Keçmiş siyasi məhbus və Meydan TV direktoru Emin Milli “Daily Beast” internet qəzeti üçün məqalə yazıb. Meydan TV həmin məqalənin Azərbaycan dilinə tərcüməsini təqdim edir:
Beynəlxalq Olimpiya Hərəkatı, ilk növbədə, fundamental etik prinsiplərə hörmət bəslədiyini, ortaya yaxşı örnək qoymağa çalışdığını iddia edir.
Bəs onda Avropa Olimpiya Komitəsinin iyunun 12-də Bakıda başlayacaq ilk Avropa Oyunlarının ev sahibi – Azərbaycan Prezidenti İlham Əliyevə həmin prinsipləri kirayə verməsi necə bir örnəkdi?
“Yaxşı nümunə” olmağından söhbət gedə bilməz, bu addım fundamental etik prinsiplərə hörmətsizlikdən başqa bir şey deyil. Yunan rəssam Dimitris Papaioannou tərəfindən hazırlanmış möhtəşəm Avropa Oyunlarının açılış mərasiminin görüntülərini izləyəndə, unutmayın ki, Azərbaycanda ən fantastik tamaşa səkkiz jurnalist, beş hüquq müdafiəçisi də daxil olmaqla onlarla siyasi məhbusun saxta ittihamlarla məhkum edildiyi məhkəmə iclas zallarında baş verməkdədir.
Məsələn, hazırda vergidən yayınma, qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə kimi saxta ittihamlarla altı il yarım həbs cəzası çəkən hüquq müdafiəçisi Rəsul Cəfərovun işinə baxaq. Rəsul 2014-cü ilin avqustunda “İnsan Haqları Naminə İdman” Kampaniyasını elan edəndən sonra həbs olunub. Maraqlıdır ki, onun apellyasiya şikayəti üzrə məhkəmə əvvəlcə Avropa Oyunlarının açılış mərasimi gününə planlaşdırılmışdı, lakin bu yaxınlarda oyunlardan sonraya təxir salındı.
Əliyevin fantastik yanaşmasına görə Avropa Parlamentinin 2014-cü il Saxarov Fikir Azadlığı mükafatına namizəd olan Rəsul xüsusi bədəl ödəyir. Ona qarşı fantastik korrupsiya ittihamları məhz qlobal korrupsiya oyunlarının bir nömrəli ifaçısından gəlir.
“Transparency İnternational” Korrupsiyaya Qavrama İndeksində Azərbaycan şəffaflığa görə (100-dən (təmiz) 0-a (yüksək korrupsiya) qədər miqyasında) cəmi 29 xalla 175 ölkə arasında 126-cı yeri tutub.
Әliyev Azərbaycan hökumətinin dəhşətli insan hüquqları pozuntuları faktlarını yumşaltmaq üçün Avropa Oyunlarına xeyli pul xərcləyir, ən azı 6,5 milliard dollar. Həmçinin “Coca Cola” və “Proctor & Gamble” kimi beynəlxalq sponsorları cəlb edir.
Azərbaycanda ölkənin aparıcı müstəqil jurnalistləri və hüquq müdafiəçilərinə hücum edilir, etiraz aksiyalarının qarşısı alınır; digər tərəfdən isə rejim multi-milyon arenalar inşa edir və oyunlara gələn idman komandalarının bütün səyahət və yaşayış xərclərini ödəyir.
“İdman insan hüquqlarından üstün deyil”. Bunu sürgündə yaşayan azərbaycanlı fəal Gülnarə Axundova deyir: “Bu, beynəlxalq idmanın növbəti əxlaq iddianaməsidir”.
Avropa Parlamentinin görkəmli siyasətçiləri Azərbaycanı bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağıran bəyanat yayıblar. Həmçinin Aİ Şurası və Komissiyasının rəsmilərini siyasi məhbusları azad olunana qədər oyunları boykot etməyə çağırıblar.
Boykot alınmır, amma hüquq müdafiəçiləri ümid edir ki, qlobal diqqət azı Rəsul, Leyla Yunus, Xədicə İsmayılova (bu yaxinlarda PEN Amerika Mərkəzinin Yazmağa Azadlıq Mükafatı alan) və digərlərinin adı olan uzun vicdan məhbusları siyahısına işıq salacaq.
Avropa Oyunları 2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən təsis olunub və seçmə olimpiya oyunları üçün nəzərdə tutulub. Bura çimərlik futbolu kimi sponsor potensialı olan “qeyri-olimpiya idman növləri daxildir.
“İnsan Hüquqları Naminə” idman, beynəlxalq insan hüquqları müdafiəçiləri və söz azadlığı qrupları koalisiyası, idmançıların bütün xərclərini ödəyəcək Azərbaycan rejimini tərifləyən Avropa Olimpiya Komitəsinin Prezidenti, irlandiyalı Patrik Hikkini qınadı.
“Azərbaycan rəhbərliyi ilə işləməkdən çox həzz almışam”. Bunu Hikki apreldə Bakıda olarkən bildirib. O deyib: “Sizin peşəkarlığınız və diqqətiniz bizə hər zaman təsir edir”.
