Liya Axecakova: “Ukrayna ordusuna ianə etməmişəm”

Liya Axecakova. Foto: https://www.lrt.lt/ru

“Orduya pulu necə köçürmək olar?”

Sovet və Rusiya aktrisası, Rusiyanın Xalq artisti Liya Axecakovanın Ukrayna Silahlı Qüvvələrinə 10 min dollar ianə etməsi, həmçinin ölkəni tərk etməyi planlaşdırması barədə məlumatlar həqiqətəuyğun deyil.

Bu barədə aktrisa özü məlumat verib.

“Orduya pulu necə köçürmək olar? Bunun necə ediləcəyini təsəvvürümə gətirmirəm. Həm də axı Ukrayna ordusu üçün 10 min dollar nədir? Dünyanın hər yerindən onlara milyardlar gəlir”, – aktrisa deyib.

Axedjakova vəsaitinin Ukrayna Silahlı Qüvvələrinin xeyrinə köçürülməsi ilə bağlı məlumatlar sənətçinin 1977-ci ildən bəri səhnəsində çıxış etdiyi “Sovremennik” Teatrında da təkzib edilib.

Teatrın məlumatında bildirilir ki, aktrisa bütün dünyada sülhün bərqərar olmağını, insanların firavan yaşamağını istəyir.

Liya Axecakova Ukraynada doğulub.

1973-cü ildən etibarən irili-xırdalı 60-a qədər filmdə çəkilib.

“Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj”, “Özgə ömür” filmlərində rol alıb.

Liya Axecakova vətəndaş mövqeyi ilə seçilən sənətçidir.

Aktrisa 2011-ci ildən hazırkı Rusiya hakimiyyətini tənqid edir.

O, rusiyalı kimsəsiz uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsinin qadağan edilməsinə etiraz edib. Həmçinin illər öncə Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsi ehtimalına qarşı çıxıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.

Ana səhifəMədəniyyətLiya Axecakova: “Ukrayna ordusuna ianə etməmişəm”