Lavrov: Vaşinqtonda paraflanan sülh sənədində hələ çox məsələ razılaşdırılmayıb

Lavrov. İllüstrasiya: Meydan TV

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan sülh razılaşmasının mətnində hələ də bir çox məsələlər razılaşdırılmayıb.

Lavrovun sözlərinə görə, Vaşinqtonda sülh razılaşmasının paraflanmasından sonra səsləndirilən nikbin fikirlər sənədin dərcindən sonra skeptik yanaşmalarla əvəz olunub.

“Onlar bu müqaviləni ABŞ ərazisində imzalamağa qərar verdilər. Bu, bizim qonşularımızın suveren hüququdur. Lakin baxmaq lazımdır ki, bu razılaşma necə işləyəcək. Çünki Vaşinqton görüşündən sonra bir neçə gün ərzində səslənən təriflər, sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəz olundu və məlum olur ki, orada hələ çox məsələlər razılaşdırılmayıb”, – Lavrov deyib.

Rusiya XİN rəhbəri hesab edir ki, bu cür təşəbbüslər xarici siyasətdə “parlaq görüntü yaratmaq və onu informasiya müstəvisində təqdim etmək” məqsədi daşıyır.

“Mən düşünürəm ki, bu metodun mövcudluq haqqı var, lakin əgər onun ardınca real addımlar atılmasa, bu sadəcə bir parıltı olaraq qalacaq. Halbuki, biz həqiqi sülh müqaviləsinin imzalanmasında maraqlıyıq”, – Lavrov əlavə edib.

Nazir qeyd edib ki, ABŞ-da Bakı və Yerevan arasında əldə olunmuş razılaşma əslində, 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanan sənədlərdən qaynaqlanır:

“İkinci Qarabağ müharibəsi başladıqdan sonra məhz Rusiya prezidenti Putin həlledici rol oynadı. Prezident Ermənistanın baş naziri Paşinyan və Azərbaycanın prezidenti Əliyevin 2020-ci ilin noyabrında imzaladığı razılaşmaya nail oldu. Ardınca bir sıra üçtərəfli sammitlər keçirildi və orada iqtisadi əlaqələrin açılması, nəqliyyat marşrutlarının bərpası ilə bağlı razılaşmalar əldə edildi”.

1987-1988-ci illərdə Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsi başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.

2025-ci il avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda üçtərəfli görüş keçirilib.

Görüşün nəticəsi olaraq tərəflər sülhün bərqərar olunmasına dair birgə bəyannamə imzalayıblar. Bəyannamədə Bakı və Yerevanın sülhə sadiqliyi ifadə olunsa da, razılaşmanın detalları dəqiq şəkildə əks olunmayıb.

Sənəddə qeyd olunur ki, tərəflər əvvəllər razılaşdırılmış sülh müqaviləsinin mətnini paraflayıb və onun yekun ratifikasiyası üçün səylər göstərəcəklər. Bundan əlavə, Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət imzalayıblar.

30 ildən artıq davam edən qarşıdurmaya son qoymalı olan sülh razılaşmasının mətni hələ yazda razılaşdırılmışdı. Lakin Bakı sənədin imzalanmasından öncə bir sıra şərtlərin yerinə yetirilməsində israrlı idi. Xüsusilə, Azərbaycan Ermənistan konstitusiyasına Bakıya qarşı ərazi iddialarını istisna edən dəyişikliklərin daxil edilməsini tələb edirdi.

Yerevan bu kimi ərazi iddialarının mövcudluğunu inkar etsə də, Ermənistanın Paşinyan hökumətinin “regional xarakterli” yeni konstitusiyanın hazırlanmasını planlaşdırdığını bəyan edib.

ABŞ-nin AzərbaycanErmənistanla imzaladığı memorandumun mətnləri ilə buradan tanış ola bilərsiz.

Ana səhifəXəbərlərLavrov: Vaşinqtonda paraflanan sülh sənədində hələ çox məsələ razılaşdırılmayıb