Gürcüstanda yaşayan azərbaycanlılar təhsillə bağlı problemlərindən danışırlar
Gürcüstanda yaşayan azərbaycanlıların istər ana dilində, istərsə də dövlət dilində təhsillə bağlı problemləri illərdir davam edir. İctimai fəallar bu məsələni mütəmadi olaraq gündəmə gətirsələr də, ciddi nəticələr əldə olunmayıb. Əsasən Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların məktəb infrastrukturu, təhsilə əlçatanlıq və uşaq bağçası problemləri Gürcüstan müstəqillik əldə etdikdən sonra hələ də həllini tapmayıb. Bu kimi problemlər bir çox hallarda əhalinin öz doğma yurdunu tərk etməsi ilə də nəticələnir.
Mütəmadi olaraq Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini gündəmə gətirən ictimai fəal və hüquq müdafiəçisi Samirə Bayramova bildirir ki, təhsil sahəsində ixtisaslaşmış ekspertlərin azlığı səbəbindən bu mövzu daim aktuallaşdırılır:
“Gürcüstanda yaşayan azərbaycanlıların kifayət qədər ictimai-siyasi problemləri var. Bunlara təhsil məsələləri də daxildir. Bunun əsas səbəblərindən biri odur ki, Gürcüstan azərbaycanlıları arasında kifayət qədər ixtisaslaşmış mütəxəssislər yoxdur. Bu isə prosesləri çətinləşdirir. Məsələn, müəyyən dövlət strukturlarında, təhsil resurs mərkəzlərində ekspert çatışmazlığı var. Azərbaycanlıların təhsil məsələləri ilə bağlı ekspert qruplarında əsasən gürcülər təmsil olunur.
Gürcüstanda yaşayan etnik azlıqlar ana dillərində təhsil aldıqları üçün müəyyən anlaşılmazlıqların yaranması mümkündür. Bizim zərurətlərimiz bəzən yetərincə başa düşülmür. Bu problemlərdən irəli gələrək, baxmayaraq ki, ictimai-siyasi sferada fəaliyyət göstərən şəxslərin əksəriyyətinin təhsillə bağlı “background”u yoxdur, təhsil bizim kompleks problemimiz olduğu üçün fərdi və qrup halında müəyyən addımlar atmağa başladıq. Bunlardan biri də mən idim.

2019-cu ildə ilk dəfə olaraq 1+4 proqramı ilə bağlı addım atdım. 1+4 proqramı etnik azlıqların ali təhsil alması ilə bağlı demək olar ki, yeganə proqramdır. Amma bu proqramda da ciddi problemlər mövcuddur. Əsas problemlərdən biri odur ki, Gürcüstanda gürcü dilinin öyrənilməsi pulsuz olduğu halda, etnik azlıqlar üçün bu xidmət pulludur. Bu isə Gürcüstan Konstitusiyasına görə qeyri-qanunidir.
Digər məsələ ondan ibarətdir ki, bu proqram 2010-cu ildə pilot layihə kimi yaradılıb. Sonradan dəyişdirilməli və təkmilləşdirilməli idi. Proqram dövlət universitetlərində tətbiq olunur, lakin bəzi universitetlərdə keyfiyyətli şəkildə icra edilmir. Bir il gürcü dili kursu keçmələrinə baxmayaraq, tələbələr dili orta səviyyəyə belə çatdıra bilmirlər. Bu halda gürcü dilində ali təhsil almaq olduqca çətinləşir.
Bununla bağlı Gürcüstanın Təhsil Nazirliyinə və proqramın tətbiq olunduğu dövlət universitetlərinə dəfələrlə müraciət etmişəm. Görüşlərimiz olub. Sonrakı mərhələdə Gürcüstanın Elm və Təhsil Komitəsinin rəhbərliyi ilə də bir neçə dəfə bu məsələ ətrafında görüşlər keçirdik. Nəticədə müəyyən irəliləyiş əldə olundu və problemlər 2022–2026-cı illəri əhatə edən təhsil islahatına daxil edildi.
