Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli pul yığımları, təminat problemləri, sosial sıxıntılar və narazılıqlara görə təzyiqlər barədə danışır. Mənbə bu şəraitdə baş verən intihar hadisələrinin təsadüfi olmadığını iddia edir.
İki intihar: Qazax və Yevlaxda özünə atəş açma xəbərləri
Anonim mənbənin Meydan TV-yə bildirdiyinə görə, 2026-cı il 2 yanvar tarixində DSX-nin Yevlax rayonunda yerləşən hərbi hissəsində bir zabit – baş-leytenant Şamo Emin oğlu Əliyev (1988-ci il təvəllüdlü, Ağdam rayonunun Çəmənli kəndindən) özünü silahla vurub. Zabit ailəli olub, uşaqları var idi.

Hərbçi daha əvvəl mediada yayılan digər bir xəbəri də xatırladır: Ötən il, 19 noyabr tarixində DSX-nin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən 2001-ci il təvəllüdlü əsgər Əkbər Rövşən oğlu Ələkbərov xidmət vaxtı odlu silahla özünə atəş açaraq həyatını itirib.
Hərbi qulluqçu iddia edir ki, belə hadisələrdən sonra şəxsi heyət içində suallar artdıqca “şübhəli” kimi qəbul olunurlar:
“Bizim bölükdən deyildi. Sadəcə hər kəsdən nəsə çox soruşanda şübhələnirlər”.
“Mediaya pul verib xəbərləri sildirirlər”
Mənbə DSX daxilində narazılıqların ictimailəşməsinə həssas reaksiya verildiyini iddia edir. Onun sözlərinə görə, Qazaxda vaxtilə “pul yığılması” ilə bağlı şikayətlər yayılandan sonra hərbi hissədə sərt xəbərdarlıqlar edilib:
“Qazaxda hərbçilər şikayət ediblər pul yığılması ilə bağlı. Gəlib hərbi hissədə hamını cinayət işi açmaqla qorxudublar. Deyiblər ki, məlumat ötürənləri tapacağıq, telefonlarınız dinlənilir”.
Hərbçi həmçinin, mediada yayılan məlumatların aradan qaldırılması üçün təsir mexanizmlərinin işlədiyini iddia edir:
“DSX-da belədir ki, mediaya pul verib onun haqqındakı xəbərləri sildirirlər”.
“Təmir fondu”: 50 manat gizirdən, 100 manat zabitdən
Hərbçinin ən ciddi iddialarından biri – bölmələrdə mütəmadi pul yığımıdır. O deyir ki, hər ay “təmir fondu” adı ilə şəxsi heyətdən pul toplanır:
“Bizdən çox pul yığırlar, bezmişik. Hər ay gizirlərdən 50 manat, zabitlərdən 100 manat pul yığırlar. Təmir fondu adı altında yığırlar bu pulu”.
Mənbənin sözlərinə görə, pul verməyənlər cəzalandırılır:
“Verməyəndə də töhmət verirlər, xidmətə uyğunsuzluqla tərxis edirlər. Bu halla bir giziri çıxarıblar, hamının gözü qorxub”.

ZTR-lər üçün akkumulyator problemi: “Birini boynundan asıb maşınları işə salırlar”
Hərbi qulluqçu təminat məsələsində də korrupsiya və ya vəsaitin mənimsənildiyini iddia edir. Onun dediyinə görə, hərbi hissədə olan ZTR texnikaları üçün nəzərdə tutulan yeni akkumulyatorlar verilməyib:
“Hərbi texnikadır, ZTR hərbi hissədədir. Təzə akkumulyatorlar verilməlidir. Onun da akkumulyatorları çox bahadır. Onların pulunu siliblər ya yeyiblər – nə ediblərsə təzəsini vermirlər”.
Meydan TV-yə bunları danışan hərbçi vəziyyətin absurd həddə çatdığını iddia edir:
“Köhnə akkumulyatorlar qalıb ZTR-lərin üstündə. Bir dənə təzə akkumulyator veriblər, onu da əsgər boynundan asır, bir-bir maşınları işə salır”.
“Ölü pulu”: hər ay 10–20 manat
Hərbçi deyir ki, şəxsi heyətdən başqa bir “fond” üçün də pul yığılır – “ölü pulu”:
“Bizdən hər ay 10–20 manat ölü pulu yığırlar. Guya hərbi hissədə kimsə ölsə ailəsinə o pul verilir”.
Onun hesablamasına görə, bu sistem böyük məbləğ yaradır:
“Bir hərbi hissədə 20 minə yaxın pul yığılır. DSX-da 50-yə yaxın hərbi hissə var… Bu xeyli pul edir”.
Mənbə iddia edir ki, real ödənişlər isə gözləntiləri doğrultmur:
“Zabitlərdən rəhmətə gedən olub, ailədən soruşmuşuq, deyiblər ki, konvertdə 500–600 manat pul veriblər”.
Hərbçinin sözlərinə görə, pul yığılması məcburi xarakter daşıyır:
“2024-cü ilin yanvarında baş idarənin rəisi, general-leytnant Rəsul Tağıyev in anası öldü, qoşunda onun üçün pul yığıldı. Hamı azı 10 manatdan pul verməli idi”.
“Maaş bir həftəyə bitir”
Anonim hərbçi şəxsi heyətin sosial durumunun “dözülməz” olduğunu da dilə gətirir:
“Hərbçilərin 90 faizinin krediti var və hamımız nisyə yaşayırıq. Aldığımız maaşı da həmin ay dükana olan borca veririk, bir hissəsini kreditə veririk. Qalan hissəsi ilə də 1 həftə ancaq dolana bilirik”.
Ailəli hərbçilərin daha ağır vəziyyətdə olduğunu bildirir:
“Subay olanlara çətindirsə, ailəlilərə daha da çətin olur. Onlar məcbur olub faizə pul götürürlər”.
Mənbə bir neçə il əvvəl baş verdiyini dediyi başqa bir hadisəni də danışır:
“Burada hərbi qulluqçu var idi, faizə pul götürmüşdü. Faizçilər bizdən maaş kartını alır, faizə pul verirlər. O da, faizi ödəyə bilmirdi, maaşını da vermirdilər, pis vəziyyətdə qalmışdı. Ailəli idi. Özünü atdı qatar yoluna. Qolu kəsilmişdi və sonra qanaxmadan öldü. Bu hadisə 4-5 il bundan əvvəl olub”.

