Laçında tikinti xərcləri və büdcəsi perspektivi kimi dumanlı olan “Hoçazfilm”

Foto: “Hoçazfilm”

 “Belə obyektlərə xərc çəkilməsi məntiqli deyil”

Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu bir ildən çoxdur fəaliyyət göstərir. Onun açılışı 2023-cü il avqustun 25-də olub və tədbirdə Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Açılış zamanı dövlət başçısına bildirilib ki, studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək. Diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir.

Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Məlumat verilib ki, pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir.

“Hoçazfilm”in açılışı. Foto: Azərtac

Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar – təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Amma açılışından bir il vaxt ötsə də, “Hoçazfilm” pavilyonunda kiminsə film çəkməsi barədə məlumat yoxdur. Yalnız aztirajlı bir neçə yerli sayt hind kinematoqrafçılarının bu pavilyonla maraqlandığını yazıb. Nə mənbə, nə də hansı kino adamlarının maraq göstərdiyi qeyd edilməyib. Qarabağ iqtisadi zonasına, o cümlədən Laçına girişin xüsusi icazə portalı ilə olmasını, Laçının özünün ucqar dağ rayonu olduğunu nəzərə aldıqda, burada xaricilərin film çəkəcəyini ehtimal etmək çətindir. Bundan başqa, xarici film studiyaları “Hoçazfilm” pavilyonundan daha yaxşı təchiz olunduqlarından bura kiminsə maraq göstərəcəyi də inandırıcı görünmür. Azad olunan ərazilərdə daha həyati vacib infrastruktur obyektlərin tikintisinin əvəzinə belə bir pavilyonun tikintisinin vacibliyi sual doğurur.

“Hoçazfilm”in qurulması üçün Laçının tikinti və bərpasına ayrılan dövlət büdcəsindən istifadə edilməyib”

Məlumata görə, tikinti Bakı Adablıq Xidməti tərəfindən aparıılıb. Meydan TV-nin müvafiq sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən bildirilib ki, “Hoçazfilm”in qurulması üçün Laçının tikinti və bərpasına ayrılan dövlət büdcəsindən qətiyyən istifadə edilməyib:

Foto: Bakı Abadlıq Xidməti

“Laçın şəhəri yenidən qurularkən, onun özəl simasının formalaşması – konsept olaraq, Qarabağın rəqəmsal audiovizual mərkəz kimi tanınması Bakı Abadlıq Xidmətinin təşəbbüsü idi. Bu təşəbbüsün ilk nümunəsi kimi professional meyarlara cavab verən “Hoçazfilm” kinopavilyonu yarandı”.

Qeyd edilib ki, kinopavilyonin direktoru Amil Amal hazırda dövlət sifafişi ilə bədii film çəkilişlərinə hazırlaşır. Bundan başqa, vurğulanıb ki, bir müddət Qarabağın işğaldan azad edilmiş ərazilərinə giriş yalnız portalla mümkün olduğundan pavilyonun tam güc ilə işləməsi mümkün deyildi.

“İndi artıq “Hoçazfilm” MMC kimi fəaliyyətdədir, Bakı Abadıq Xidmətinin təqdim etdiyi çıxış nöqtəsindən irəliyə doğru hərəkət etmə şansı var. Bu günə qədər ümumi konseptə xidmət etsə də, kommersiya baxımından özünü doğruldacağına və Qarabağın fəal çəkiliş mərkəzlərindən birinə çevriləcəyinə ümid çoxdur”, – Bakı Abadlıq Xidmətindən bildirilib.

Bununla belə, Xidmətdən layihənin konkret olaraq neçəyə başa gəldiyi açıqlanmayıb.

 “İcazə sistemi aradan qaldırıldıqdan sonra xaricdən sifarişlər götürə biləcəyik”

“Hoçazfilm”in rəhbəri Amil Amal Meydan TV-yə studiyanın beş nəfər işçisinin olduğunu, amma hər ay studiyanın və əməkdaşların saxlanması üçün çəkilən xərcin nə qədər olduğunu deyə bilməyəcəyini qeyd edib. A.Amal da etiraf edib ki, azad olunan ərazilərə daxil olmaq üçün xüsusi portalda icazə almaq qaydası xarici sifarişlərin qəbul edilməsinə çətinlik yaradır:

Foto: Amil Amalın şəxsi arxivindən

“Bu icazə sistemi aradan qaldırıldıqdan sonra xaricdən sifarişlər götürə biləcəyik. Hindistandan bir rejissor studiyamıza baxış keçirib. Hazırda ondan cavab gözləyirik və hələ bilmirik çəkilişləri Laçında aparacaqlar, ya yox”.

