Külək Azərbaycanın Qərb bölgəsində fəsadlar yaradıb: Ölən və yaralananlar var

Mingəçevirdə və Gəncədə əhaliyə xeyli ziyan dəyib

Azərbaycanın Qərb bölgəsində dünən axşamdan başlayan güclü külək Gəncə, Mingəçevir, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Zaqatala və əksər rayonlarda fəsaslar törədib.

Gəncə və Mingəçevirdə irigövdəli ağacların aşması nəticəsində xəsarət alanlar olub, ölən var.
Qırılan ağaclar avtomobillərin üzərinə aşıb, bir neçə avtomobil yararsız hala düşüb, evlərin dam örtükləri uçub. Rayonlarda elektrik enerjisinin, qazın verilişində saatlarla fasilələr yaranıb. Gəncədə mağazaların qarşısındakı reklam lövhələri, o cümlədən içidolu soyuducular aşıb, sahibkarlara zərər dəyib.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, güclü külək bir neçə iri ağacı aşırıb, bir neçə avtomobilə ziyan dəyib. Şəhərin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü külək bir neçə evin də dam örtüyünü dağıdıb. Hazırda şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb.

Dünən gecədən başlayaraq küləyin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür. Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Hazırda Gəncə şəhərində yağışlı hava şəraiti müşahidə olunur.

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində altı nəfər xəsarət alıb. Onlardan biri, Ağdam rayon sakini aldığı xəsarətdən ölüb. Digər yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir İcra Hakimiyyətindən bildiriblər ki, güclü külək nəticəsində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqları qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.400 abonentin qaz xəttinin verilişində fasilə yaranıb, 1 ədəd fərdi evin dam örtüyünə ziyan dəyib. Qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşdüyündən sürücü yaralanıb. Z.Həsənova 2-də 1 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, 5 sakin ağac aşması nəticəsində xəsarət alıb, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu aldığı xəsarətlərdən ölüb. 17 min abonentin elektrik enerjisinin təchizatında 10 saat fasilə yaranıb.

Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb, nəqliyyata və hərəkətə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanılıb, hazırda bərpa işləri davam etdirilməkdədir.

Ağstafanın mərkəzi parkında güclü külək yüz ilə yaxın yaşı olan çinar ağacını kökündən çıxarıb. Rayon sakinləri bildiriblər ki, indiyədək belə küləklə rastlaşmayıblar. Parkdakı çayxana yerlə-yeksan olub. Güclü küləyin ağacı aşırması nəticəsində parkda istirahət edən rayon sakinləri-Tahir Abbasov və 1962-cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Rayonun Dağkəsəmən kəndində ağacın aşması nəticəsində 2006-cı il təvəllüdlü kənd sakini xəsarət alıb.

Gədəbəy və Tovuzda ağaclar aşıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Şəkinin Oxud kəndində ildırımlı hava sakinlərdə qorxu yaradıb. Kəndlərin əksəriyyətində sel nəticəsində gediş-gəliş dayanıb. Şamaxi rayonunun bir neçə kəndində sel evlərə dolub, yollar sıradan çıxıb.

Ötən gündən başlayaraq ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistral yolda hərəkətin dayanması barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə cəlb edilmiş Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsi, bununla da magistral yolda sərbəst hərəkətin bərpası təmin edilib.

Bundan başqa, yağan intensiv yağışlarla əlaqədar Yevlax şəhərinin Cahangir Kərimov küçəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin subasmaya məruz qalması nəticəsində ev sahibinin köməyə ehtiyacının yaranması barədə daxil olan məlumata əsasən göstərilən ünvana cəlb edilən FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən evdə köməksiz vəziyyətdə qalmış yaşlı qadın təhlükəsiz əraziyə təxliyə edilib.

Ana səhifəBölgəKülək Azərbaycanın Qərb bölgəsində fəsadlar yaradıb: Ölən və yaralananlar var