Küçəyə çıxmaqla bağlı qadağaların sərtləşdiyi deyilir

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN Xidmət”in 108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Source: Meydan TV


Sosial şəbəkələrdə Nazirlər Kabinetinin hələ təsdiqləmədiyi sənəd yayılıb

"Yaxın saatlarda küçəyə çıxmaqla bağlı icazə qaydaları açıqlanacaq”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

DİN rəsmisi Əziz Baqişev isə deyib ki, vətəndaşlar elektron qaydada icazə aldıqdan sonra küçəyə çıxa biləcəklər: “Vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir”.

Eyni zamanda, sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsus olduğu deyilən sənəd yayılıb. Sənəd hələ rəsmi təsdiqlənməyib.

Həmin sənəddə göstərilir ki, 4 aprel 2020-ci il tarixində, saat 00.00-dan etibarən karantin rejimində məhdudiyyətlər tətbiq olunacaq.

Həmin məhdudiyyətə görə, Prezident Administrasiyasının və Nazirlər Kabineti Aparatının işçiləri, Milli Məclisin deputatları və aparatının əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, dövlətə aid hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və müavinləri, dövlət əhəmiyyətli, həyat təminatı, habelə fasiləsiz fəaliyyət göstərən obyektlərin, müəssisələrin əməkdaşları 1 nömrəli siyahıya əlavə ediləcək. Onların xidməti vəsiqələri və ya iş yerindən arayış əsasında hərəkət etmələrinə yol veriləcək.


1-ci siyahı

ya daxil olanlar içində səhiyyə işçiləri, hərbçilər, hüquq- mühafizə orqanı, məhkəmə işçiləri və vəkillər də var.

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Xarici İşlər Nazirliyinin (XİN) verdiyi akreditasiya karları əsasında evdən çıxa biləcəklər.


2-ci siyahı

ya daxil olanlar barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların evdən çıxmasına izin veriləcək.

Həmin şəxslər icra hakimiyyəti, dövlətə məxsus olan hüquqi şəxslərin, eyni zamanda, dövlətin adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş istiqamətlərdə fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və onların mühafizəsi, texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları da bu siyahıya daxildir.

2-ci siyahıya həmçinin könüllülük fəaliyyəti ilə məşğul olan şəxslər də daxil edilib. Onlar “ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə Könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləridir. Bu şəxslərin evdən çıxması üçün onlar barədə məlumat “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Qalan insanların evdən çıxa bilməsi bir neçə hallarda mümkündür:

Təxirəsalınmaz tibbi zərurətlə əlaqədar. Bu zaman sizə 2 saat müddətində icazə verilir. Geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyən edilir və zərurət olduqda polis əməkdaşlarına göstərilir;


  1. Ərzaq və digər gündəlik təlabat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar. Bu zaman da icazə 2 saat müddətinə, gündə bir dəfə verilir;

  2. Yaxın qohumlarının dəfnində iştirakla əlaqədar. İcazə 5 saat müddətində verilir;

  3. Açıq havada yaşayış yerindən 200 metrədək məsafədə qısamüddətli gəzinti ilə əlaqədar. İcazə 30 dəqiqə müddətində, gündə 1 dəfə verilir.

Bu zaman vətəndaş izin almaq məqsədilə 803 nömrəsinə SMS məlumat göndərməlidir (məlumatı göndərmək ödənişsizdir).

SMS məlumatlarının mətnində aşağıdakı 4 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır

Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111 – öz vəsiqənizin nömrəsini yazırsınız);


  1. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

  2. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111).

Nümunə: Ərzaq və gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün – 2 AZE 1111111 (öz vəsiqənizin nömrəsini qeyd edirsiz) məzmunlu SMS məlumatını 803 nömrəsinə göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavabda SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Cavab SMS məlumatı polis əməkdaşlarının tələbilə onlara təqdim edilməlidir.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və hüquq mühafizə orqanlarına çağırılmaqlarına dair sənədi polis əməkdaşların verirlər.

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN Xidmət”in 108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları barədə məlumatları “icaze.e-gov.az” portalına 2020-ci il aprelin 2-si saat 10:00-dan etibarən daxil etməlidirlər.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilir. Qaydaları pozan şəxs İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olacaq. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün icazə alınması prosedurlarından sui-istifadə hallarının da araşdırılacağı deyilir. Belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "

Report

"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil. "Belə bir sənəd qəbul olunmayıb", – İ.Məmmədov vurğulayıb.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 48 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Ana səhifəSosialKüçəyə çıxmaqla bağlı qadağaların sərtləşdiyi deyilir