“Maraqlıdır ki, bu hadisə prezidentlərin – Əliyevlə Olandın görüşündən dərhal sonra baş verib”
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus məhbəsdən məktub göndərərək beynəlxalq birliyin onun azadlığa buraxılma tələbinə Prokurorluğun münasibətinə diqqət çəkir:
«Bu gün – oktyabrın 29-da vəkilim Cavad Cavadovu müdafiəmlə bağlı işlərini davam etdirmək hüququndan məhrum qoyublar! Məni bədxahlıqla fantastik cinayətlərdə suçlayırlar – «Aeroportlar haqqında Ermənistana məlumat vermişəm və s. və i.a.». Birə-bir 37-ci ilə bənzəyir! Məhz Cavad Cavadov məhkəmədə prokuror Sənan Paşayevin həqiqətə uyğun olmayan çıxışları və mənasız-məzəli bəyanatları barədə kəskin açıqlama səsləndirib. Və Prokurorluq vəkilimi işdən kənarlaşdırıb. Maraqlıdır ki, bu hadisə prezidentlərin – Əliyevlə Olandın görüşündən dərhal sonra baş verib. Həmin görüşdə Fransa prezidenti mənim azadlığa buraxılmağım barədə məsələ qaldırmışdı.
Vəkilimi müdafiə hüququndan məhrum qoymaqla yenə məni sındırmaq, məhv etmək niyyətlərini nümayiş etdirirlər. Ancaq bu sözləri unutmamışam:
İnanma! Qorxma! Yalvarma!
Leyla Yunus