Məcburi köçkün ona qarşı laqeydlikdən şikayətçidir
“Danışanda ağızlarına çullu dovşan sığmır, deyirlər ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Gəlsinlər, yaşadığımız yerə baxsınlar, sonra danışsınlar. Vallah, bu yaşamaq deyil, ölümdür, camaat qırılıb-batır”.
Qaradağ rayonu, Sahil Qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşan bir neçə məcburi köçkün ailəsi şikayətçidir.
Bildirirlər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən onlara yeni salınan “Qobu Park-2” yaşayış kompleksində mənzil veriləcəyinə dair vəd verilsə də, buna əməl olunmayıb.
“Hazırda ailəmlə birotaqlı şifer evdə yaşayıram. İki oğlum var, biri 19, digəri 21 yaşındadır. Ev şifer olduğuna görə, yayda aralarından dəfələrlə ilan keçib. Qışda da pilətənin ikisini yandırırıq, ayağımızın altına döşək qoyuruq, yenə də canımız isinmir. Qışda oğlum səhər oyanır, deyir ki, ata, gecə qolum bayırda qalıb, işləmir. İyirmi yeddi ildir ki, torpağımdan didərgin düşmüşəm. Bir yandan da dövlət mənə və ailəmə şiferdən olan evdə zülm edir.
“Qaçqınkom” da deyir ki, sizi “Ümid”ə köçürəcəyik. Həmin şəhərcik “Ümid” qaz yatağına yaxındır. Havası dəhşətdir, nəfəs almaq olmur. Həyat yoldaşım da, mən də xəstə adamlarıq. Laçından on səkkiz gün ayaqyalın yol gəlmişəm ki, burada hansısa məmur üstümə qışqırsın? Orduda olmuşam, vətən üçün canımı qoymuşam. İndi də mənə bax bu zülmü verirlər”, – Nurəddin Məmmədov deyir.
Sakinlər deyirlər ki, üç dəfə Prezident Adminstrasiyasında olublar, lakin bu, heç bir müsbət nəticə verməyib.
“Bizi iki nəfər qəbul edib, yalandan söz verib, sonra da yola salıblar ki, xoş getdin. Hara müraciət edirik, hansı orqana gedirik, deyirlər ki, çıx çölə. Kimə şikayət edirsən et, heç kimdən də qorxmuruq. Bütün sənədlərimiz qaydasındadır, lakin “Qaçqınkom” bizi evlə təmin etmir. Deyir ki, gedin, nə vaxt zamanı çatar, onda da ev verərik. Camaat heç inəyini, qoyununu burada saxlamaz. Qaz yoxdur, qışda işıq söndü, elə bil ki, öldün”, – sakinlər bildirir.
“Deyirəm ki, ay qardaş, mən dövlətlə, dövlətçilik edə bilmərəm, kasıb adamam, başımı zülmlə hərləyirəm. Əhəmiyyət verən yoxdur. Deyirəm ki, prezident fərman verib ki, imkansız, ağır vəziyyətdə yaşayan ailələrin vəziyyətini nəzərə alın. Hamımız imkansız adamlarıq, yığılmışıq bura.”, – Ruslan Namazov söyləyir:
“Buradan yüzdən çox ailə köçürüblər. Bilirsiniz, hansı ailələri köçürüblər? İkimərtəbəli evi olanları. Kimin pulu var, verir, onu evlə təmin edirlər. On bir ailə qalmışıq burada. Vallah, Suriya buradan yaxşıdır. Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş yeni yaşayış binalarına buradan ailələr köçürdülər. Yerdə qalan on bir ailənin sənədləri qaydasında olduğu üçün “Qaçqınkom”dan söz verdilər ki, “Qobu Park-2” yaşayış kompleksində bizi mənzillə təmin edəcəklər. Park açılan vaxt gedirik ki, bəs evlər paylanır, biz necə olacağıq? Deyirlər ki, bu dəfə qaldınız, sizə səkkiz aya tikiləcək növbəti evlərdən mənzil verəcəyik. Ay kişi, səkkiz aya tikib verəcəyəm deyirsən, ağzından söz çıxıb axı. On iki ailəni “Qobu Park”a yerləşdirə bilmirsən. Bu dövlət hara baxır?”
Sirac Allahverdiyev deyir ki, buradakı on iki ailənin hərəsində 2-3 uşaq var. Uşaqlar məktəbə gedəndə, 25 kilometr yol qət etməli olur:
“Bunların birinci sinifə, hazırlığa gedəni var. Ancaq yalandan vəd verirlər. Deyirlər ki, sizə avtobus ayıracağıq. “Qaçqınkom”a bir adam gedə, kənardan baxa, görə ki, orada söyüşün biri bir qəpikdir, ya yox. Mənə inanmırsınızsa, özünüz gedin, şahid olun. Yaxşı vəziyyətdə yaşayanı köçürəndə, adam dözə bilmir. Belə haqsızlıq olmaz. “Qaçqınkom”da mənim kimi kasıba, fağır adama yer yoxdur”.
Sakinlər deyir ki, hansı məmurun qapısını açırsan, adamın üstünə necə qışqırırsa, dediyinə peşman olursan:
“Düşünürsən, görəsən, mən nə sayıqladım? O həddə çatmışıq ki, sığınacaq versələr, ölkədən baş götürüb, birdəfəlik gedərik. Boğaza yığılmışıq, canımızdan bezmişik, dərdimizi kimə deyək, bilmirik”.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.