“Mənə verilən cəza xalqıma və ana dilimə çıxarılan ölüm hökmünün bir hissəsidir”

İqbal Əbilov

İllüstrasiya: Meydan TV

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 12 saylı Cəzaçəkmə Müəssisəsindən yazır:

21 fevral – Beynəlxalq ana dili günü – mənim üçün kədərli gündür. Çünki bu gün mənə bir daha xatırladır ki, mənim ana dilim – talış dili – yox olmaq həddindədir. Bu gün mənə xatırladır ki, ana dilimdən istifadə imkanları məhduddur: ictimai həyatın sahələrində onun işlədilməsi qorxu ilə müşayiət olunur və yalnız icazə ilə mümkündür.

Həbsdən sonra bu məhdudiyyətlər mənim üçün daha da artdı: məsələn, DTХ təcridxanasında və 1 nömrəli Bakı istintaq təcridxanasında valideynlərimlə telefonla talış dilində danışmağım qadağan olunmuşdu. Amma məhz DTX təcridxanasında mən məhbus yoldaşlarıma talış dilini öyrədirdim. Çünki mövcud şəraitdə azadlıq – harada olursan ol, ana dilində danışmaq, onu öyrətmək, qorumaq, yazmaq deməkdir.

Ana dili günü – bir gün deyil, hər gündür. Ana dilinin yeri yalnız ev deyil; küçə, məktəb, universitet, elmi konfrans, həbsxana – hər yerdir.

Hər bir dil insanların ünsiyyət vasitəsidir. Mən uşaqlıqdan çox dil, çox mədəniyyət bilmək, hətta onları “özümünkü” qəbul etmək istəmişəm. İndi talış, azərbaycan türkçəsi, belarus, rus və digər dilləri “özümünkü” sayıram. Rus, fransız, Amerika, ingilis, yapon, Latın Amerikası ədəbiyyatlarını isə şəxsiyyətimin və düşüncəmin bir hissəsi hesab edirəm. Amma bizim kimi bəzi cəmiyyətlərdə dil üstünlük və hökmranlıq simvoluna çevrilir: yalnız bir dil hər yerdə və bütün sahələrdə işlədilə bilər, digərləri isə görünən və görünməyən məhdudiyyətlərin təsiri altında yavaş-yavaş yox olmalıdır. Mənə verilən 18 illik həbs cəzası həmin qüvvələrin xalqıma və ana dilimə çıxardığı ölüm hökmünün bir hissəsidir. Amma necə ki, hər bir insanın bərabərlik şəraitində ləyaqətlə yaşamaq hüququ var, eləcə də hər bir dilin ləyaqətlə yaşamaq və inkişaf etmək hüququ var. Əgər bu gün olmasa da, bir gün talış dili bu hüququ qazanacaq.

Ana səhifəXəbərlər“Mənə verilən cəza xalqıma və ana dilimə çıxarılan ölüm hökmünün bir hissəsidir”