Bununla yanaşı, 1+4 proqramı ilə paralel olaraq Gürcüstanda xüsusi proqramlar mövcuddur. Bu proqramlar bütün Gürcüstan vətəndaşları üçün pulsuz olduğu halda, etnik azlıqlar üçün pullu idi. Bu, ciddi ayrı-seçkilikdir.
Gürcüstanda azərbaycanlılar və ermənilər ana dillərində təhsil alırlar. Lakin Azərbaycan dili və ədəbiyyatı üzrə ali təhsil fakültəsi olmadığı üçün məktəblərdə çalışan müəllimlər yaşlanıb, yeni kadrlar isə yoxdur. Yeni müəllimlər əsasən Azərbaycanda və Ermənistanda hazırlanır. Orada təhsil aldıqları üçün Gürcüstana qayıtdıqdan sonra gürcü dili problemi ortaya çıxır, imtahanlar verməli olurlar. Bu da kompleks problemlər yaradır.
Bu məsələ ilə bağlı müxtəlif strukturlarla görüşlərimiz oldu. Gürcüstanın dövlət universitetləri Azərbaycan dili və ədəbiyyatı, eləcə də erməni dili və ədəbiyyatı fakültələrinin açılmasında maraqlı idilər. Onlar bildirirdilər ki, bu prosesə hazırdırlar, lakin kadr çatışmazlığı var. Kadrlar Azərbaycan və Ermənistan tərəfindən hazırlanmalıdır.
Etnik azlıqlarla bağlı məsələlər Gürcüstanda paralel şəkildə aparıldığı üçün Azərbaycan və erməni icmaları üzrə dəyişikliklər eyni vaxtda baş verir. Bu səbəbdən Gürcüstanda fəaliyyət göstərən beynəlxalq insan hüquqları təşkilatlarına və təhsil strukturlarına da müraciətlər olundu. Onlar bu prosesə hazır olduqlarını bildirdilər, lakin hökumətin dəstəyi və Azərbaycan ilə Ermənistan hökumətlərinin iştirakı vacib idi.
Mən bu məqsədlə hər iki ölkənin səfirliklərinə müraciət etdim. Gürcüstan tərəfi öz hazırlığını bəyan etdi. Lakin qarşı tərəfin cavabı gözlənilirdi. 2022-ci ildə isə mən bu prosesi dayandırdım, çünki məsələ artıq səfirliklərin öhdəliyinə keçmişdi.
Hazırda 2026-cı ildəyik və təəssüf ki, bu istiqamətdə yekun nəticə yoxdur. Halbuki Gürcüstan universitetləri bu məsələdə maraqlı idilər və onların rəsmi cavab məktubları məndə mövcuddur. Qarşı tərəfin bu prosesi necə davam etdirdiyi barədə məlumatım yoxdur.
İndi Gürcüstanda yenidən təhsil islahatları aparılır və ali təhsilin pulsuz olacağı bildirilir. Lakin etnik azlıqların bu güzəştlərdən nə dərəcədə faydalanacağı bəlli deyil. Çünki əvvəlki proqramlarda da nəzərdə tutulsa da, faktiki olaraq etnik azlıqlara şamil edilmirdi”.
“Riyaziyyat dərsliyində bəzi çalışmalar ümumiyyətlə tərcümə edilməyib və rus dilində verilib”
“Maarif” təşkilatının direktoru Aygül İsayeva da Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini tez-tez gündəmə gətirir. Əsasən Gürcüstanda nəşr olunan Azərbaycan dilində kitablardakı səhvləri monitorinq etməklə yanaşı, Azərbaycan dili ədəbiyyat fakültəsinin açılması üçün də səylər göstərir.
Azərbaycan dilində dəsrliklərin pis olmasının səbəblərini 2005-ci ildən Azərbaycandan kitabların gətirilməsinin dayandırılması ilə əlaqələndirir.
