Məzahir Pənahovun oğlunun həyat yoldaşına şiddət göstərdiyi bildirilir

Zorakılığın Pənahovun Los-Ancelesdə Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon 35 min 400 dollara aldığı villada baş verdiyi deyilir

Məzahir Pənahovun oğlunun həyat yoldaşına şiddət göstərdiyi bildirilir

Bu barədə məlumatı haqqın.az yayıb.

Nəşrin yazdığına görə, məişət zorakılığının qurbanı olan qadın onlarla əlaqə saxlayıb.

Zorakılığı törədən şəxsin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov olduğu məlum olub.  

Zorakılığın ABŞ ərazisində törədildiyi və şiddətə məruz qalan qadının Azərbaycana qaçaraq həyatını xilas etdiyi deyilir.

Məlumatda deyilir ki, 38 yaşlı H.P. (ad göstərilməyib- red.) Məhəmməd Pənahovla  2022-ci ildə iyunun 28-də Bakıda ailə həyatı qurub. Yeni evlilər yaşamaq üçün ABŞ-yə, Los-Ancelesə köçüblər. İşsiz olan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Air bölgəsində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub. Ata yeni evlilər üçün bütün imkanları yaradıb. Gənc cütlüyün maddi çətinlikləri olmayıb. Evli cütlük Britaniya banklarında – Halifax, Natwest, həmçinin Dubay banklarında, hətta Amerika banklarındakı hesablarından bahalı Kaliforniyada milyonlarla pul xərcləyiblər. Övladının rahat yaşaması üçün bu hesablar varlı ata- Məzahir Pənahov tərəfindən doldurulub.

Sonradan Məhəmməd Pənahov pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə başlayıb. Nəşr yazır ki, M.Pənahov bir dəfəyə 26 butulka pivəni boşalda bilirmiş. Sonra isə boşaltdığı şüşələri hamilə olan həyat yoldaşına atırmış. Bu hadisələrdən birində qadın övladını itirib.

Zorakılığa məruz qalan qadın 17 aylıq evlilikdən sonra Kaliforniyadakı villasından qaçmaq qərarına gəlib. Çarəsiz qalan H.P-yə valideynləri və yaxınları dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.

Ancaq Bakıya gəldikdən sonra da rahatlıq tapa bilməyib. Məhəmməd Pənahov ona hədə-qorxu gəlməkdə davam edib, hər gün zəng vurub və onu öldürəcəyi ilə hədələyib.

Qadın boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib. Ancaq bir ildən çoxdur ki, məişət zorakılığının qurbanı, fiziki zorakılıq nəticəsində övladını itirən qadın boşana bilmir.

Nəşrin yazdığına görə, Məhəmməd Pənahov təkcə həyat yoldaşını deyil, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələyərək boşanma prosesinə son qoyulmasını tələb edir. Pənahovlar tələb edir ki, H.P. ABŞ-yə ərinin yanına qayıtsın.

Qadın indi Azərbaycanın dövlət qurumlarından nicat umur. O,  Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Ombudsmana müraciət edib.

Onun hazırda qadın sığınacağına yerləşdirildiyi bildirilir.

Məsələ ilə bağlı MSK sədri, onun oğlu və ya aidiyyatı qurumlar hələlik açıqlama verməyiblər.

Məzahir Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasına sədrlik edir.

Ana səhifəSosialMəzahir Pənahovun oğlunun həyat yoldaşına şiddət göstərdiyi bildirilir