Mənim mənəvi işgəncəm

Foto Aynur Elgünəşin şəxsi arxivindən

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Kürdəxanı Təcridxanasından yazır:

“Hüquq müdafiəçiləri nəzərə alsın.

Azərbaycan qəribə məmləkətdir. Burada uşaq güvənc, varis, sabah səni çiynində daşıyacaq varlıqdır. “Oğul çiynində qəbirə getmək”, “ qız daha çox ağlar”, yanaşması əsrlərdən gələn mental dəyərdir. Övlad bütün həyatı boyu onu dünyaya gətirənlərin keşiyində durmalıdır. Əgər öz həyatını yaşamaq istəsə nankordur, ailə dəyərlərini tapdamış biridir. Halbuki onun bu dünyaya gəlmək üçün nə rolu olub, nə sifarişi…

Əksəriyyət kimi mən də ailə dəyərlərinə bağlı biri olmuşam. Bütün həyatım boyu ailə üzvlərimi razı salmaqla, onların problemlərini qarşılamaqla məşğul olmuşam. Qətiyyən peşman deyiləm, əksinə yaxşı övlad olmağımla qürur duyuram. Problem yalnız ondadır ki, istər ailəm, istərsə də kənar insanlar həyatımda baş verənləri şəxsi seçimim yox, taleyin qisməti kimi qəbul ediblər. Halbuki ailə qurmamaq, övlad istəməmək mənim öz seçimimdir. Həyatım boyu gəlinlik geyimləri diqqətimi çəkməyib. Hələ yeniyetməykən düşünürdüm ki, 25 yaşımda uşaq götürüb saxlayacam. Olmadı. 25 yaşına çatanda gördüm heç nəyə sahib deyiləm, nə işim var, nə evim, nə pulum, nə də stabil həyatım. Yaşım 35-i haqlayınca evim olmasa da, normal işim, həyatım vardı. Onda da maraqlandım, dedilər əlillərə övladlıq verilmir. Guya onlar uşaqları gələcəkdə özlərini saxlasın deyə istəyirlər. Guya Azərbaycanda fiziki sağlam insanlar övladlarına başqa cür baxır. Halbuki, mənim məqsədim heç vaxt kiminsə “çiynində məzara getmək” olmayıb. Mən sadəcə tərk edilmiş bir körpəyə bağlanmaq, bir-birimizə həyat vermək istəmişdim. Olmadı…

Çox uzun illər sonra, heç planlamadığım bir gündə həyatıma daha məsum, kiçik dördayaqlı bir canlı gəldi və bütün dünyamı dəyişdi. Adını Maks qoydum. Addım-addım məni izləyən, hər anımda yanımda olan bu kiçik varlığa elə bağlandım ki, tək qoyub harasa gedəndə ürəyim evdə qaldı, heç yerdə çox ləngimədim. Onu sevməyənlər mənim də gözümdən düşdü. Ondan iyrənib evinə buraxmaq istəməyən qohumlarımın, tanışlarımın qapısını mən də açmadım. Hər yerə bir getdik, onlayn görüşlərdə belə qucağımda oldu. Gecələr ya başımın, ya da, ayaqlarımın üstündə yatdı. Oyanmasın, narahat olmasın deyə saatlarla eyni vəziyyətdə qalardım.

İndi 6 aydır mən bu şirin varlığa həsrət qalmışam. Hər kəs bilir ki, 12 dəfə (10 dəfə ayağımdan) əməliyyat olunmuşam, hələ daha bir əməliyyat da məni gözləyir. Ancaq hər görüşümdə vəkilə, ailə üzvlərimə xəbərdarlıq edirəm, mənim əlilliyim müdafiə mövzusu olmasın. Mən jurnalist kimi həbs olunmuşam, əlil olunduğum üçün azad olunmaq istəmirəm. Mən dünyanın ən gözəl işini ləyaqətlə gördüm və buna görə həbs olunmamalıydım.

Məni nə həbs qorxudur, nə həbsxana. İnsafən həbsxanadakı şəraitimdən də razıyam. Ancaq mən daha böyük işgəncəyə – mənəvi və psixoloji əzaba məcbur qalıram. Həbs olunduğum gündən bəri Maksı görmürəm, yeganə ev yoldaşım, ailə üzvüm, həyatımın mənası olan 1,8 kq-lıq, pasportu, vaxtaşırı peyvəndi, tibbi prosedurları yerinə yetirilən dördayaqlı oğluma həsrət qalmışam.

Elə hey xatırlayıram, həbs olunduğum gün evdən çıxanda onunla vidalaşmaq üçün icazə istədim. Aşağı əyilə bilmədiyim üçün həmişə bir əlimi divara söykəyib, digər əlimlə onu ortasından götürərdim. Maks buna alışdığından kimsə onu götürmək istəyəndə qəribə şəkildə ortasın qaldırırdı. Yenə elə etdi, qucağıma aldım, üz-gözümü yalayaraq öpüşlərimə qarşılıq verdi, sanki ayrıldığımı bilirdi, sağollaşırdı. Hər evdən çıxanda dediyim kimi yavaşca qulağına “’mama getsin-gəlsin. Yaxşı, Maksım? ”-dedim. Hər zamanki kimi anladı, arxamca qapıdan çıxmadı, dəhlizin ortasında dayanıb baxdı. Gözləri fəqrli baxırdı, kədərli idi. Mən 6 aydır o baxışları unutmuram. Hər dəfə Maksın fotolarına baxanda elə bilirəm o gündən bəri gözünə çökən kədər bütün baxışını dəyişib.

