Leysan yağışlar bölgələrə ziyan vurub

Fotolar: Meydan TV

Mərkəzi küçələri su basıb, yollar bağlanıb, əkin sahələri məhv olub

Son bir neçə gündür qeyri-sabit hava şəraiti, güclü küləklə müşayiət olunan leysan yağışlar, sel, dolu bölgələrə ziyan vurub.

Aramsız yağışlar nəticəsində Gəncənin mərkəzi küçələri də daxil olmaqla ətraf qəsəbələrini su basıb. Şəhərin Şah İsmayıl Xətai prospektində piyada keçidinə su dolub. Gəncə sakinləri Meydan TV-yə bildiriblər ki, şəhərin kanalizasiya sistemi yaxşı işləmədiyindən yağış yağandan sonra küçələr su ilə dolur, nəinki piyadaların, hətta avtomobillərin də hərəkəti çətinləşir.

“Şəhərin mərkəzi küçələrini su basıb, çölə çıxmaq olmur. Sanki dağ kəndində, çay kənarında yaşayırıq”, – Gəncə sakini Zivər Abbasova deyib. Bildirib ki, Sabir küçəsindəki bütün obyektlər su altındadır, nasoslarla su çəkilir:

“İcra hakimiyyəti heç bir tədbir görmür, kanalizasiya sistemi yenilənməlidir. Bunu dövlət səviyyəsində etməlidirlər”.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Güclü küləklə müşayiət olunan leysan, ardınca dolu Zaqatalanın mərkəzi də daxil olmaqla kəndlərə ziyan dəyib, yüzlərlə evi su basıb, təsərrüfatlar su altında qalıb. Külək ağacları aşırıb, xüsusilə meyvə ağacları məhv olub.

Zaqatala sakini Ruqiyyə Məmmədova deyib ki, bir neçə gün əvvəl xeyli sayda toyuq-cücəsini sel aparıb, fındıq bağları su altında qalıb:

“Sanki göydən yumurta boyda daş yağır. İldırım çaxan kimi işıqlarımız da sönür”.

Rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub. Kənd sakinlərinə məxsus arı ailələri su altında qalaraq məhv olub.

Sakinlərdən Zaur Məmmədov deyib ki, arı saxlayan elə ailə var ki, 20-25 min manat cəriməyə düşüb. Ümumilikdə, Yuxarı və Aşağı Tala kəndlərində yüzdən çox təsərrüfata, 50-dən çox evə ziyan dəyib. Kənddaxili yolları sel yuyub. Tərəvəz sahələri məhv olub, toyuq-cücəni sel aparıb.

İyunun 8-dən baş verən güclü külək nətiəsində rayon və bir çox kəndi elektrik enerjisi ilə təmin edən dirəklər uçub, nəticədə işığın verilməsində fasilələr yaranıb. Rayon məhkəməsinin, o cümlədən mərkəzi xəstəxananın həyətinə su dolub.

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, ərazilərə ağır texnikalar çıxarılıb, iş gedir. Həmçinin dəymiş zərərlə bağlı müraciətlər araşdırılır.

Şamaxı-İsmayıllı yolunda da sel səbəbindən hərəkət çətinləşib. Bir neçə saat ərzində yolda gediş-gəliş dayanıb.

Daşkəsən, Göygöl, Gədəbəyə də dolu düşüb, əkin sahələrinə ziyan dəyib.

Hava şəraiti ilə bağlı Aqrar Sığorta Fonduna müraciətlər artıb. Qurumun məlumatına görə, bu ilin yanvar-may aylarında aqrar sahəyə dəyən zərərlər üzrə müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi mayda qeydə alınıb.

Müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir. Ümumilikdə, müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olub.

Əkin sahəsinə zərərlə bağlı müraciətlər Fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır. Ötən il ümumi müraciətlərin 80 %-i taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qeyri-sabit hava şəraiti davam edir. Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 millimetr, Goranboyda 30 millimetr, Bərdədə 24 millimetr, Yevlaxda 22 millimetr, Gədəbəydə 20 millimetr, Daşkəsəndə 18 millimetr, Naftalanda 16 millimetr, Qaxda 13 millimetr, Qəbələ, Gəncə, Göygöldə 12 millimetr, Lerikdə 10 millimetr, Zaqatalada 8 millimetr, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 millimetr, Şəmkir, Ordubadda 6 millimetr, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Ana səhifəBölgəLeysan yağışlar bölgələrə ziyan vurub