bu xəbəri Netanyahunun Budapeştə gəlişindən az sonra yayıb
Macarıstan aprelin 3-də İsrailin baş naziri Benyamin Netanyahunun Budapeştə dövlət səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) təsis müqaviləsindən çıxmaq niyyətini açıqlayıb.
Dövlət xəbər agentliyi bu xəbəri Netanyahunun Budapeştə gəlişindən az sonra yayıb.
Beynəlxalq Cinayət Məhkəməsi noyabr ayında Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunan Netanyahu barədə həbs qərarı verib.
Macarıstanın baş naziri Viktor Orban bunu tətbiq etməyəcəyini söyləyib və cavab olaraq Netanyahunu dövlət səfərinə dəvət edib.
Orbanın qərargah rəisi Gergely Gulyas bildirib ki, hökumət bu gün geri çəkilmə prosesinə başlamalıdır.
Sağçı millətçi Orban, Netanyahu hökumətinin yaxın müttəfiqi və tərəfdarıdır. ABŞ Prezidenti Donald Tramp fevral ayında BCM-in prokuroru Kərim Xana qarşı sanksiya tətbiq edərkən, Orban Macarıstanın məhkəmə ilə münasibətlərinə yenidən baxmalı olduğunu vurğulamışdı.
BCM-yə üzv olan 125 dövlətin, o cümlədən Avropa İttifaqına (Aİ) daxil olan bütün ölkələrin Netanyahu barədə çıxarılmış həbs qərarını icra edib onu Haaqadakı məhkəməyə təslim etmək öhdəliyi var.
Lakin Macarıstanın BCM-dən çıxma qərarı dərhal qüvvəyə minmir və Netanyahunu həbs edib məhkəməyə təslim etmək kimi hüquqi öhdəliklərini dərhal ləğv etmir.
Roma Statutunun 127-ci maddəsinə əsasən, Macarıstan Birləşmiş Millətlər Təşkilatının baş katibinə müqavilədən çıxmaq barədə yazılı bildiriş təqdim etməlidir. Bu bildiriş verildikdən bir il sonra qüvvəyə minəcək.
Macarıstan 2002-ci ildə Roma Statutunu ratifikasiya edən ilk ölkələrdən biri idi.