Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb
Bu gün, mayın 12-də “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Fevralın 26-da Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.
Həmin gün axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”-ün ofisində axtarış aparılıb.
Daha sonra o, Cinayət Məcəlləsinin 188.2 maddəsilə həbs olunsa da, bir ay sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham irəli sürülüb.
Hətta “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunmuşdu.
İstintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək, yalnız torpaq məsələsilə bağlı ittihamla məhkəməyə göndərildi.
Kanalın əməkdaşı Şamo Eminov isə azadlığa buraxılıb.
Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.
“Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyəti ilə əlaqələndirdiyini bildirib.
O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.
Son 2 ildə Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.