 

“Bu tip obyektlərin tikilməsi, onların saxlanılmasına vəsait xərclənməsi məntiqdən kənardır”

REAL Partiyasının yeni sədri, iqtisadçı Natiq Cəfərli vurğulayıb ki, “Hoçazfilm”in tikintisinə xərclənən vəsait, saxlanılmasına lazım olan maliyyə haqqında məlumat yoxdur:

Natiq Cəfərli
Foto: Meydan.TV

“Bilinmir ki, sadəcə bu studiya dekorasiya rolu oynayacaq, ya layihələr həyata keçiriləcək. Çox təəssüf ki, Azərbaycan hökuməti bu tipli məsələlər barədə vətandaşlara dolğun məlumat vermir. Ona görə də ancaq ehtimallar irəli sürə bilərik. Amma insanların ora tam köçməmiş, digər infrastruktur layihələri ilə bağlı kifayət qədər problemlər qaldığı halda bu tip obyektlərin tikilməsi, onların saxlanılmasına vəsait xərclənməsi yumşaq desək, məntiqdən kənardır”.  

“Orada fəaliyyət göstərmək üçün məhdudiyyətlər var”

İqtisadçı Toğrul Maşallı isə qeyd edib ki, müxtəlif sahələrdə istifadə olunan infrastruktur obyektləri müvafiq sahələrin inkişafından asılıdır:

Toğrul Maşallı
Foto: Toğrul Vəliyevin şəxsi arxivindən

“Əgər sahə stimullaşdırılırsa, fəaliyyətinə imkan verilirsə, əhali köçürülmədən də onların tikintisi mümkündür. Amma məsələ ondan ibarətdir ki, orada fəaliyyət göstərmək üçün məhdudiyyətlər var, sərbəst fəaliyyət üçün zona deyil”.

 

“Azərbaycanda böyük büdcəli filmlərin çəkilməsi və film studiyalarının pul qazanması mümkün deyil”

Meydan TV-yə məsələni şərh edən kinorejissor Elvin Adıgözəl qeyd edib ki, böyük film studiyaları kino sənayesi olan ölkələrdə tikilir və həmin film studiyalarının fərdi büdcəsi olur:

Foto: Elvin Adıgözəlin şəxsi arxivindən

“Məsələn, Türkiyədə belə film studiyaları var ki, onlar serial və kommersiya kinoları istehsalı ilə məşğul olurlar. Azərbaycanda isə kino sənayesi, kinoteatrlar, yenilənmiş kino qanunu yoxdur. Bu səbəbdən də heç bir halda böyük büdcəli filmlərin çəkilməsi və film studiyalarının pul qazanması mümkün deyil”.

Rejissor hesab edir ki, hətta paytaxt Bakıda belə maketlər ilə film studiyası açılsa da, kino çəkilişləri üçün pul tapmaq və kinodan pul qazanmaq indiki Azərbaycanda mümkün deyil.

 “Belə kinostudiyalara ehtiyac var”

Kinotənqidçisi Sevda Sultanova isə düşünür ki, nəinki Laçında, həmçinin, Azərbaycanın digər bölgələrində, Xankəndidə, Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə kinostudiyalara ehtiyac var.

Onun fikrincə, kinostudiyaların çoxluğu, ilk növbədə yerli kino istehsalını stimullaşdırmaq üçün vasitədir.

Sevda Sultanova. Foto: S.Sultanovanın şəxsi arxivindən

Tənqidçi hesab edir ki, belə studiya ilk növbədə, bölgədə yaşayıb kino ilə məşğul olmaq istəyən, amma lazımi təşkilati, texnki dəstək tapa bilməyən kinematoqrafçıların köməyinə gələcək:

“Paytaxtdan bölgələrə film, reklam və digər audiovizual məhsullar çəkməyə gedənlər yerli kinostudiyaların peşəkar xidmətindən yararlana bilər ki, bununla da onlar ilk növbədə büdcələrinə qənaət edəcəklər”.

Ana səhifəMədəniyyətLaçında tikinti xərcləri və büdcəsi perspektivi kimi dumanlı olan “Hoçazfilm”