Bir ildir ki, Mərkəzi Bank uçot dərəcəsini dəyişmir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini dəyişməyib.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.
Bu gün açıqlanan qərarında Mərkəzi Bank uçot dərəcəsini 7.25, faiz dəhlizinin aşağı həddi 6.25, yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlayıb.
“Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, – AMB bəyan edib.
Bankın məlumatına görə, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
“Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər”.
Bir ildir ki, Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayır.
İqtisadçıların sözlərinə görə, uçot dərəcəsinin müəyyən edilməsi formal xarakter daşıyır. Yəni uçot dərəcələri dəyişsə belə bu bank faizlərinə təsir etmir.
Uçot dərəcəsi endirilsə, kredit faizləri də aşağı düşməlidir.