Kreml: Aleksey Navalnının zəhərlənərək öldüyü iddiaları əsassızdır

Aleksey Navalnı. Foto: Meydan TV

Rusiya hakimiyyəti Avropanın beş ölkəsinin Aleksey Navalnının epibatidin maddəsi ilə zəhərlənərək öldüyü barədə açıqlamasını rədd edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderlandın ittihamları “qərəzlidir və heç bir fakta əsaslanmır”. Onun sözlərinə görə, Kreml bu bəyanatlara “son dərəcə mənfi” yanaşır.

“Biz belə ittihamları qəbul etmirik. Onları qərəzli və əsassız hesab edirik və qəti şəkildə rədd edirik”, – deyə Peskov vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Avropa ölkələrinin açıqlamasını “informasiya atəşi” adlandırıb. O bildirib ki, bu bəyanatlar Qərbin aktual problemlərindən diqqəti yayındırmaq məqsədi daşıyır.

“‘Şimal axını–1’ və ‘Şimal axını–2’ layihələri üzrə istintaqın nəticələrini təqdim etməli olduqları vaxtda onlar Navalnını xatırlayırlar. Navalnının analiz məlumatları rəsmi şəkildə tələb ediləndə isə Skripallarla bağlı sensasiyalar ortaya atırdılar. Analizlərin nəticələri və maddələrin formulları olarsa, onda şərh də verilə bilər”, – deyə Zaxarova bildirib.

Avropanın beş ölkəsi fevralın 14-də yaydıqları birgə bəyanatda rusiyalı müxalifətçi Aleksey Navalnının 2024-cü ildə həbsxanada epibatidinlə zəhərlənərək öldüyünü iddia edib. Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderlandın birgə bəyanatında qeyd olunub ki, Navalnının biomateriallarında epibatidin maddəsi aşkar edilib və bu zəhərin “yüksək ehtimalla ölümə səbəb olduğu” bildirilir. Epibatidin Cənubi Amerikada yaşayan oxlu qurbağanın dərisindən əldə edilən güclü toksindir.

Rəsmi məlumatlara görə, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən İK-3 (“Qütb canavarı”) cəzaçəkmə müəssisəsində saxlanıldığı vaxt ölüb. Rusiya Federal Cəzaçəkmə Xidməti onun vəfat etdiyini 2024-cü il fevralın 16-da açıqlayıb.

Qurumun bildirdiyinə görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Koloniyanın tibb işçiləri və hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu xilas etməyə çalışsa da, bu mümkün olmayıb. Ölüm haqqında şəhadətnamədə Navalnının “təbii səbəblərdən” öldüyü göstərilib.

Ana səhifəDünyaKreml: Aleksey Navalnının zəhərlənərək öldüyü iddiaları əsassızdır