Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 72 min manata bir piano musiqi alətinin satın alınması ilə bağlı müqavilə bağlanıb.
Portaldakı məlumatda bildirilir ki, satınalmanın qalibi “All Star” MMC olub. Müqavilənin satınalma metodu kimi “bir mənbə” üsulu göstərilib.
Satınalmanın “bir mənbə” üsulu ilə həyata keçirilməsi o deməkdir ki, satınalma rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanılır, detallar isə ictimaiyyətə açıqlanmır.
Satınalmanın qalibi olan “ALL STAR” şirkətinin qanuni təmsilçisi Mustafayev Faxri Namiq oğludur, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 5-də yerləşir və nizamnamə kapitalı 55 900 manat təşkil edir.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən dövlət qurumudur.
Hazırda yazıda adı hallanan qurumun icraçı direktoru Rafiq Bakir oğlu Salmanovdur.
Bazar qiymətləri nə qədərdir?
Azərbaycanda satışda olan akustik pianoların qiymətləri açıq mənbələrdə orta hesabla 5 000 – 15 000 AZN aralığında dəyişir. Məsələn, yerli satış platformalarında və musiqi alətləri mağazalarında təqdim olunan modellərin qiymətləri bu diapazondadır.
Bu halda 72 000 AZN-lik satınalma bazar qiymətləri ilə müqayisədə bir neçə dəfə yüksək məbləğ kimi görünür. Qiymət fərqi konkret model, istehsalçı marka, əlavə çatdırılma, quraşdırma və digər xidmət xərclərindən asılı olaraq dəyişə bilər. Lakin portalda dərc olunan məlumatda pianonun markası və texniki xüsusiyyətləri barədə detallı açıqlama yer almır.
Məsələ ilə bağlı sifarişçi qurumun və ya podratçı şirkətin açıqlaması hələlik mövcud deyil.