Mənfəəti 3,7 milyon manata çatan Dənizkənarı Bulvar İdarəsi Prezidentin İşlər İdarəsinə verildi

Foto: trabantos/shutterstock

Dənizkənarı Bulvar İdarəsi bundan sonra ayrıca publik hüquqi şəxs kimi fəaliyyət göstərməyəcək. Prezident İlham Əliyevin imzaladığı fərmanla qurum Qapalı Səhmdar Cəmiyyətinə çevrilir və Prezidentin İşlər İdarəsinin idarəçiliyinə verilir.

İdarənin bütün aktivləri – Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, həmin ərazilərə nəzarət, onların idarə olunması və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir.

Yeni yaradılan cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini Prezident, Nazirlər Kabineti və Müşahidə Şurası həyata keçirəcək.

Dövlət başçısının səlahiyyətlərinə qurumun yenidən təşkili və ləğvi, habelə Müşahidə Şurasının və İdarə Heyətinin rəhbərliyinin vəzifəyə təyini və vəzifədən azad edilməsi daxildir.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin 2025-ci il maliyyə hesabatına əsasən, qurumun aktivləri 206,3 milyon manat təşkil edib. Bu, əvvəlki dövrlə müqayisədə 4 faiz azdır.

Azalma əsasən uzunmüddətli aktivlər üzrə qeydə alınıb. Belə ki, 12,8 milyon manat məbləğində uzunmüddətli debitor borclarının sıfırlanması ümumi aktivlərin həcminə təsir göstərib.

Bununla yanaşı, idarənin xalis mənfəəti əvvəlki dövrlə müqayisədə 15,4 faiz artaraq 3,7 milyon manat olub.

Dənizkənarı Bulvar İdarəsinin əsas əməliyyat gəlirləri 7,8 milyon manat təşkil edib. Ötən illə müqayisədə qurumun obyektlərin icarəsindən, karusellərdən, bilet satışından və digər xidmətlərdən əldə etdiyi gəlirlər 36,4 faiz artıb.

İdarənin fəaliyyət xərcləri isə 2025-ci ildə 24,1 milyon manat olub. Bakı Bulvarının kommersiya gəlirləri artsa da, bu gəlirlər xərcləri müstəqil şəkildə qarşılamağa yetərli olmayıb. İdarənin gəlirlərinin əsas hissəsi dövlət maliyyəsinin üzərinə düşüb. Belə ki, hesabatın gəlirlər bölməsindən məlum olur ki, “sair əməliyyat gəlirləri” 20 milyon manat olub. Bunun 18 milyon manatı birbaşa dövlət büdcəsindən subsidiya şəklində ödənilib. Əvvəlki dövrlə müqayisədə dövlət büdcəsindən maliyyə dəstəyi 26 faiz artıb.

Beləliklə, digər gəlirlərdən daxilolmalar 5,5 min manat olmaqla, ümumi gəlirlər 27,9 milyon manat təşkil edib.

İşçi heyətinin saxlanılması üzrə xərclər 16,2 milyon manat olub. 2024-cü illə müqayisədə işçilərə ayrılan xərclər 15,4 faiz artıb.

Bulvar İdarəsi dövlət büdcəsinə 26,5 min manat mənfəət vergisi ödəyib.

Bundan başqa, Bulvar İdarəsi ümumi öhdəliklərini 2024-cü illə müqayisədə 50 faiz azaltmağa müvəffəq olub. Hesabata görə, ötən il qurumun ümumi öhdəlikləri 12 milyon manat təşkil edib ki, bunun da 10,2 milyon manatı qısamüddətli kreditor borclarının payına düşüb.

Ana səhifəXəbərlərMənfəəti 3,7 milyon manata çatan Dənizkənarı Bulvar İdarəsi Prezidentin İşlər İdarəsinə verildi