Lukaşenko: “Sərhədlərimizə addım atsalar, nüvədən istifadə edərik”

Aleksandr Lukaşenko. Foto: MeydanTV

Belarus lideri ölkəsinin nüvə başlıqlarına sahib olduğunu deyir

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin, həqiqətən də, nüvə silahına malik olduğunu təsdiqlədiyi bidirilir. “Belta” yazır ki, o, Rusiyanın “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən bu barədə danışıb.

“Mən bura başlıqları gətirmişəm. Bir deyil, onlarladır. Çoxları yazır ki, bu, zarafatdır, heç nə gətirməyib. Amma gətirilib. Deməli, bunun zarafat olduğunu deyənlərin isə diqqətindən yayınıb. Nüvə silahından istifadə etmək böyük məsuliyyətdir. Ən azından, Xirosima və Naqasakidən sonra hələ də heç kim nüvə silahı düyməsini sıxmayıb. Amma mən bütün düşmənlərimə, “dostlarıma” və rəqiblərimə xəbərdarlıq etdim: dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal olacaq. Mən bunun nüvə silahı və ya başqa bir şey olduğuna baxmayacağam”, – Belarus Prezidenti deyib.

Sovetlər birliyi dağılandan sonra Belarus nüvə silahının yerləşdirilməsindən imtina edib.

1993-cü ildə nüvə silahı olmayan dövlət kimi “Nüvə Silahlarının Yayılmaması haqqında” Müqaviləyə qoşulub. 1996-cı ilin noyabrına qədər bütün nüvə silahları Belarus ərazisindən çıxarılıb.

2022-ci ilin avqustunda Minsk BMT-də nüvəsiz statusunu təsdiqləyib. 2023-cü ildən Rusiyanın taktiki nüvə silahları Belarusda yerləşdirilib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu qərar Aleksandr Lukaşenkonun xahişindən sonra edilib.

Ana səhifəDünyaLukaşenko: “Sərhədlərimizə addım atsalar, nüvədən istifadə edərik”