“Təkcə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri Azərbaycandan göndərilir, yerdə qalan dərsliklər isə gürcü dilindən Azərbaycan dilinə tərcümə edilir.

Dəsrliklərdəki səhvlər tərcümə işinin düzgün təşkil edilməməsi və preşəkar kadrların olmaması ilə bağlıdır. Dərslikləri tərcümə edən şəxslərlə danışarkən məlum olmuşdur ki, bəzən 300 səhifəlik dərsliklərin tərcüməsinə cəmi 1 ay vaxt verilir. Bir ay ərzində tərcüməçi (bu iş əksər hallarda fənn müəllimlərinə həvalə edilir) həm tərcümə, həm də redaktə etmək məcburiyyətində olurdu. Təbii ki, qısa zaman müddətində keyfiyyətli iş ortaya çıxartmaq çətindir. Dərliklərin tərcüməsi üçün ekspert qrupu yaradılmalıdır. Ekspert qrupunda fənn üzrə mütəxəssis, tərcüməçi, korrektor, ana dili üzrə mütəxəssis təmsil olunmalıdır.
Dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları ciddi şəkildə pozulur, leksik, qrammatik və fonetik səhvlərə tez-tez rast gəlinir. Riyaziyyat dərsliyində bəzi çalışmalar ümumiyyətlə tərcümə edilməyib və rus dilində verilib. İncəsənət dərsliyi üçün nəzərdə tutulan metodik vəsait baş-ayaq çap edilib. Bu il məktəblərə paylanılan 7-ci sinif “Tarix” dərsliyinin bir hissəsi olan “Şagird kitabı”nın üz vərəqi erməni dilində, içi isə Azərbaycan dilində verilmişdi. Yeri gəlmişkən, bu məsələni ictimailəşdirdikdən sonra təhsil naziri Qivi Mikanadze tərəfindən dərhal reaksiya oldu. Təhsil resurs mərkəzlərinə və bütün azərbaycandilli məktəblərə həmin dərsliyin dərhal yığışdırılması ilə bağlı göstəriş verildi və çox qısa zamanda problem həll edildi.
Gürcüstanda ibtidai siniflərdə (1-6-cı siniflər) ikidilli təhsil sistemi tətbiq olunur. 2006-ci ildən pilot layihə kimi tətbiq edilməyə başlayıb. İkidilli təhsil sistemi üçün nəzərdə tutulan dərsliklərdə də çox ciddi problemlər mövcuddur. 19 il ərzində normal bir dərslik hazırlanmayıb. Dərsliklərdə kifayət qədər tərcümə səhvləri var. II, III və IV siniflər üçün nəzərdə tutulan Riyaziyyat dərsliyinin, eləcə də V və VI siniflər üçün nəzərdə tutulan “Bizim Gürcüstan” dərsliyinin müəllifləri göstərilməyib. Müəllif əvəzinə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin “Məktəbəqədər və Ümumitəhsilin İnkişafı Departamentinin ekspert qrupu” qeyd olunub. Dərsliklərdə müəllifin adının göstərilməməsi heç bir beynəlxalq qaydaya uyğun deyil və qeyri-etikdir. Həmçinin, ikidilli təhsil sistemi üçün hazırlanan bütün dərsliklərdə mənbələr göstərilməyib. Dərslik hazırlanarkən mənbəyə istinad mütləqdir; mənbənin qeyd edilməməsi plagiarizmdir. Təhsil Nazirliyinin “ekspertləri” belə sadə etik qaydaları bilməli idilər”.
Azərbaycan dili müəllimlərinin çatışmazlıqları gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı barədə isə Aygül İsayeva qeyd edir ki, bu, məktəblərdə şagirdlərin ana dilində keyfiyyətli təhsil alma hüququnu zəiflədir. Şagirdlərin oxu, yazı və ünsiyyət bacarıqları yetərincə formalaşmır, onların dil biliklərinin zəifləməsinə səbəb olur. A
“Gürcüstanda Azərbaycan dilinin vəziyyətini təhlil etdikdə bir sıra ciddi çatışmazlıqların olmasını müşahidə etmək olur:
– Orta məktəb təhsili olan 5 nəfər müəllim məktəblərdə Azərbaycan dilini tədris edir.
