Lənkəran Penitensiar Kompleksində qadın məhkum rəis tərəfindən döyülüb

Qadına şiddət. Foto: Meydan TV

Lənkəran Penitensiar Kompleksində saxlanılan məhkumlara qarşı işgəncə hallarının baş verdiyi iddia olunur. AbzasMedianın həmin kompleksdə saxlanılan jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova bu hallarla bağlı məqalə hazırlayıblar.

Məqaləni AbzasMedia dərc edib.

Jurnalistlərin yazdıqlarına görə, hadisə yanvarın 24-də baş verib. Həmin gün Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərov öz iş otağında qadın məhkumu döyüb.

Həmin məhkumdan rəisə şikayət edən nəzarətçi İlkanə Bağırova qəbuldan qayıdandan sonra bu barədə özü məhkumlara danışıb. O məhbuslara deyib ki, qəbul otağında qadın korpusunun rəisi Zamin Əliyev, nəzarətçi İlkanə Bağırovanın özü və həmin məhkum olub. Amma onlar rəis Babək İsgəndərovun zorakılığına müdaxilə etməyiblər.

Nəzarətçinin sözlərinə görə, rəis qadının saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub və onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Ertəsi gün qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb, ağrı səbəbindən korpusun həyətində huşunu itirib. Həkim müayinəsi tələb edilsə də, bu tələbin yerinə yetirilmədiyi bildirilir.

Sözügedən qadın məhkum sonradan da tez-tez rəisin qəbuluna aparılıb və təzyiq altında saxlanılıb.

Digər məhkumlar da işgəncə görürmüş

Xəbərdə qeyd olunur ki, kompleksdə yalnız qadınlar yox, kişi məhkumlar da zorakılığa məruz qalır. Mindən çox kişi məhkumun saxlandığı müəssisədə rejim üzrə şöbə müdiri Azər Bağırov onların üzərinə fiziki zor tətbiq edir. Qonşu təcridxanada saxlanılan qadın məhkumlar Azər Bağırovun məhkuma müraciətlə “Diz çök, o…” dediyini, onları təpikləyib şillələdiyini eşidirlər.

Bir məhbus AbzasMedia-ya bildirib ki, burada məhkumlar müxtəlif səbəblərə görə döyülür: geyimin fərqliliyi, nəzarətçiyə və ya rəisə cavab vermək, haqqını tələb etmək və s. Onun sözlərinə görə, məhbusu bir nəfər döyürsə və təhqiramiz ifadələrlə alçaldırsa və əgər döyülən şəxs cavab qaytarırsa, o zaman 5-6 nəzarətçi həmin şəxsi döyməyə başlayır.

Kişi məhbus vurğulayır ki, bir məhkuma rəsmi nikahı olmadan kəbin sənədi ilə həyat yoldaşı ilə görüşə icazə verilsə də, sonradan bu, edilməyib və məhkum buna əsəbləşərək etiraz edib. Bundan sonra onu rəisin otağında bir neçə nəzarətçi döyüb.

Başqa bir məhbusun isə xəstəliyi olan yaxın qohumu ilə danışmaq üçün həftədə bir dəfə icazə verilən zəngdən əlavə vaxt istədiyinə görə döyüldüyü bildirilir.

Aidiyyəti qurumlar məsələ ilə bağlı hələlik mövqe bildirməyiblər.

Hüquqi boşluq və çağırış

Cəzaçəkmə müəssisələrinin Daxili İnzitam Qaydalarının 53-cü bəndində göstərilir ki, məhkumlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdır. Jurnalistlər yazır ki, buna baxmayaraq hər gün inzibati binaya çağırılan kişi məhkumlardan neçəsinin rəisin otağında işgəncə gördüyünü müəyyənləşdirmək mümkün olmur.

Onların yazdığına görə, rəisin ikiqapılı otağında baş verən bu zorakılıq səslərini səskeçirməz divarları udur. Jurnalistlər həmin kompleksdə baş verən işgəncə hallarının araşdırılması üçün prokurorluq əməkdaşlarını və Ombudsmanı kompleksə dəvət ediblər.

Lənkəran Penitensiar Kompleksi 2024-cü ilin dekabrında istifadəyə verilib. Burada qadınlar üçün korpus 2025-ci ilin sentyabrın 3-də açılıb. Hazırda kompleksin istintaq idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın dustaq saxlanılır. Kompleksdə ümumi 1000 nəfərdən çox kişi məhbus cəza çəkir.

Kompleksin rəisi Babək İsgəndərov bundan öncə Bakıda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Cəzaçəkmə müəssisəsinin tavanı çöküb bir məhkum həlak olandan sonra orada olan 600 məhkum Lənkəran Penitensiar Kompleksinə köçürülüb və o, orada da rəis postunu tutub.

Ana səhifəSiyasətLənkəran Penitensiar Kompleksində qadın məhkum rəis tərəfindən döyülüb