Diab şənbə günü erkən parlament seçkiləri tələb edəcəyini əlavə edib
Livanın Baş naziri bazar ertəsi günü hökumətinin istefaya getdiyini elan edərək paytaxtı viran edən və ictimai qınağa səbəb olan partlayışın korrupsiyanın nəticəsi olduğunu deyib, – “Reuters” xəbər verir.
Avqustun 4-də 2,000 tondan çox ammonium nitrat olan anbarda baş verən partlayış ən azı 163 nəfərin ölümünə, 6,000-dən çox insanın yaralanmasına səbəb olub.
Televiziyadan müraciət edən Baş nazir Hassan Diab livanlıların “bu cinayət”dən məsul olan şəxslərin cəzalandırılmasıyla bağlı çağırışlarını dəstəklədiyini bildirib.
Diab İran tərəfindən dəstəklənən Hizbullahın və onun müttəfiqlərinin dəstəyi ilə qurulmuş Nazirlər Kabinetinin bazar ertəsi günü toplantısından sonra açıqlama verib və qeyd edib ki, nazirlərin əksəriyyəti istefa etmək istədiklərini dilə gətirib.
Diab şənbə günü erkən parlament seçkiləri tələb edəcəyini əlavə edib.
Mərkəzi Beyrutda nümayişlər yenidən baş qaldırıb. Bəzi etirazçılar gözyaşardıcı qazla müdaxilə etməyə çalışan və parlament binasına gedən giriş yolunun keşiyində duran təhlükəsizlik qüvvələrinə daş atmaqla cavab verib.
“Bütün rejim dəyişməlidir. Yeni hökumət heç nəyi dəyişməyəcək”,- Beyrutlu mühəndis Joe Haddad “Reuters”-ə bildirib. “Bizdə ən qısa zamanda seçki keçirilməlidir”.
Bir çox livanlı üçün partlayış iqtisadiyyatın çökməsi, korrupsiya, və disfunksiyalı idarəetmənin nəticəsi olan siyasi böhranın son damlası olub, -“Reuters” bildirib
Məlumat və ətraf mühit nazirləri bazar günü istefaya gediblər. Bir sıra millət vəkilləri o cümlədən Ədliyyə naziri də bazar günü istefa edib. Livanın maliyyə böhranından çıxmasına kömək etmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparan Maliyyə naziri Ghazi Wazni istefaya gedib, – ona yaxın mənbə “Reuters”ə bildirib.
Livan prezidenti daha əvvəl partlayıcı maddənin illərlə limanda saxlandığını deyib. Daha sonra istintaqın partlayışın səbəbinin xarici müdaxilə, yaxud səhlənkarlıq və ya qəza olub-olmadığını araşdıracağını deyib.