– 87 nəfər qeyri-ixtisas fənn müəllimləri Azərbaycan dilini tədris edir.
– Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri aşağıdır. 2022-ci ildə cəmi 239 müəllimdən yalnız 9 nəfər “baş müəllim” statusu alıb.
– Azərbaycan dili üzrə dərs saatları azaldılıb. Bir çox məktəblərdə Azərbaycan dili həftədə 1 saat tədris olunur, həftədə 2 saat isə Azərbaycan ədəbiyyatı fənninə ayrılır.
– 2025-ci ildə keçirilən “Azərbaycan dili üzrə I Regional Olimpiada”nın nəticələrinə əsasən, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 94 şagirdin ədədi ortası 37,77 bal təşkil edib.
– 2024-cü ildə Azərbaycan dili üzrə keçirilən testin nəticələrinə əsasən, 591 şagird 65 baldan aşağı, 18 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 609 şagirdin ədədi ortası 26 bal təşkil edib.
– PISA 2022 məlumatlarına əsasən, oxu məzmun xətti üzrə azərbaycandilli şagirdlərlə gürcüdilli şagirdlər arasında bal fərqi 80, azərbaycandilli şagirdlərlə rusdilli şagirdlər arasında isə 95 olub. Yəni azərbaycandilli şagirdlərin nəticələri gürcüdilli və rusdilli şagirdlərdən xeyli geri qalır.
– 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanırmır. 20 ildir ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” kafedrası bağlanıb.
– 20 ildir ki, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları pozulur və ciddi tərcümə problemləri müşahidə edilir.
Bütün bu faktlar ana dilinin tədrisində ciddi problemlərin olmasını göstərir.
Tbilisi Dövlət Universitetinin nəzdində illərdir “Ermənişünaslıq” ixtisası var, bu adda böyük kafedra da fəaliyyət göstərir. Bu ixtisası bitirənlər sərbəst şəkildə ermənidilli məktəblərdə “erməni dili və ədəbiyyatı” müəllimi olaraq da işləyə bilirlər. Bu ixtisası bitirən gənc kadrlar maneəsiz olaraq sertifikasiya imtahanlarında iştirak edib “baş müəllim” statusunu da ala bilirlər. Nəticədə, maaşları ikiqat artır (1500 – 1700 lari).
Azərbaycan dili üzrə isə Gürcüstanda heç bir ixtisas olmadığı üçün yeni kadrlar hazırlanmır. Gənclər “Qafqazşünaslıq” ixtisasını bitirib Azərbaycan dilindən sertifikasiya imtahanından lazımı baryeri keçsələr belə, onlara “baş müəllim” statusu verilmir. Nəticədə, bu müəllimlər statussuz müəllim olaraq aşağı maaşa (400 – 500 lari) işləmək məcburiyyətində qalırlar. Azərbaycan dili “Qafqazşünaslıq” ixtisasınının nəzdində seçmə fənn olaraq təklif edilir. Seçmə fənn o deməkdir ki, bu fənn məcburi deyil, Azərbaycan dilinin əvəzinə başqa Qafqaz xalqlarının dilini – abxaz, osetin və s. də seçə bilərsən. Amma sonda diploma ixtisasın adı “Qafqazşünaslıq” olaraq yazılır.
İki il əvvəl, 2023-cü ildə Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində Tbilisi Dövlət Universitetində (TSU) geniş tərkibdə görüş keçirildi. Görüş zamanı universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyada “Azərbaycanşünaslıq” istiqamətinin açılması məsələsi müzakirə olundu.
Aradan iki il keçdi və nazir yenidən Gürcüstana gəldi, yenidən eyni məkanda eyni adamlarla görüşdü. Amma bu dəfə mövzu “Azərbaycanşünaslıq” deyil, Tbilisi Dövlət Universitetində çoxdandır mövcud olan və fəaliyyət göstərən “Qafqazşünaslıq”dan oldu.