Heç vaxt özüm üçün kimsədən nəsə istəməmişəm, ancaq haqqımı da qorumuşam. Heç bir təhlükə törətməyən, risk yaratmayan Maksla görüşmək də haqqımdır, qanun bunu qadağan etmir. Ümumiyətlə qanunda bununla bağlı heç nə yoxdur. Həbsxanalarda heyvan saxlamaq daxili qaydalara ziddir, ev heyvanları ilə görüş isə qanunla yasaq deyil. Bir sözlə, insana belə dəyər verilməyən məmləkətimizdə heyvan haqları ümumiyyətlə nəzərə alınmır.

Bu ölkədə heyvanlar 2 qismə bölünür: xeyir verən və israfçı. O heyvanı saxlayırlar ki, onu kəsib yeyirlər, ya da baxıb əylənirlər. Digərləri sadəcə xərc çəkdiyin lazımsız varlıqlardır. Ona görə də mənim Maksla görüşmək istəyim, tələbim bəziləri tərəfindən gülüşlə qarşılanır, ələ salınır.
Ev dustaqlığı ilə bağlı məhkəmədə hakimə, himayəmdə azyaşlı itim var dedim, gülüşdülər. Bir dəfə qadın nəzarətçilərdən biri məni gözüyaşlı gördü. Maks üçün ağladığımı biləndə qəşş elədi. Hətta vəkilim də dedi ki, mənim bu istəyimi kiməsə deyəndə gülüşlə qarşılanır. Halbuki mədəni insanlar evində saxladığı canlını övladından seçmir. Təəssüf ki, zorla insanlara mədəniyyət aşılamaq olmur.

Gülsünlər. Ağlamalı gündə olduğunun fərqində olmayan ölkə insanını dərdimlə güldürürəmsə, nə xoş. Təki gülməyi də bacarsınlar, gülərüz insanlara yüngülxasiyyət, ağıldankəm kimi baxmasınlar…

Maksla görüş tələbim saxlanıldığım Bakı İstintaq Təcridxanasının rəhbərliyinə çatdırılıb. Penitensiar xidmətin rəisi Mirsaleh Seyidova 2 dəfə müraciət etmişəm. İstəyim ciddiyə alınmayıb, heç lütf edib cavab da verilməyib. Ona, üçüncü açıq məktubumu da yazmışam. Əminəm ki, bu dəfə də mənfi cavablandırılacaq, ya da susqunluq göstəriləcək. Mən hakimiyyətin sevmədiyi biri ola bilərəm, heyvanlara münasibətim də fərqli ola bilər. Ancaq BMT-nin “Nelson Mandela” qaydalarına əsasən, məhkumların ləyaqətinə və hüquqlarına hörmət olunmalıdır, cəzanın məqsədi əlavə əzab vermək deyil.

Əsaslandırma: “Əgər it məhkumun emosional və ya psixoloji sabitliyində əsas rol oynayırsa (məsələn, uzunillik yoldaşıdırsa) onunla görüşə icazə verilməməsi qeyri-insani rəftar kimi qiymətləndirilə bilər, xüsusilə bu görüş hər hansı təhlükəsizlik riski olmadan təşkil edilə bilərsə”.


Bu qaydalar həbsdə olan şəxslərin xarici dünya ilə əlaqələrinin saxlanılmasını, ləyaqətlərinə hörmət edilməsini və psixoloji rifahlarının qorunmasını tövsiyə edir. Bu çərçivədə, emisonal dəyər daşıyan heyvanla əlaqə imkanı da insani münasibətin hissəsi kimi qiymətləndirilməlidir.

Bundan başqa Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının tərəfdaş ölkəsidir. AİHK-in 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutur.

Təcrübədə müxtəlif ölkələrə qarşı bir neçə iş də var. Bu işlər göstərir ki, emosional bağlılıq, xüsusilə heyvan ailə üzvü kimi qəbul olunursa və ya vacib emosional dəstək verirsə, 8-ci maddə çərçivəsində qorunmalıdır.

Bəli, Maksla görüşməmək, onun həsrəti mənə psixoloji təsir edir, səhhətimə ciddi problemlər yaradır. Həbs olunduğum günə qədər təzyiqim 70/110 olub, 120-yə qalxanda başağrısı verib. İndi qan təzyiqim 160-a qalxır, dərmanlar belə endirmir. Mən ancaq Maks üçün ağlayıram, Maks üçün darıxıram. Maks həyatımın mənasına çevrilib və mənəvi işgəncə çəkirəm.
İstərdim ki, bizim həbsimizə qarşı çıxan beynəlxalq və yerli hüquq müdafiəçiləri, heyvansevərlər, insansevərlər bu faktı da diqqətə alsınlar. Mənim yeganə ailə üzvümlə görüşmək haqqım tanınmalıdır!”.

Ana səhifəHəbsxanadan məktublarMənim mənəvi işgəncəm