Məhkəmə həbsdə olan jurnalistin nikaha girməsinə yenə də icazə verməyib

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Bakı Apellyasiya Məhkəməsi noyabrın 5-də “MeydanTV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın nikaha girməsinə məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxıb.

Jurnalistin nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli məlumat yayıb ki, məhkəmə cütlüyün şikayətini təmin etməyib və Xətai rayon Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Kamran Məmmədli əlavə edib ki, gələn həftə onlar yenidən Xətai rayon Məhkəməsinə müraciət edərək nikaha qoyulan qadağa ilə bağlı yeni iş başladacaqlar.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Hazırda bu iş üzrə həbs olunanlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.

Aytac Tapdığın 2025-ci ilin yanvarında nikaha daxil olmaq məqsədilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə etdiyi müraciət rədd olunub.

Bundan sonra iş məhkəməyə gedib. Xətai Rayon məhkəməsi əleyhinə qərar çıxarıb.

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə geri qaytarıb.

Aytac Tapdıq heyvan haqları fəalı Kamran Məmmədli ilə nikaha girmək istəyir.

Kamran Məmmədli 2024-cü il noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransında təkadamlıq etiraz aksiyası keçirdiyi zaman mühafizə xidməti tərəfindən saxlanılaraq, polislərə təhvil verilib. Hazırda fəalın ölkədən çıxış qadağası var. Bunu Kamran Məmmədli dekabrın 2-də Tbilisiyə yollanmaq üçün hava limanına gələrkən öyrənib.

Ana səhifəSiyasətMəhkəmə həbsdə olan jurnalistin nikaha girməsinə yenə də icazə verməyib