Məkan da var, kafedra üçün otaq da, resurs da. “Ermənişünaslıq” fəaliyyət göstərdiyinə görə “Azərbaycanşünaslığın” açılmasına əsas da mövcuddur. Bəs nə üçün illərdir Azərbaycanla Gürcüstan arasındakı danışıqlar bir nəticə vermir? Bu suala cavab tapa bilmirəm…
2022-ci ildə Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli Azərbaycana səfər etdi. Mixeil Çxenkeli Azərbaycanda çox yüksək səviyyədə görüşlər keçirdi, Azərbaycanın Prezidenti, Təhsil və Elm Naziri ilə görüşləri oldu. O cümlədən Bakı Dövlət Universitetində də görüşlər keçirdi. Bütün mətbuat orqanlarında Mixeil Çxenkelinin dilindən Tbilisi Dövlət Universitetinin nəzdində “Azərbaycanşünaslıq” ixtisasının olması ilə bağlı məlumatlar paylaşıldı. Mən tənqid edərək bildirdim ki, Tbilisi Dövlət Universitetinin nəzdində “Azərbaycanşünaslıq” ixtisası yoxdur, mövcud olan “Qafqazşünaslıq” ixtisasıdır. Bu tənqiddən sonra bəzi xəbər portalları səhvlərini düzəltdilər, ancaq hələ də bəzi mətbu orqanlarında bu səhv məlumat qalmaqdadır.
“Demə bizim ümumilli liderimiz də Azərbaycanda yaşayanların ümumilli lideri ilə eyni imiş”
Azərbaycandan kitabların gəlməsinin doğru olmadığını düşünənlər də var. Onlardan biri də Ayhan Həsənlidir. O, Azərbaycandan göndərilən kitablarda propaqanda hallarının olmasını şagirdlər üçün yaxşı örnək hesab etmir:
“İki dövlət var hansı ki, bunlar öz aralarında razılaşıblar ki, bu kitablar – Azərbaycan dili, ədəbiyyat kitabları Azərbaycandan daxil olmalıdır. Burada xalq heç bir rol oynamır. Etnik azərbaycanlılar prosesin heç bir yerində deyillər. Bir dövlət tələb edir, başqa bir dövlət də bunu verir. Yəni ən böyük problem elə burada başlayır ki, bizə qədər gəlib çıxan tədris olunmuş kitablar iki dövlətin filtrizasiyasından keçir və bizə artıq filtr olunmuş formada gəlib çatır kitablar. Bu, insanların mədəniyyətini formalaşdırmağa mane olur. Bizim bu kitablardan götürə biləcəyimiz hər şey sistemin əli ilə demək olar ki, artıq kontrol edilir. Burada artıq bir dövlət yox, iki dövlət rol oynayır. Azərbaycan verir, Gürcüstan qəbul edir. Gürcüstan bunu niyə qəbul edir? Çünki Gürcüstan üçün etnik azlıqların burada bərkiməyi və özünü Gürcüstan reallığında öz mədəniyyətini formalaşdırmağı problemdir. Ona görə biz faktiki olaraq bu vasitə ilə Azərbaycan mədəniyyətini Gürcüstanda formalaşdırmağa çalışırıqmış kimi reallıq alırıq.

Bundan əlavə, ən böyük problemlərdən biri də odur ki, sistemin funksionallığı konteksində, yəni dövlət öz vətəndaşlarını təmin etməli olduğu bir öhdəliyi başqa bir dövlətə verib. Fərqi yoxdur, bu, hansı dövlətdir. Bu, etnik ermənilər üçün də eynidir, etnik azərbaycanlılar üçün də eynidir. Yəni dövlət bizi ikinci dərəcəli vətəndaş kimi qəbul edir. Bizə lazımi əlçatanlığı yaratmır. Bu da öz-özlüyündə deməkdir ki, etnik azlıqlar üçün artıq dövlət resursları qeyri-bərabər şəkildə bölünür.
