Los-Angelesdə yaşayan azərbaycanlı sənətçi vəfat edib

Foto: Firəngiz Rəhimbəyovanın “Facebook” səhifəsindən

Firəngiz Rəhimbəyovanın ürək tutmasından öldüyü bildirilir

Azərbaycan müğənnisi və aktrisası Firəngiz Rəhimbəyova 62 yaşında vəfat edib.

Rejissor Namiq Şirəlibəyov APA-ya onun infarktdan öldüyünü söyləyib.

Firəngiz Rəhimbəyova 1960-cı il avqustun 6-da Ağdam rayonunun Şişpapaqlı kəndində doğulub.

1980-ci illərin sonlarında estrada ifaçısı kimi populyarlaşmağa başlayıb. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” mahnılarının ifaçısıdır.

Həmçinin o, “Gümüşgöl əfsanəsi” (1984), “Bəyin oğurlanması” (1985), “Bəxt üzüyü” (1991) “Bəxt üzüyü 2” (2017) filmlərinə çəkilib.

Rejissor Ramiz Əzizbəylinin 1991-ci ildə ekranlaşdırdığı “Bəxt üzüyü” bədii filmindəki Sevda obrazı Firəngiz Rəhimbəyovaya uğur gətirib.

O, 1993-cü ildən qızı Raisa ilə birgə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

İkinci dəfə amerikalı memar Raymond Antoni ilə ailə qurub. Onun Los-Ancelesdə rus restoranlarında ifa etdiyi, müğənni kimi buradakı azərbaycanlıların toylarına dəvət aldığı və həmçinin xırda bizneslə məşğul olduğu deyilir.

Ana səhifəMədəniyyətLos-Angelesdə yaşayan azərbaycanlı sənətçi vəfat edib