Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Başlıq: Rövşən Hacıbəyli

Luka Volonte və Vüqar Səfərli

Məqalə yeniləndi:  16 Yanvar 2021

Bizi birləşdirən dəyər...

“Prezidentə məktub” silsiləsindən

Cənab prezident! 2020 Pandemiya ili məktublarla zəngin olub, saytınızı ardıcıl izləyən fəal oxucu və layiqli vətəndaş kimi bunu dəqiq bilirəm, həm də saysız məktublar almısız. Pandemiyaya qarşı mübarizə aparmaq, uğurlu siyasət nəticəsində onun qarşısını almaq, əhalini bu bəladan qurtarmaq kimi bir missiyanı üzərinizə götürdüyünüzə görə ölkə əhalisi sizə minnətdarlıq edib. Düzdür, o məktubların stili, demək olar, eyni olduğundan çoxu komanda məhsulu sayır, ancaq indi bunu araşdırmırıq. Çünki 2020-ci ilin sonu da sizə ünvanlanan məktublarla zəngin olub. Qarabağ müharibəsi virusu arxa plana keçirib. Onu da vurğulayaq ki, apardığınız uğurlu siyasətə baxmayaraq, pandemiya Azərbaycanda da geniş yayılıb, koronavirus 2020-ci il ərzində 2641vətəndaşımızın həyatına son qoyub...

Qalan vətəndaşlarımızsa sizə məktub yazmaqda davab edib. Ancaq bu məktublar daha koronavirusla deyil, vətənlə, işğaldan qurtarılan torpaqlarla bağlı olub. 2020 sona çatsa da, həmin məktublar yenə də yazılır, təşəkkür və minnətdarlıqla yanaşı sizinlə bağlı təkliflər də (Milli Qəhrəman və s.) əsas mövzu olaraq qalır...

Mənimsə uzun müddət sizə məktub yazmamağımın səbəblərindən biri də vaxtınızın azlığını düşünməyimdir. Bəzi günlərdə sayta qoyulan məktub sayı yüzü keçib. O qədər məktubu oxumağa vaxt tapmaq olar?! Bunu bilsəm də, vaxtın da dayanmadığını, sürətlə keçdiyini görürük. Artıq 2021-ci ildir, gözləməyə vaxt yoxdur, üstəlik, MEDİA adlı yeni qurum yaratmağınız stimul verdi. O üzdən yazmaq qərarına gəldim. Ancaq məktubumda məqsəd başqadır, məşğul olduğum, olmaq istədiyim sahəylə bağlıdır. Bəh-bəhlə yaradılıb, mətbuatın anasını ağladıb, babat pullar mənimsəyib, uzun illər yazmağımıza baxmayaraq haqqında heç bir tədbir görülməyən, sorğularımıza belə cavab verməyən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduyla bağlıdır məktubum. O fond ki, bütün başqa sahələrdə olduğu kimi büdcə vəsaitini talayıb, sonda da heç nə olmamış sayaq altından çıxıb. 11 illik biabırçı fəaliyyətdən sonra siz də onun yaramaz qurum olduğunu qəbul edib eyni missiyayla həmin bazada başqa adla yenisini yaratmısız. Niyə? Bəs bu 11 ildə mənimsənilən, müxtəlif layihələr adıyla yeyilən büdcə pullarının hesabını kim sormalıdır?

Cənab prezident, hər il büdcə vəsaitindən əlavə siz də Prezidentin Ehtiyat Fondundan (o da büdcə pullarından formalaşır) o quruma müxtəlif adlarla pul ayırmısız.

Yada salaq. 2010-cu ildə qəzetlərə 1 milyon manat birdəfəlik yardım, jurnalistlərə mənzil tikintisi üçün 5 milyon manat ayrılıb. Bu 5 milyon manatı maraqlı edən bir məqam var, o vaxt da, elə sonralar da KİV DF-dən qidalanan mətbuat yazdı: “Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb”. 2013-cü ildə siz jurnalistlərə mənzil paylanması mərasimində iştirak etmisiz və... həmin il də “jurnalistlərin dostu” seçilmisiz. Yəni belə çıxır ki, o 1 milyonlar, 5 milyonlar olmasaydı, dostluq da olmayacaqdı. Nə isə, davam edək...

2013-cü ildə 5 milyon manat jurnalistlərin binasında tikintinin davam etdirilməsi üçün ayrılıb (22 iyul). Yeri gəlmişkən, 2013-cü ildə istifadəyə verilən 1-ci binaya 22 milyon manat xərclənib.

2014-cü ildə 3 milyon manat jurnalistlərin ikinci binasında tikintinin davam etdirilməsi üçün ayrılıb (30 dekabr).

2015-ci ildə jurnalistlərin binasında tikintinin davam etdirilməsi üçün daha 5 milyon manat ayrılıb (21 iyul).

