Könül İbişova deyir, qardaşı Elşən İbişovun ölümünə səbəb polis zorakılığı olub
“Qollarını burub, ayaqlarını təpikləyə-təpikləyə zorla post-patrul maşınına basıblar. Yolda başını maşının oturacağına sıxıblar, şöbəyə kimi o vəziyyətdə aparıblar. Şöbənin həyətinə çatanda görüblər ki, ürəyi partlayıb”.
Könül İbişova Meydan TV-yə danışır ki, 54 yaşlı qardaşı Elşən İbişov polis zorakılığının qurbanı olub.
Zarafatlaşıblar, polislər şöbəyə aparıb
Kürdəmir Rayon İşıq İdarəsinin keçmiş müdiri olan Elşən İbişov bu il sentyabrın 18-də rayon mərkəzindən rayon polis şöbəsinə aparılarkən vəfat edib. Bacısı Könül xanım deyir, Elşən İbişov həmin gün səhər saat 10 radələrində elə mərkəzdə yerləşən evindən çıxıb. Bir az aralıda “saat dairəsi” deyilən yerdə o aralar evində fəhləlik edən Səfalı adlı şəxslə qarşılaşıb. Könül xanım deyir, kaş ki, bu qarşılaşma olmayaydı:
“Səfalıya deyib: “Niyə işləri yarımçıq qoymusan, niyə gəlib işləmirsən”, sonra da zarafartca, yüngül bir sillə ilişdirib. Bunu da həmin ərazidə xidmət aparan post-patrul xidmətinin polisləri görüb. O dəqiqə bunları üzük qaşı kimi dövrəyə alıblar. Elşəndən niyə sillə vurmasını soruşublar. O da, Səfalı da bildiriblər ki, tanışdılar, qohumdular, öz aralarında zarafatlaşırlar. Ancaq polislər qardaşımdan da, Səfalıdan da onlarla polis şöbəsinə getmələrini tələb ediblər. Qardaşım etiraz edəndə üstünə tökülüşüb qollarını burublar, ayaqlarını təpikləyə-təpikləyə zorla post-patrul maşınına minidiriblər. Qardaşım “ortada heç nə yoxdu, nə baş verib axı, buraxın, çıxıb gedək”, -deyib. Aqşin adlı polis də qardaşımı başını zorla oturacağa əyib, üzünü oturacağa basmaqla susdurmaq istəyib”.
Başını oturacağa sıxıblar, nəfəsi kəsilib
Könül xanım deyir, bu yolla polislər qardaşını həmişəlik susdurublar:
“Elşən deyib, ürəyim sıxılır, nəfəsim çatışmır, ancaq qulaq asmayıblar. Gəlib şöbənin həyətinə çatanda maşın dayanıb, qapısını açıblar ki, bu da düşsün, qapı açılan kimi yerə yıxılıb, hərəkətsiz qalıb. Aqşin adlı polis deyib, artistlik edir, sürüyək ataq şöbənin içərisinə… Ancaq yaxınlaşanda görüblər ki, Elşən keçinib”.
Könül xanım iddia edir ki, qardaşının şübhəli ölümündən sonra polis saxta sənəd düzəldib:
“Deyirlər ki, guya Elşən 15 mart 2015-ci ildən Kürdəmirdə poliklinikada müayinədən keçib və infakt keçirməsi barədə rəy var. Halbuki, ağ yalandır, o rəy varsa da, saxta düzəltdiriblər. Qardaşım 24 mart 2015-ci ildə rayon mərkəzi xəstəxanasında müayinədən keçib və sağlam çıxıb. Qardaşımın heç bir xəstəliyi, canından şikayəti olmayıb. Həkimin həmin rəyləri əlimizdədir”.
Prokurorluq deyir, polis videogörüntüləri vermir
Könül xanımın sözlərinə görə, hadisədən 1 aydan çox vaxt ötməsinə baxmayaraq, Elşən İbişovun ölümünü araşdıran rayon prokurorluğu hələ də araşdırmanı bir yerə çıxara bilməyib:
“Bu gün yenə getdik, prokurorla da görüşük, işin gedişatı ilə maraqlandıq. Dedi, polisdən şöbənin həyətinin videogörüntülərini hələ də ala bilməyiblər. Deyirəm, bu necə prokurorluqdur, istintaq orqanıdır ki, hadisə yerinin görüntüsünü istəyir, ona vemirlər? Bəlkə heç sona qədər də verməyəcəklər, sonra da deyəcəklər ki, “müddəti ötdü, görüntülər silindi”. Niyə ciddi şəkildə tələb olunmur?”
Təhqiqat qrupu niyə gəldi, nə araşdırdı, bilmədik”
Elşən İbişovun yaxın qohumları Daxili İşlər Nazirliyində olandan sonra qurumun Daxili Təhqiqat İdarəsindən Kürdəmir Rayon Polis Şöbəsinə təhqiqat qrupu ezam olunub. Ancaq Könül xanım Təhqiqat Qrupundan da razı qalmayıb:
“Gəldilər polis şöbəsinə, ordan da çıxıb getdilər Bakıya… Niyə gəldilər, nəyi araşdırdılar, nəticə necə oldu, heç bir məlumat vermədilər. Heç prokurorluğa da getmədilər, işlə maraqlanmadılar”.
Kürdəmir Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Elşən İbişova qarşı hər hansı zorakılıq olmayıb. Bunu ekspertiza rəyi də təsdiqləyib. Prokurorluğun tələb etdiyi bütün sübutlar təqdim olunub. Ölüm faktını rayon prokurorluğu araşdırdığı üçün suallar da ora ünvanlanmalıdır. Rayon prokurorluğundan isə bildirilib ki, hələlik izahatlar alınıb və sübutlar toplanır. Cinayət işi başlanması üçün kifayət qədər sübut toplanarsa, cinayət işi başlana bilər. Prokurorluqdan əlavə məlumat verilməyib.