Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

Tofiq Yaqublu – Foto: Facebook şəxsi arxivindən

36 gündür aclıq edən Yaqublunun məhkəmə zalına beş nəfərin köməyi ilə gətirildiyi bildirilir

Bu gün, mayın 6-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsində proses keçirilib.

İlkin baxış iclasında Tofiq Yaqublu da iştirak edib.

36 gündür aclıq edən Yaqublunun məhkəmə zalına beş nəfərin köməyi ilə gətirildiyi bildirilir.

Ayaq üstə dayana bilməyən, başı və bədəni əsən Yaqublu məhkəmə zalında “Siz mənim ürəyimsiniz” yazılan vərəqi qaldırıb.

Hakim Zamin İbrahimov Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası 20 may 15:00-a təyin olunub.

Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, məhkəmə önünə toplaşan insanlar polis tərəfindən zorakılılqla oradan uzaqlaşdırılıblar.

Yaqublunun qızı Nigar Həzi məhkəmə binasının önünə gələn jurnalistlərə deyib ki, hakim Zamin İbrahimovun qərarı anti-humanistdir:

“Hakim gözləri ilə gördü ki, Tofiq Yaqublu məhkəmə zalında hansı vəziyyətdə oturub, hətta danışmağa halı yox idi. Tofiq Yaqublu optimistliyini itirməyib. Məhkəmə zalına gələn insanlara kağızda yazıb ki, siz mənim ürəyimsiniz. O, bilir ki, cəmiyyətin ona necə dəstəyi var. Bu gün polis qoşununun gəlməsi göstərir ki, onlar Tofiq Yaqubluya olan dəstəkdən narahatdır. Xalqın ona olan sevgisindən çox narahatdırlar. Tofiq Yaqublu həqiqətən də cinayətkardırsa, niyə belə narahat olurdunuz? Niyə bura bu qədər polis tökmüsünüz? Niyə qoymursunuz, insanlar orada toplaşsınlar? İlham Əliyev Tofiq Yaqublunu öldürmək qərarı verdi. Növbəti məhkəmə 20 may saat 15:00-a təyin edildi. O müddətə isə Tofiq Yaqublu həyatda olmayacaq!”

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Ana səhifəSiyasətMəhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb