Körpüdən keçən yük qatarında yanğının baş verdiyi bildirilir
Oktyabrın 8-də, səhər saatlarında Krım körpüsünün dəmiryol xəttində partlayış baş verib.
Məlumatı Odessa şəhərinin rəhbəri Sergey Bratçuk “Teleqram” kanalında yayıb.
Rusiya rəsmi mənbələri məlumatı təsdiqləyib.
Krım Dəmir Yol İdarəsinin mətbuat xidməti bildirib ki, saat 06:05-də Kerç boğazından keçən nəqliyyat keçidinin dəmir yolu hissəsində yük qatarının yanacaq çənində partlayış baş verib.
Rusiya Milli Terrorla Mübarizə Komitəsinin informasiya mərkəzi körpüdə yük qatarının partlamasının yanğına səbəb olduğunu qeyd edib.
Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov baş verənlərə görə Ukraynanı ittiham edib.
Rusiya İstintaq Komitəsi Krım körpüsündə baş vermiş insidentlə bağlı cinayət işi açıb.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə hadisə yerinə mərkəzi ofisin kriminoloqları göndərilib.
Körpünün avtomobil və dəmir yolu hissələrində hərəkət məhdudlaşdırılıb.
2014-cü il martın 18-də Rusiya Prezidenti Vladimir Putin keçirilmiş qondarma “Krımın statusu ilə bağlı referendum” nəticəsində Rusiyaya birləşdirilməsini elan edib.
Krımı Krasnodarla birləşdirən körpü yarımadanın ilhaqından az sonra tikilib.
Uzunluğu 19 kilometr olan körpünün tikintisinin dəyəri 228 milyard rubl olaraq qiymətləndirilir.
2018-ci ilin mayında körpüdə nəqliyyat vasitələrinin hərəkəti açılıb, 1 il sonra isə qatarlar fəaliyyətə başlayıb.