Əvəz Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək

Əvəz Zeynallı. Foto: Meydan TV

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işi tibbi şəhadətləndirilməyə göndərib

Bu gün Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə baxılıb.

Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.

Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xəstəliyi ilə əlaqədar ətraflı müayinəsi aparılıb, xərçəng diaqnozu təsdiqini tapıb.

Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və bu gün qərar verilməsini xahiş edib.

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Əvəz Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunur. Lakin jurnalist özünü təqsirli bilmir.

2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və həbs müddəti 2 ay azaldılıb.

2025-ci il aprelin 14-də Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Facebook” profilində Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduğunu yazıb.

Ana səhifəSiyasətƏvəz Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək