“Azərbaycanda LGBTQ+lərin ölkəni tərk etməsi fərdi seçim deyil”

Əli Məlikov

Əli Məlikov, foto: şəxsi arxiv

Azərbaycanda bir trans olaraq səsimi eşitdirmək cəhdlərim azyaşlı vaxtlarımdan başlayıb. İlk dəfə aktivizmə başlayanda “bu ölkədə bu yolun sonu yoxdur!” ifadəsini hər zaman eşitmişəm. İllərdir dostlarımdan və icmadan gördüyüm qədəri ilə əksər kuirlər köç təlaşı içində yaşayırlar. Son illərdə Azərbaycan siyasi və sosial baxımdan getdikcə daha qapalı bir cəmiyyətə çevrilir. İşsizlik, siyasi təzyiqlər, ifadə azadlığının məhdudluğu və təhlükəsizlik qorxusu daha çox gənci ölkədən çıxmağa məcbur edir. LGBTQ+ gənclər isə bu prosesi ikiqat diskriminasiya ilə yaşayırlar. Onlar bir tərəfdən ümumi siyasi və iqtisadi təzyiqlərin təsiri altında qalırlar, digər tərəfdən ailə, iş mühiti və dövlət strukturları tərəfindən məhz cinsi oriyentasiya və gender kimliklərinə görə hədəfə çevrilirlər.

Mənim də daim nəzarət və təlaş altında yaşadığım ölkədən köçməyim, dünyanın müxtəlif yerlərində müstəqil yaşamaq uğrunda mübarizə aparan azərbaycanlı LGBTQ+lər ilə yollarımın kəsişməsinə səbəb olub. İcma üzvlərinin danışdığı hadisələrə daha ətraflı baxdıqda deyə bilərik ki, Azərbaycanda LGBTQ+lərin ölkəni tərk etməsi fərdi seçim deyil, hüquqi qorunmanın olmaması, polis zorakılığı, cəmiyyətin kuirfob təzyiqlərini körükləyən sistemin nəticəsidir. Davamlı risk altında qalanlar üçün köç “imkandan” savayı, Azərbaycanda qalmağın mümkünsüzləşməyidir.

“Azad yaşayaram ümidi ilə Türkiyədə bir oğlanla məcburi evlənməyi qəbul etdim

Ailəsinin təzyiqlərindən qaçmaq üçün məcburi evləndirilən və Türkiyəyə köçən 27 yaşlı lezbiyan qadın Lamiyə* deyir ki, ona ilk təzyiqlər azyaşlı vaxtlarında başlayıb.

“11-12 yaşlarım olardı, xatırlayıram ki, anama daim qızlar haqda danışırdım. Gözəl qızlardan. Xoşuma gələn qız sinif yoldaşımı sevdiyimi deyirdim. Bir dəfə o qədər çox dedim ki, anam məni vurmuşdu. Çox məsum bir cümləmə görə”.

İllüstrasiya: Meydan TV

“Ailəmə hər dəfə fərqli bəhanələrlə gəlirdim. Deyirdim, universitet oxuyub evlənəcəm, işləyim sonra. Bəzən məcbur şəkildə ailəmin tapdığı oğlanlarla görüşürdüm, amma deyə bilmirdim ki, mənim həyatımda başqa bir qadın var. Artıq 22 yaşım olanda qaçış yeri qalmamışdı. Həmin vaxt sosial mediadan tanıdığım kollektivlərə, icma üzvlərinə yazıb dəstək taparaq xaricə qaçmağa çalışırdıq. Amma dəstək tapa bilmirdik. Düşünürdük ki, polisə gedək, bəlkə dərdimizə bir çarə tapılar. Həmin vaxt danışdığım vəkil mənə dedi ki, “polis lezbiyan olduğunuzu bilsə, özü sizi ailənizə deməklə təhdid edəcək”. Əl-qolumuz bağlı qalmışdı. Qohumlarım konservativdir, istəyirdilər ki, məni məcbur ərə versinlər. Mən də düşündüm ki, ən azından başqa ölkəyə köçərəm. Orada azad yaşayaram ümidi ilə Türkiyədə yaşayan bir oğlanla məcburi evlənməyi qəbul etdim. Hətta sevdiyim qadınla sağollaşa bilmədən ölkədən köçdüm”.

Azərbaycanda qadınların üzləşdiyi məcburi evlilik, ailədaxili zorakılıq və hüquqsuzluq onları daha təhlükəli “çıxış yollarına” məcbur edir. Patriarxiya və dövlətin bu modeli qoruyan mövqeyi, xüsusən kuir qadınlar üçün ikiqat çətinliklər yaradır. “Milli dəyər” modelindən kənara çıxan qadınlar ailələr tərəfindən cəzalandırıldıqları bəs deyilmiş kimi dövlət qurumlarının bu zorakılığı normallaşdıran və bilərəkdən gözardı edən mövqeyinə görə tək qalırlar. Beləcə də icma üzvləri bütün bu faktorlardan təsirlənərək məcburi evlilik, saxta münasibətlər və ya plansız miqrasiyaya sürüklənir. Hər hansı hüquqi və ya sosial təminat olmadan ölkəni tərk edir, tanımadıqları cəmiyyətlərdə sıfırdan həyat qurmalı olurlar.

Lamiyə baş verən məcburi evliliyi qəbul edə bilmək üçün uzun müddət kişiləri də bəyəndiyini düşünməyə çalışıb. Onun sözlərinə görə, toydan sonra məcburi seksuallıq yaşamalı olub və bu zamandan etibarən xilas olmağın yollarını axtarıb.

“Heç kimi tanımadığım bir şəhərə gəlmişdim. Xaousun içində özümü tənha hiss edirdim. Evdən tək çıxa bilmirdim, İstanbulu pəncərəmdən ibarət zənn edirdim. Bütün sosial həyatımı itirdiyim üçün panik ataklar yaşayırdım, bu duyğuların ağırlığı altında əzilirdim. Artıq oriyentasiyamı ailəmdən savayı rəsmi həyat yoldaşımdan da gizlətməli idim”. 

Lamiyənin həyatı Ankara şəhərində təşkil olunan feminist aksiyanın xəbərlərini gördükdən sonra dəyişib. O deyir ki, aksiyada bir-birinə sıx tutunan qadınların videosu qarşısına çıxıb. Hətta onlar elə birləşiblər ki, polis də aksiya iştirakçılarını aralaya bilməyib. Elə bu zamandan sonra Lamiyə həmin qadınları tapmağa qərar verib.

“Saatlarla “axı bunlar kimdir?” deyərək araşdırma etdim. Sonra həmin feminist qrupu tapdım. Növbəti tədbirlərinə cəsarətimi topladım və getdim. Məkana çatanda sadəcə “sizi internetdə gördüm” dedim. Sadəcə dedilər ki, “keç içəri”.

Elə bu zamandan sonra Lamiyənin həyatı dəyişib, o feminist fəallarla təşkilatlanmağa başlayıb. Lamiyə deyir ki, indi Azərbaycandakı həyatından daha azad yaşayır. Lakin hələ də öz ölkəsində ola bilməmək onu natamam hiss etdirir:

“Bəzən hələ də aid olduğum yerdəyəmmi, bilmirəm. Burada daha təhlükəsizəm, bilirəm. Hər Azərbaycandakı xəbərləri gördükdə insanların robot kimi yaşadığını düşünürəm. Ölkəmin gələcəyinin ümid verməməsi, doğulduğum yerə yad olmaq çox çətin gəlir”.

“Qıy Vaar!” LGBTİ+ Media Təşəbbüsünün verdiyi məlumata görə, keçən ilin yanvar və dekabr aylarında Bakı və Sumqayıt şəhərlərində polis kuir vətəndaşlara qarşı reydlər keçirib, bir neçəsindən hədə-qorxu vasitəsi ilə pul alıb. Öncəliklə, polis tanışlıq proqramlarında saxta hesablar yaradaraq icma üzvləri ilə tanış olub. Onların məlumatlarını topladıqdan sonra “onlayn fırıldaqçılığa qarışmaq”, “bankla bağlı nasazlıq” kimi bəhanələrlə LGBTQ+ləri polis bölməsinə çağırıblar. Davamında isə onları fiziki zorakılığa məruz qoyublar, şəxsi məlumatlarını ailələrinə, iş yerlərinə ifşa etməklə təhdid edərək pul alıblar.

“Mənə deyirdilər ki, “qışqır, elə bilirsən kimsə səni eşidəcək?!”

Əslən Sumqayıtdan olan və hazırda Hollandiyanın kiçik şəhərlərindən birində yaşayan 30 yaşlı Nurlan* da onlardan biridir.

O deyir ki, 14-15 yaşlarında ilk dəfə gey olduğunu başa düşməyə başlayıb:

“Evdəkilər televiziyada kuir görəndə “buna bax, qız-oğlandır” deyirdilər. Bu ifadələrlə böyümüşəm mən. Hər zaman özümü günahkar görürdüm. Dinə yaxınlaşmağa çalışırdım, bəlkə dəyişərəm deyə. Təsiri olmurdu. Mən də gizlənərək yaşamağa qərar verdim. Barmaqla göstərilmək istəmirdim.”

“Həmişə bilirdim ki, bir gün bu ölkədən getməli olacam, lakin təsəvvür etməzdim ki, başıma belə oyunlar gələcək. Dekabrın sonları idi, bu reydlərə mən də tuş gəldim. Həftə sonu idi. Mənə zəng gəldi ki, “şəbəkə cinayətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanındakı  bölməyə gəlməlisiniz. Bölməyə girənə qədər baş verənlərin fərqində deyildim. İri, qarabuğdayı bir kişi yaxınlaşaraq “siz insanlara çılpaq şəkillərinizi göndərmisiniz” dedi, məndən şikayət olduğunu iddia etdi. Halbuki mən heç kimə şəkil göndərmədiyimə əmin idim. Sumqayıt da kiçik şəhərdir, mənim iş yerimə və ailəmə xəbər verməklə hədələyərək 2000 manat istədilər. Mənə yataq həyatımla bağlı suallar verərək alçaldırdılar. Mənim mesajlarımı bir-birlərinə göstərərək gülürdülər. Mən də məcbur pulu verdim ki, canımı qurtarım”.

Nurlan deyir ki, çox keçmədən yanvar ayının 9-da onu təkrar eyni polis bölməsinə çağıraraq təhdidlər etməyə davam ediblər:

Mən hələ elə insanlar tanıyıram ki, polisə eyni bəhanə ilə 3-4 dəfə çağırılıblar. Dostumuzgildə idik, axşam 11 idi, yeni il tətili yeni bitmişdi və şəhərə çıxacaqdıq. Sakit yolumuzu gedərkən gördük ki, sivil formada bir dəstə insan bizi izləyir. Birdən polislərdən biri qışqırdı ki, “budur, bunu tut!”. Bizi qaçırmağa çalışanların kim olduğunu başa düşmürdük belə. Bizi yerdə sürüyərək zorla maşına oturtdular. Maşında bizi söyərək, sillələyərək susdurmağa çalışdılar. Dizlərimiz, qollarımız əzilmişdi. Telefonumuzla gizlicə 102-ə yığdıq, o an əlimizdən telefonu aldılar və zəngi bağladılar. Artıq nə edə bilərdik? Məni ayrı otağa saldılar və Namiq adlı bir polis gələrək mənim zorla telefonumu açdırdı. Sevgilimlə olan mesajlarımı açıb, növbəti təhdidlər üçün götürdülər. Başımıza yumruqlar vururdular, tez-tez müvazinətimi itirirdim, əllərimi qandallamışdılar. Mənə deyirdilər ki, “qışqır, elə bilirsən kimsə səni eşidəcək?!” Bədənimi təpiklədiklərini xatırlayıram, o qədər vurmuşdular ki, huşumu itirmişdim”.

Иллюстрация Мейдан ТВ
İllüstrasiya: Meydan TV

Niderlanda yeni gələndə Nurlan qaçqınlar üçün nəzərdə tutulan proqramlardan dəstək təklifi alıb, lakin o deyir ki, yaşadığı hadisələri təkrar xatırlamaq belə ona çətin gəlir. Dövlət qurumlarının zorakılıq mənbəyi olduğu avtoritar rejimlərdən gələn kuir mühacirlər üçün polisə, hökümətə bağlı bir qurumdan olan psixoloq və ya sosial işçiyə etibar etmək asan deyil. İlk zamanlarda “yardım strukturları” anlayışı beynimizdə təhlükə ilə assosiasiya olunur. 

Nurlan deyir ki, bölmədə zorla onun şalvarını açaraq təcavüz təhdidləri etməyə başlayıblar. Onun müqavimətini sındırmaq üçün əlləri qandallı yerə yıxıblar və bir qrup polis onun üzərinə hücum edib. Nurlanın sözlərinə görə, içəriyə daxil olan yaşlı bir polis də onların işgəncə görüntüsünü videoya çəkməyə başlayıb.

Yaşananlardan sonra Nurlan bir daha pul istəyərlər və verə bilməz, ailəsinə xəbər verilər deyə ölkəni tərk etmək məcburiyyətində qalıb. Deyir ki, ailəsini və evini qoyaraq Avropaya qaçmağa qərar verib.

“Niderlandda adi bir insanla ünsiyyətə keçəndə başa düşürsən ki, necə fərqli mədəniyyətdən gəlmişik. Burada insanlar bizim yaşadıqlarımızla empatiya qura bilmirlər.

Azərbaycanda 30 ilə yaxındır “sevgilin varmı?” sualına belə cavab verə bilmirdim, burada hamı kimi insan olduğumun fərqinə varmışam.

Daim özümü gizlədərək hamıdan fərqli olduğumu düşünürdüm, Hətta zamanla düşünürdüm ki, mən normal deyiləm. İndi polis dövlətində deyiləm və fundamental azadlıqlarım olduğu üçün xoşbəxtəm, amma mənim aid olduğum yer artıq haradır, bilmirəm.”

Reydlər, qətl və susdurulan icma

Dekabrın 27-də Bakının mərkəzində quir icmasına yaxın olan “Labyrinth” klubunda polis reydi keçirilib. Meydan TV-yə danışan icma üzvlərinin bildirdiyinə görə, reyd zamanı ümumilikdə 106 nəfər LGBTQ+ vətəndaş saxlanılıb. Saxlanılan şəxslərdən bəziləri adlarının açıqlanmaması şərti ilə Nəsimi Rayon Polis Bölməsində üzləşdikləri rəftar barədə məlumat veriblər. Onların sözlərinə görə, polis bölməsində saatlarla ayaq üstə saxlanılma, fiziki zorakılıq, təhqir və alçaldıcı davranış halları baş verib. Tualetə getməyə icazə verilməyib və halı pisləşən şəxslərə yardım göstərilməyib. Eyni zamanda, icma üzvləri polis əməkdaşları tərəfindən pul tələb olunması, psixoloji təzyiq və bəzi hallarda seksual zorakılıq iddialarının da mövcud olduğunu qeyd ediblər.

Keçən il noyabrın 4-də isə Bakının Bəşir Səfəroğlu küçəsində Yasin İbadov adlı 19 yaşlı kuir əmisi tərəfindəb bıçaqlanaraq qətlə yetirilib. Şahidlər mediaya deyiblər ki, ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib və polis yalnız qətli törədən şəxsin özü zəng etdikdən sonra hadisə yerinə gəlib. Bildirilir ki, tibbi yardım da vaxtında və adekvat şəkildə göstərilməyib. 

ILGA-Avropa təşkilatının 2025 üçün “Göyqurşağı Xəritəsinə” əsasən, Azərbaycan 49 Avropa ölkəsi arasında Rusiyadan sonra sonuncu yerdə qərarlaşıb. Azərbaycan hökuməti daim tolerantlıq və müxtəlifliyə hörmət etdiyini bəyan etsə də, baş verən hadisələr zamanı insan haqları pozuntuları ilə bağlı yaratdığı laqeyd vəziyyət, hökümətin LGBTQ+ icmasına qarşı münasibətdə qeyri-səmimi olduğu mənzərəsini yaradır. Biz tez-tez müstəqil araşdırmaçılardan da Azərbaycanın Avropa ilə münasibətlərinin daha çox iqtisadi maraqlara söykəndiyini eşidirik. İnsan haqları bu münasibətlərdə prioritet mövzu deyil. Hətta Azərbaycan höküməti bizim kimliyimizdən müxalif fiqurları hədəfə çevirmək üçün bir alət kimi istifadə etməyə çəkinmir. Seçki dövrlərində və son repressiyalarda, hökumət müstəqil media və fəalları Avropa ilə əlaqələndirərək, onların dəfələrlə dövlətə qarşı “təhlükə” kimi təqdim edib. Məsələn, 2024-cü ilin prezident seçkilərində mən öz təşəbbüsümlə müşahidəçi kimi iştirak edərkən, hökumət müstəqil müşahidəçiləri (eləcə də məni) Avropadan maliyyə almaqda suçlayırdı. Hökümətyönlü xəbər saytları haqqımda yazarkən heç bir təhlükəsizliyimi düşünmədən mənim LGBTQ+ kimliyimə vurğu edib, qaralayırdılar. Azərbaycanda ən xırda müstəqil iş yerinə yetirməyin belə kriminallaşdırıldığı zamanda əlbəttə kuir icma bir araya gəlmək və baş verən hüquq pozuntularına qarşı səs çıxarmaqdan məhrumdur.

*Respondentlərin adları təhlükəsizlik səbəbindən dəyişdirilib

Ana səhifəXəbərlər“Azərbaycanda LGBTQ+lərin ölkəni tərk etməsi fərdi seçim deyil”