Təyyarədən daha 4 Rusiya vətəndaşı da “yox olub”
Fotoqraf Roma Protaseviç 25 yaşında Lukaşenko “rejiminin düşməni”nə çevrilib, 26 yaşında isə onu hərbi aviasiyanın köməyi ilə saxlayıblar.
NEXTA-nın eks baş redaktorunun aqibəti necə olacaq?
Mayın 23-də günorta Belarus hökuməti Roman Protaseviçi – belorusların Aleksandr Lukaşenkoya qarşı keçirdikləri ən irimiqyaslı etiraz günlərində NEXTA teleqram-kanalını aparan müxalif jurnalisti saxlayıb. Protaseviçi tutmaq üçün jurnalistin uçduğu təyyarəni yalan minalanma xəbəri ilə təcili şəkildə Minsk hava limanına endiriblər. “Ryanair” aviaşirkətinə məxsus bu təyyarə Afina-Vilnüs reysini gerçəkləşdirirdi. Prezidentin mətbuat xidmətinin verdiyi xəbərə görə, Lukaşenkonun şəxsən verdiyi əmr əsasında göyərtəsində 25 yaşlı müxalifətçinin yerləşdiyi vətəndaş laynerinin yerə endirilməsi üçün havaya MİQ-29 qırıcı təyyarəsi qaldırılıb. Protaseviçlə birgə sevgilisini də saxlayıblar, Vilnüsdə isə məlum olub ki, sərnişinlər arasında Rusiyanın dörd vətəndaşı yoxdur. Onların kimliyi və aqibəti naməlum olaraq qalır. Yeddi saatlıq baxışdan sonra “Ryanair” təyyarəsi Litvaya uçub və orda yerli polis iki istintaqa – təyyarənin ələ keçirilməsi və zorakı yerə enmə ilə bağlı istintaqa başlayıb.
“Novaya qazeta”
gənc fotoreportyor Roma Protaseviçin Belarusun etiraz hərəkatında necə aparıcı teleqram-kanallardan birinin baş redaktoru olduğunu, ordan niyə getdiyini və ölkədə ən səs-küylü siyasi işlərdən birinin fiqurantına necə çevrildiyini araşdırır.
Roman bazar günü, mayın 23-ü Afinaya uçan reysin qeydiyyatından keçmək üçün növbəyə durur və naməlum rusdilli kişinin onu izlədiyini sezir, hərçənd buna rəğmən uçmağa qərar verir.
“Vilnüsdə hava limanına enməli olan təyyarənin Minskdə yerə enəcəyini, şübhəsiz ki, heç kim ağlına gətirmirdi”, – “Avropa radiosu”nun baş redaktoru və Romanın keçmiş həmkarı Pavel Sverdlov deyir.
Sverdlovla Protaseviçin yolları “Belarus üçün Avropa radiosu”nda kəsişib – Roman NEXTA (“NEXTA” – belarus dilində “kimsə”) layihəsinin baş redaktoru olmazdan öncə orda fotoreportyor işləyib. “Onun yaxşı fotoqraf olduğunu söyləyə bilərəm, hərçənd təşkilati bacarığının olması, ondan yaxşı koordinator çıxa biləcəyi barədə eyni mülahizəni yürüdə bilmərəm. Etirazları aparmaq üçün xüsusi bacarıq, müəyyən əqli fərqlilik lazımdır. Romansa şəkil çəkməyi sevən mehriban və sakit adam, əla reportyordur”, – Sverdlov deyir. Onun söylədiyinə görə, Protaseviç ixtisarlar səbəbindən məcburən radiodan getməli olub, kollektivin özü ondan ayrılmaq istəmirdi. Protaseviç gələcək planlarını heç kəslə bölüşməyib. Sverdlov bir neçə aydan sonra təsadüfən öyrənib ki, keçmiş həmkarı Polşaya gedib, bir müddət sonra isə onun NEXTA-da redaktor olduğundan xəbər tutub.
NEXTA teleqram-kanalı 2020-ci ilin yayında Belarusda keçirilmiş prezident seçkilərində saxtalaşdırmaya yol verilməsi səbəbindən baş vermiş etirazlar zamanı 2 milyondan artıq abunə toplayıb və doqquz milyonluq ölkədə çox populyarlaşıb.
“Belarus hökuməti yəqin həmin vaxt teleqramda yayılmış məlumatı etirazların koordinasiyası sayır: etiraz edənlər filan yerə gedir, filan yerdə güc strukturlarının əməkdaşları var, filan yerdə küçəni kəsiblər. Etirazlar zamanı bu cür informasiyaya hər yerdə, bütün kanallarda rast gəlmək olardı. Hərçənd NEXTA ən böyüyü və ən oxunanı idi, bax elə bu səbəbdən də onun redaktorlarını etirazların koordinatorları hesab edib”, – Sverdlov düşünür.
Zamanla “NEXTA”nı etiraz edənlərin özü tənqid etməyə başlayıb – kanalın müəllifləri amansız repressiyalara rəğmən, rejim üzərində “qələbə”nin yaxınlaşdığı barədə təbliğatyönlü postlar paylaşır, bəzənsə hətta qərəzli, yoxlanılmamış və saxta məlumat dərc edirdilər. Məsələn, küçə toqquşmalarının ən qızğın vaxtında xəbər vermişdilər ki, guya Minskdəki etirazları Rusiyanın xüsusi təyinatlıları dağıdır. Sonralar layihənin digər yaradıcısı Stepan Putilo videonun dərcini həmin yazını göndərmiş istifadəçilərə lazım olandan artıq etibar duymaları ilə izah etmişdi. “Biz onu, sözsüz ki, yoxlamışdıq, amma yenə də etibar etmişdik. Biz öz izləyicilərimizə çox etibar edirik və düşünürdük ki, o, rus şevronunu görüb. Yeri gəlmişkən, prinsip etibarı ilə bəzi rakurslardan baxdıqda, onların gerçəkdən də rusiyalı xüsusi təyinatlılar olması qənatinə gəlmək olardı. Amma, təəssüf ki, belə deyilmiş”, – o, Yuri Dudyuya müsahibəsində deyib.
