Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan inanclı şəxs, adı hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında yer alan Mircəfər Hüseynzadənin məhkəməyə müraciət edilməsinə maneə yaradıldığı deyilir.
Bu barədə məhbusun ailəsi Meydan TV-yə məlumat verib.
Ailənin sözlərinə görə vəkil Hüseynzadəyə bildirib ki, cəzasının üçdə iki hissəsini başa vurduğundan və himayəsində 5 azyaşlı uşaq olduğundan məhkəməyə müraciət edərək qalan cəzadan azad ola və ya ev dustaqlığına buraxıla bilər. Bu məqsədlə ərizə hazırlayan Mircəfər Hüseynzadənin məhkəməyə müraciət etməsinə imkan verilməyib.
“Vəkil bizə bildirdi ki, 2 il tamam olandan sonra 5 uşağı olduğuna görə və özü də xəstə olduğundan azadlığa çıxa bilər. Martın 19-da Xəzər Rayon Məhkəməsinə təqdim etmək ərizəni yoldaşıma gətirəndə Nəsimi və Maşallah adlı həbsxana işçiləri ərizəni əlimdən aldılar. Mənə dedilər ki, martın 31-də ərizəni imzalamaq üçün Mircəfərə verəcəklər. Amma Nəsimi adlı şəxs hələ də ərizəni yoldaşıma verməyib”, – deyə həyat yoldaşı Xədicə Hüseynzadə bildirib.
Ailə deyir ki, cəzacəkmə müəssisəsində onlara deyilib ki, “bizə yuxarıdan əmr gəlib buna görə də ərizəni verməyəcəyik”. Xədicə Hüseynzadə həmçinin qeyd edir ki, aprelin 8-də yoldaşı ona zəng edərək cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərin olduğunu bildirib. Mircəfər Hüseynzadə yoldaşı ilə söhbətində vurğulayıb ki, onu İrana cəsusluqda və konstitusiya quruluşunun zorla dəyişdirilməsində ittiham edirlər.
Məhbus səhhətinin pisləşdiyini, artıq yeriməkdə və nəfəs almaqda çətinlik çəkdiyini də qeyd edib. O, həbsxanadan dərman ala bilmədiyini, bunun üçün ondan pul tələb edildiyini də deyib.
Mircəfər Hüseynzadə bu ilin martın 12-də saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalmışdı. Rəis müavini Emin Vəliyev onu 2 saata yaxın çöldə dəmir barmaqlıqlara bağlayıb. Zorakılıq halı sonrakı günlərdə də davam edib.
Mircəfər Hüseynzadə 2024-cü il martın 17- də həbs olunub. Gəncə məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, o, külli miqdarda narkotik vasitə saxlamaqda, satmaqda ittiham olunur.