2016-cı il 1 milyon manat qəzetlərə birdəfəlik yardım, 3 milyon manat isə jurnalistlərin binasının tikintisini davam etdirmək üçün ayrılıb (21 iyul).

2017-ci ildə 5 milyon manat bina tikintisinə, 1 milyon manat isə qəzetlərə birdəfəlik yardım üçün ayrılıb (19 iyul).

2018-ci ildə qəzetlərə birdəfəlik yardım üçün 1 milyon manat ayrılıb (16 iyul).

2019-cu ildə qəzetlərə birdəfəlik yardım üçün 1 milyon manat ayrılıb (22 iyul).

2020-ci ildə 300 min manat – Mətbuatın 145 illiyi ilə bağlı tədbirlərin təşkili üçün (22 iyul). Pandemiya dövründə, sərt karantin rejimində hansı tədbirlər təşkil olundu sualını vermirik, əvvəlkilərə baxanda bu dəfə ayrılan “xırda” məbləğ olub...

Hər il büdcədən ayrılan vəsaiti də, təkrarçılıq olsa da, bir daha yada salaq:

2009 – 1 mln. 304 min 160 manat

2010 – 2 mln. 19 min 943 manat

2011 – 2 mln. 406 min 464 manat

2012 – 3 mln. 870 min 608 manat

2013 – 3 mln 896 min 800 manat

2014 – 3 mln. 906 min 832 manat

2015 - 4 mln. 12 min 800 manat

2016 - 4 mln. 12 min 800 manat

2017 – 4 mln. 12 min 800 manat

2018 – 4 mln. 62 min 960 manat

2019 – 4 mln. 133 min 184 manat

2020 – 4 mln. 133 min 184 manat.

Cənab prezident, bəs siz niyə sərəncamla ayırdığınız pulun hesabatını tələb etməmisiz? Sizin Hesablama Palatası hara baxıb, büdcədən hər il ayrılan pullar bir yana, niyə sizin şəxsən sərəncamınızla ayrılan vəsaitin taleyi ilə maraqlanmayb? Niyə bu qurum ancaq adamlar vəzifədən gedəndən sonra onların cinayətindən xəbər tutur? Məsələn, ötən illərdə qəzetlərə birdəfəlik yardımla bağlı baş redaktorlardan birini təbrik edəndə, o, çox acı təəssüflə bildirdi ki, həmin məbləğə ancaq imzasını atıb.

Cənab prezident, KİVDF yaradılan vaxt normal tirajı olan qəzetlər vardı -gündəlik, günaşırı, həftəlik qəzetlər, çoxu sıradan çıxdı, qalanlar da “dövlət dəstəyi” sayəsində tirajını, populyarlığını, ən başlıcası, müstəqilliyini itirdi. Baxmayaraq ki, KİVDF həm də “kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək” missiyası ilə yaradılmışdı. Yeri gəlmişkən, bu iki qurumun yaradılması barədə fərmanlarda sizin imzanız var. Müqayisə üçün hər iki fərmandan sitata baxaq. Aradan 11 ildən artıq vaxt keçib. Qarşıya qoyulan məqsədlərsə eynidir, deməli, bu 11 ildə çəkilən xərc mənasız olub, mənimsəmələri kənara qoyuruq, yəni o konsepsiya və yardımlar nə mətbuatı inkişaf etdirib, nə müstəqilliyini qoruyub, nə jurnalistlərin peşəkarlığını artırıb. Yenidən eyni missiyayla təşkilat yaratmağa gərək varmı? Ümumiyyətlə, sizə təqdim olunan sənədləri komandanızdan kimsə oxuyurmu? Sizin vaxtınız yoxdur, burası aydındır, bəs o işə baxanlar büdcədən maaş alır axı. Orda kimsə görmədi və sizə demədi ki, yeni yaradılan qurumu köhnə nizamnaməylə islahat kimi qələmə veririk? Buyurun baxın, özünüz müqayisə edin:

1.Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir (03 aprel 2009).

2.Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir (12 yanvar 2021).

Düzdür, yeni qəbul olunan sənəddə bir fərq var, burada “kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək” bəndi yoxdur. Doğru seçimdir, köhnə sənədi yenisinə transfer edəndə bunu çıxarıblar, görünür, Nizamnamə işinə baxanlar arasında savadlı adamlar da az deyil, məntiq güclüdür; olmayan şeyi dəstəkləməzlər.

P.S.Yazı Vüqar Səfərlinin həbsindən bir gün qabaq yazılıb. Başımıza gələn məlum hadisədən sonra heç olmasa onun da adını başlığa çıxarmağı borc bildik.Tolerantlıq qanımızdadır. Luka Volonte son günlərin ən populyar adamı olduğundan haqqında əlavə nəsə yazmaq istəmədik.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 Yanvar 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/56wt94

Ən çox baxılan