Mən bu dövlətdə oxuyuram, bu dövlətdə böyüyürəm, bu dövlətlə assosasiya olunmalıyam. Mən düşündüyüm zaman mənim prezidentim kimdir, dövlətim kimdir, himnim nədir, dövlət başçım kimdir və ya mən hansı sistemdə fəaliyyət göstərirəm, mövcudam – bu, artıq paradoks yaradır. Avtomatik olaraq ağlımıza bu sual gəlir ki, gürcüstanlıyam, Gürcüstanda yaşamışam, doğulmuşam, böyümüşəm. Azərbaycanlıyam, amma Azərbaycanla mütləq nəsə bağım olmalıdır. Yəni birbaşa o bağlılıq yaranır bizlə Azərbaycan arasında ki, mən əgər etnik azərbaycanlıyamsa, fərqi yoxdur harada doğulub böyümüşəm. Azərbaycan deyə bir dövlət var deyə, mütləq şəkildə Azərbaycanla bağlı bir bağım olmalıdır. Bu dolayı yolla təhsil sistemi vasitəsilə aşılanır gənclərə.
Sanki dövlətdən ayrı yaşayırıq. Bizim minimal ehtiyaclarımızı dövlət qarşılayır. Böyük ehtiyaclarımız üçün isə daim biz qışqırmalıyıq ki, dövlət bizə ordan nəsə pay versin. Ən önəmli məqamlardan biri də məhz odur ki, biz artıq özümüzü dövlətlə bağdaşdıra bilmirik. Bizim vətəndaş olaraq dövlətlə mənsubiyyət problemimiz yaradnr.
Kitabı açırsan və ilk qarşına çıxır Azərbaycan dövlətinin ümumilli lideri Heydər Əliyev. 5-ci, 6-cı, 7-ci sinif, 8, 9, 10, 11, 12 daim bu iki kitabda – Azərbaycan dili və ədəbiyyat kitabında qarşına bu reallıq çıxır. Səndə birbaşa düşüncə yaranır ki, mənim dövlət başçım Heydər Əliyevdimi. Heydər Əliyev deyilsə, mənim kitabımda bu şəxs nə axtarır. Ümumiyyətlə bu kitab burada niyə var.
Gürcüstan sistemi bir növ əlindən gələn hər şeyi edir ki, sən Azərbaycan dövləti ilə əlaqə qurasan. Bu səndə daxilən olmasa belə, bunu qurmağa çalışır. Bunu fərqli-fərqli formalarda edir, misal üçün, heç bir Novruz bayramı şənliyi Azərbaycan səfirliyinin iştirakı olmadan keçirilmir Marneulidə. Kitablar Azərbaycandan gəlir. Bir çox nümunə göstərə bilərik ki, bu öz-özlüyündə etnik azərbaycanlı kütləsinin mədəni avtonomiyasını zəiflədir. Sənin mədəni avtonomiyan formalaşmır. Sən artıq başqa dövlətlərin sənə göstərişi vasitəsilə mənsubiyyətini formalaşdırırsan. Sənin mənsubiyyətin sistemin insana göstərdiyi formada formalaşır. Öz-özlüyündə artıq səndə düşüncə tərzi formalaşır ki, bəlkə də mənim dövlətim Azərbaycandır, Gürcüstan yox. Mən hər hansı bir formada özümü burada tapmışam. Hansı ki, belə deyil. Tarixən də belə deyil, hüquqi olaraq da, siyasi olaraq da belə deyil. Heç bir formada belə deyil. Sən artıq bu suallara cavab tapa bilmədiyin vaxtı bunları sualsız qoyursan.