Azərbaycanın sülhsevər dissidentlərindən söz düşəndə rejimin əsas diqqətinin kimlərə yönəldiyi bəllidir. Bu zaman jurnalistlər daha çox diqqətdə olur.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova 2014-cü ildə Rəsulla oxşar ittihamlarla həbs edilib. O, hakim ailənin telekommunikasiya müqavilələrində korrupsional əlaqələri və dövlət büdcəsindən 1 milyard dollar məbləğində mümkün oğurlanma barədə faktlar toplayırdı.
Buaykı oyunların rəsmi sponsorları arasında BP və Azərbaycanın Dovlət Neft Şirkəti (SOCAR) var. Hansı ki, işçiləri 2012-ci ildə şirkət tərəfindən evlərin məcburi sökülməsi faktını qeydə alan jurnalist İdrak Abbasovu vəhşicəsinə döymüşdülər; həmin jurnalist bir neçə həftə əvvəl Londonda Gardian/Senzura İndeksi jurnalistika mükafatını alıb.
Seymur Həzi – “Azərbaycan Saatı” peyk TV proqramının aparıcısı, saxta xuliqanlıq ittihamı ilə beş illik həbs cəzası çəkir. Hilal Məmmədov – “Tolışi Sədo” qəzetinin baş redaktoru, narkotik saxlamaq, dövlətə xəyanət və nifaq salma ittihamı ilə həbs olunub. Rauf Mirqədirov – “Zerkalo” qəzetinin köşə yazarı, istintaq altındadır, xəyanət ittihamı ilə saxlanılıb.
Bu cür oxşar məsələlər bir sıra Avropa insan hüquqları təşkilatlarının nəzərindədir.
Həbsdə olan hüquq müdafiəçiləri arasında insan hüquqları müdafiəçisi İntiqam Əliyev, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” Mərkəzinin sədri Anar Məmmədli də var. Emin Hüseynov – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, ədalətsiz həbs qorxusu altında İsveçrənin Bakıdakı səfirliyində müvəqqəti sığınacaq alıb.
Korrupsiya Bakıda bir ailənin biznesidir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycanda Əliyev ailəsinin sistemli, ən gəlirli biznes səhmlərinin mənimsənilməsi barədə “yaxşı sənədləşdirilmiş dəlil” toplayır.
İsmayılovanın həbsdə olduğu zaman məqalələrini çap edə bilməyəcəyinə gorə OCCRP “Xədicə layihəsi”nə başlayıb.
Bu layihə artıq İsveç-Fin “Telia Sonera” telekommunikasiya şirkəti ilə bağlı şübhə doğuran müqavilələr aşkar edib; həmin müqavilələr nəticəsində bəlli olub ki, Azərbaycan büdcəsindən 1 milyard dollara qədər pul Əliyevlər ailəsi ilə bağlılığı olan firmalara köçürülüb. İsveçin keçmiş maliyyə cinayətləri üzrə müstəntiqi Lars Hammer bu müqavilə barədə belə deyib: “Bu müqavilə korrupsiya və rüşvət iyi verir. Heç kim yuxuda da belə böyük məbləğlərin ödənilməsi və ya köçürülməsini görməyib”.
2009-cu ildə Bakıda işləyən ABŞ diplomatı Azərbaycanı “mafiya ölkəsi” kimi təsvir edib.
Vaşinqtona göndərilən və sonra “Vikiliks”də peyda olunan gizli yazışmada, o, Əliyevlər ailəsini “Xaç atası” filmindəki Korleone ailəsinə bənzədib. Adı çəkilməyən ABŞ diplomatı xırda detallarına qədər İlham Əliyevi belə təsvir edib: “Xaricində Maykl (Korleone), daxilində isə Sanni kimidir”.
Bütün quldurlar kimi Xəzər dənizinin Korleoneları da özlərini qanuni iş adamları kimi təqdim etmək istəyirlər. Amma bütün quldurlar kimi onların da narazılarla məşğul olmaq üçün bildikləri yeganə yol hədədir.
Əliyev bu oyunlardan mümkün qədər çox faydalanacaq: mayın 15-i, o, Tvitter-də belə bir ismarıc yaydı: “İlk Avropa Oyunlarına ev sahibliyi etməyimiz onun təzahürüdür ki, bizə çox böyük etimad var”. Və o haqlıdır. Amma həmin bu etimad səsverməsi onsuz da çaşqın olan beynəlxalq idman rəhbərliyini daha çox şübhə altına salır; beynəlxalq idman rəhbərliyi artıq qlobal parıltılı idman gödəkçələri, limuzinlər və bahalı hədiyyələr şəbəkəsinə çevirilib.
Әslində Avropa Oyunları və Azərbaycanda gələcəkdə baş verəcək digər möhtəşəm idman tədbirləri dünya idman liderlərinin “yox” deməli olduqları təkliflərdir. Amma onlar həmin təklifləri sevinə-sevinə qəbul ediblər.