“Kartla maaş verirlər, sonra məcburi alış-veriş etdirirlər”
Anonim mənbənin başqa bir iddiası – əsgərlərin rəsmi maaş sisteminin dolayısı ilə “geri alınması”dır. O bildirir ki, korrupsiya riskini azaltmaq üçün kartla ödəniş edilsə də, sonradan əsgərləri müəyyən yerlərdən alış-verişə məcbur edirlər:
“Korrupsiya halının qarşısını almaq üçün əsgərlərə kartla pul ödənir. Sonradan əsgərlərə hərbi hissədə olan kafe və dükanlardan məcbur ləvazimatlar aldırırlar”.
Mənbənin sözlərinə görə, bu obyektlər “rəhbərliyə bağlıdır” və vergi/təchizat məsələlərində də şübhələr var:
“Kafelər sistemi DSX-nın rəhbərliyinə aiddir və oradan almaq məcburidir. Üstəlik kassaları yoxdur, vergi də vermirlər. İşığı, qazı, suyu da hərbi hissədəndir. Məhsulları da əsgərin anbarından götürürlər. Yəni kafelərdə satılan yeməklər əsgərlərin məhsullarından hazırlanır, sonradan zabitə, gizirə pulla satır”.
“Paltar pulu illərdir verilmir”
Mənbə iddia edir ki, uzun illərdir geyim təminatına görə verilməli olan ödənişlər dayandırılıb:
“Neçə ildir paltar pulu almırıq. Uzun müddətdir öz hesabımıza paltarları tikirik. Parçanı verib deyirlər ki, gedin özünüz tikin. Əslində bizə onun ödənişi edilməlidir. Sonuncu dəfə 2020-də 170 manat ödənilmişdi. İndi nə qədərdir bilmirəm. O vaxtdan paltar pulu almırıq”.

Qarabağ bölgəsində xidmətlə bağlı narazılıqlar
Hərbçi Müdafiə Nazirliyində ümumi şəraitin Dövlət Sərhəd Xidmətindən daha pis olsa da, hərbi qulluqçuya baxım tərəfindan Müdafiə Nazirliyinin daha yaxşı olduğunu deyir:
“Məsələn, onlar vaxtında mükafat pullarını alırlar, bayram pullarını alırlar. Bizdə isə bayram pulları yazılır, amma verilmir. Bizdə hər il yanvarda maaş gecikdirilir, amma səbəbi nədir – bilmirik. Zabitlər məcburdur qalıb işləməyə, çünki akademiya oxuyublar. Uzun müddətdir bu sistemi görüblər. Amma gizirlər, maxelər gəlib sistemi görüb peşman olub çıxırlar“.
Hərbçi tərxis olunmağın da sistem tərəfindən demək olar ki, mümküsüz vəziyyətə çatdırıldığını bildirir:
“Tərxisə yazılan raportlar çoxdur. Amma məcbur saxlayırlar. Vaxt uzadırlar, raportlara gec baxırlar. Onları aldadırlar ki, yüksək əmək haqqı olacaq, amma gəlirlər, istədikləri şəraitlə qarşılaşmırlar, raportlarını yazırlar, çıxmaq istəyirlər. Elə gizir var ki, bir ildir hərbi hissəyə işə də gəlmir, söz demirlər, amma xidmətdən də çıxartmırlar. Çünki işçi sayının azalmasını istəmirlər”.
Anonim mənbə deyir ki, xüsusən Qarabağ zonasına göndərilənlərin bir hissəsi xidmət yerinin dəyişdirilməməsindən şikayətlənir:
“Qarabağ zonasından xidmət edənlər kütləvi şəkildə raport yazırlarю Amma artıq 4–5 ildir ki, onların yerini dəyişmirlər. Əsasən də Laçın, Qubadlı tərəfdə şərait daha pisdir. Palatkada qalanlar var. Onlar kütləvi şəkildə təxris raportunu yazırlar. Sadəcə Hərbi Prokurorluq gəlir cinayət işi ilə qorxudurlar. Təzyiqlə orada saxlayırlar”.