“Sizin məni məhv etmək üçün bütün imkanlarınız var, ancaq qalib gələ bilməyəcəksiniz”
Dövlət başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında sualları cavablandırarkən hüquq müdafiəçisi Leyla Yunusla bağlı sualı da cavablandırıb. Prezident Leyla Yunusa heç bir təzyiq olmadığını və hüquq müdafiəçisinin istintaqdan qaçdığını bəyan edib.
Mayın 24-də Leyla Yunus məlum çıxışla bağlı prezident İlham Əliyevə müraciət edib.
Hüquq müdafiəçisi ölkəni tərk etmədiyini, “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirova açıqlan cinayət işi ilə əlaqədar istintaqın suallarından yayınmadığını bildirib: “Hava limanında qanunsuz saxlanılıb, daha sonra polislərin kobudluğu ilə geri qaytarılıb, nəticədə, bank hesablarıma həbs qoyulub. İndiyə qədər özümün və həyat yoldaşım Arif Yunusun qanunsuz alınan pasportlarımız geri qaytarılmadığından ifadə verməkdən imtina etmişik. Amma mən aprelin 29-da 9 saat 4 müstəntiqin suallarına cavab vermişəm”.
Leyla Yunus müraciətində yazıb: “Cənab prezident, suala cavabınız nümayiş etdirdi ki, 2011-ci il avqustun 11-də evimizin dağıdılmasına şəxsən siz sərəncam vermisiniz, Hacıbala Abutalıbova məhkəmə qərarını yerinə yetirməyə, bizə təzminat ödənilməsinə imkan yaratmamısınız. Şəxsən siz bizim girov kimi saxlanmamız üçün pasportumuzun qaytarılmamasında maraqlısınız. Mən iyunun 24-nə qədər inanmırdım ki, qarşılaşdığımız son hadisələrin arxasında məhz siz dayanırsınız. Atanız müdrik idi, mənim real təhlükə olmadığımı bildiyi üçün emosiyaya qapılmayıb praqmatik siyasət aparırdı. Bəli, sizin məni məhv etmək üçün bütün imkanlarınız var, ancaq qalib gələ bilməyəcəksiniz. Tarix hər şeyi yerinə qoyacaq. Tarixdə siz prezident İlham Əliyev kimi yox, Heydər Əliyevin oğlu, hüquq müdafiəçisi olan bir qadını qəddarlıqla məhv etmiş, amma onu sındıra, ona qalib gələ bilməmiş bir şəxs kimi qalacaqsınız”.
Hüquq müdafiəçisi müraciətini “Seçim sizindir” deyə bitirib.