Reallıq bizi elə bir yerə aparıb çıxarır ki, sonda biz düşündüyümüz zaman deyirik ki, sən demə bizim ümumilli liderimiz də Heydər Əliyev imiş. Sonra davam edirik, həmin şəxsin doğum gününü, ölüm gününü qeyd eləməyə. Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edirik, hansı ki, bir şəxs qərar verib ki, bugünü həmrəylik günü kimi qeyd etməliyik və xalqdan soruşan olmayıb ki, belə bir günü qeyd etmək istəyirsinizmi və ya bunu 31 dekabr etmək istəyirsinizmi? Bir şəxs düşünüb və belə bir qərar verib ki, biz bu günü dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd etməliyik. Hamı düşmüşük həmin günün arxasına və davam edirik. Vətəndaşdan soruşan olmayıb ki, siz nə düşünürsünüz, bəlkə mən bunu 5 yanvar qeyd etmək istəyirəm. Təhsil sistemi də elədir. Bizdən soruşmur ki, sizin təhsil sisteminiz nə formada formalaşmalıdır.
Bir insanın, bir kütlənin mənsubiyyətini, mədəni avtonomiyasını yox etmək istəyirsənsə, onun ədəbiyyatını yox etməyin kifayətdir. Açırsan gürcü cəmiyyətindən heç kim burada yoxdur.
Sən artıq ədəbi kontekstdə formalaşdığın tamamilə təfəkkür, düşüncə Azərbaycanın təhsil sisteminin formalaşdırdığı sistemdir. Yəni heç bir gürcü ədəbiyyatına mənsub şəxs bu kitabda yoxdur. Şota Rustaveli yoxdur, eyni zamanda Gürcüstanın qurulmasında, ədəbiyyatının formalaşmasında xüsusi əhəmiyyət daşıyan heç bir şəxs bu kitabda yoxdur. Tamamilə sən Azərbaycan təfəkküründə böyüyən bir şəxs olursan. Biz bu gün təəccüblənməməliyik ki, sistem hansı ki, doğulduğumuz gündən onu göstərir ki, sən bu suala cavab axtarmalısan və bu sualın cavabı sistem bizə şüuraltı kodlaşdırır və axırda gedib tapırıq ki, sən demə bizim ümumilli liderimiz də Azərbaycan xalqının, hansı ki, Azərbaycanda yaşayır onların ümumilli lideri ilə eyni imiş. Sən heç vaxt o gənclərdə günah axtarmamalısan ki, sən niyə gedib bu nəticəyə çıxdın. Bu gün o formada düşünməyən gənclərə sistem təhlükə kimi baxır. Eyni zamanda onların kontrolu altından çıxmış bir kütlə kimi baxır. Hər iki dövlət. Yəni necə sən deyə bilərsən ki, kitabların Azərbaycandan gəlməsi problemdir. Səni düşmən kimi qələmə verirlər, sən niyə bunu dedin deyə. Başa düşmürlər ki, sənin dövlətlə problemin yoxdur. Nə Azərbaycan dövləti ilə, nə Gürcüstan dövləti ilə problemin yoxdur. Problem aparılan siyasətdir, hansı ki, mənim mədəni mənsubiyyətimi, mədəni avtonomiyamı, kimliyimi formalaşdırmağıma mane olur. Ən önəmlisi məni başqa kimlikdə formalaşdırır. Mənə şüuraltı olaraq göstəriş verir ki, mənim kimliyim necə formalaşmalıdır. Mənsubiyyətim hansı dövlətə formalaşmalıdır. Necə formalaşmalıdır, onu konkret vasitələrlə mənə göstərir. Gürcüstan dövləti tamamilə öz öhdəliyini verib başqa bir dövlətə.
Bunun yeganə yolu sistemi dəyişməkdir. Daim ona görə deyirəm ki, şəxslərin, fiqurların dəyişməsi heç nəyi dəyişmir, sistem və onun təməli dəyişməsə. Sistemli dəyişikliklər daim önəmlidir, nəinki fiqurların dəyişməsi. Oturmuş bir sistem varsa və sən bu sistemi davam etdirirsənsə, orada A adammı olacaq, B adammı. Onun heç bir əhəmiyyəti yoxdur. Çünki aparılan siyasət hansı ki, sənin günlük həyatına təsir edir, o dəyişmir”.