Bu dərclərdən az sonra, sentyabrın sonunda Protaseviç layihədən getdiyini açıqlayıb, lakin bu qərarının səbəbini heç vaxt təfərrüatı ilə söyləməyib. Artıq oktyabr ayında Minsk məhkəməsi NEXTA teleqram-kanalını və onun loqotipini ekstremist material kimi tanıyıb. Qərara görə, layihənin materiallarında ekstremizmin və kütləvi iğtişaşların əlamətləri var. Bu səbəbdən kanalın administratorları NEXTA adını HEXTA adı ilə əvəzləyib.
Belarus İstintaq Komitəsi noyabrın əvvəlində artıq Protaseviçlə Putilonu kütləvi iğtişaşların (BR CM-nin 293-cü maddəsi) təşkilində ittiham edib. İşə ictimai asayişi kobud şəkildə pozan qrup şəklində əməllərin (BR CM-nin 342-ci maddəsi) və peşə əlaməti ilə sosial düşmənçiliyin qaldırılması (BR CM-nin 130-cu maddəsinin 3-cü bəndi) epizodları əlavə edilib.
“Mən deyərdim ki, bu, indi bir çox müxalifətçinin yığılmasıdır, – “Vesna” hüquq müdafiəsi mərkəzinin rəhbərinin müavini Valentin Stefanoviç qeyd edir. – Guya onlar teleqram-kanallar vasitəsi ilə kütləfi iğtişaşlar düzənləyiblər”.
BR CM-nin 293-cü maddəsinin 1-ci bəndi üzrə maksimum sanksiya 15 il azadlıqdan məhrum etmə cəzasıdır. Bu, ağır cinayət sayılır. “Hazırda hakimiyyət 293-cü maddəni, amma əsas etibarı ilə ikinci hissəni tətbiq edir. Hərçənd bəzi hallarda birinciyə də əl atır, məsələn, bloger Sergey Tixanovskiyə, Svetlana Tixanovskayanın ərinə münasibətdə məhz bunu gerçəkləşdirir. Həmin bəndlə bir sıra digər müxalif siyasətçini, seçki kampaniyasının hələ lap başlanğıcında təcrid edilmiş şəxsləri də ittiham edirlər. Halbuki onlar fiziki olaraq heç bir şey təşkil edə və üstəlik orda iştirak edə bilməzdilər”, – Stefanoviç şərh verir.
İkinci maddə – 342-ci maddə – ictimai asayişi kobud şəkildə pozan qrup şəklində əməllərdir. Hüquq müdafiəçisi qeyd edir ki, həmin maddəni indinin özündə də Belarusda kütləvi şəkildə tətbiq edirlər.
Üçüncü ittiham 130-cu maddənin 3-cü bəndidir. “Son vaxtlar göründüyü kimi, sosial sosial düşmənçilik dedikdə ümumilikdə ya hakimiyyətə, ya milisə, ya da hər hansı başqa birisinə ünvanlanmış fikir nəzərdə tutulur, – Stefanoviç deyir. – Onları ayrı-ayrı sosial qrup kimi qiymətləndirməyə başlayıblar, hərçənd başlanğıcda bu maddə yəqin ki, onsuz da yüksək dəstəyə malik hakimiyyət nümayəndələrini deyil, zəif qrupları müdafiə etməli idi”.
Noyabrda Protaseviç və Putilonu terrorizmlə bilavasitə əlaqəsi olan şəxslərin siyahısına daxil ediblər.
Belarus Respublikasının CM-də terror cinayəti güllələnmə ilə icra olunan ölüm edamının təyin edilməsi üçün nəzərdə tutulmuş əsaslardan biridir.
Onunla yanaşı yalnız hərbi cinayətlər, soyqırım və kütləvi qətl gəlir. NEXTA da daxil olmaqla belarus müxalifətçiləri buna əsaslanaraq belə qənaətə gəliblər ki, Romanı saxlanıldıqdan sonra güllələnmə təhlükəsi gözləyir. Hərçənd bu da saxta çıxıb, belə ki, Protaseviçə qarşı terrorizm ittihamı irəli sürülməyib.
“Terrorizm aktı iki maddədən ibarətdir. Bəli, ikinci maddədə gerçəkdən də güllələnmə və ya ömürlük həbs kimi müstəsna cəza tədbiri var, – Valentin Stefanoviç deyir. – Lakin baş vermiş olay mütləq insan qətli ilə bağlı olmalıdır. Hətta qəsd olsa belə, amma qətllə nəticələnməsə, cəza tədbiri kimi ölüm hökmü və ya ömürlük həbs tətbiq edilə bilməz”.
Sverdlov danışıb ki, Protaseviç NEXTA-dan gedəndən sonra Svetlana Tixanovskayanın komandasında fotoqraf kimi fəaliyyət göstərib. O, Tixanovskaya ilə bir zamanlar Afinada da olub. Sverdlovun fikrincə, hazırda Roman ölkənin etiraz hərəkatında əhəmiyyətli rol oynamır.
“Rejim bu cür maskarad düzənləməklə yetərincə ciddi səhvə yol verib. Bu, sadəcə ölkə daxilində hər hansı bir repressiya deyil. Hakimiyyətimiz həmin repressiyaları “Belarusun daxili işi” adlandırır. Bu hansısa mənada çərçivədən kənara çıxır”, – Valentin Stefanoviç deyir.