Kredit ala bilməyən əlillər: “Birinci qrup əlilik deyə etibar etmirlər”

Əlillik. Foto: Azərtac


Ekspert: “Banklar özünü risk, vətəndaşı borc qarşısında qoymamaq üçün kredit vermirlər”

“Hər ay övladımla birgə Beynəlxalq Bank vasitəsilə 870 manat pensiya  alırıq. Ancaq illərdir ki, bu müavinətə kredit ala bilmirəm. Birinci qrup əlilik deyə etibar etmirlər. Təqaüdü gəlir saymırlar. İki il öncəyə qədər mübarizə apardıq, etiraz etdik, hətta BMT-yə də şikayət olundu, amma nəticəsi olmadı”.

Bunu Meydan TV-yə Sumqayıt sakini, anadangəlmə görmə məhdudiyyətli I qrup əlil, 35 yaşlı Fariz Hüseynov deyir.

Onun sözlərinə görə, 2014-cü ildən indiyə qədər istehlak kreditlərindən yararlana bilməyib, daha doğrusu, ona bu imkanı tanımayıblar.

Deyir ki, dəfələrlə dövlət və özəl banklara, bank olmayan kredit təşkilatlarına müraciət etsə də, ona kredit ayrılmayıb. Bunun üçün birinci qrup əlillərdən  etibarnamə və üçüncü  şəxsin şahidliyi  tələb olunur. Hətta müddəti bitmiş pensiya kartının yenilənməsi və debet kart imkanlarından yararlanmaq üçün də bu tələb qoyulur.

Əvvəl 10-12 manata olan  etibarnamə indi 18-20 manatdır. Hələ “ASAN xidmət”də etibarnamə ilə yanaşı, üçüncü bir şahidimiz olmalıdır. Xarici ölkədən göndərilən pul belə etibarnaməsiz verilmir. Üstəlik, etibarnamə verilib müqaviləyə imza atanda həmin şəxsin imzası ilə yanaşı, bizim də möhürümüz vurulur. Əgər imzamı tanımırsansa, niyə möhürüm vurulur? 2014-ci ilədək çətin də olsa, kredit ala bilirdik. Ondan sonra nəinki banklar, heç mağaza şəbəkələri bizə kreditlə heç nə vermir. Bu ayrı-seçkiliyə dair bankın daxili nizamnaməsi də göstərilmir”, – deyə o qeyd edib.

Foto: Meydan TV

Ölkədə yaşayan yarım milyondan çox əlilin 67 000-i görmə əngəlli  əlillərdir. Bunun da 15 mini, yəni 22 faizi I qrup əlillərdir. On il öncə isə bu rəqəm iki dəfə az, 7880 nəfər olub.  Ümumilikdə isə ölkədə  62.9 min  nəfər  birinci qrup əlil var.  Bu rəqəm on il öncə iki dəfə az – 24.9 min nəfər təşkil edib. Sayları artıqca əlillərin  kredit imkanlarından yararlanma cəhdləri də ciddi problemə çevrilir.

Əlilliyi olan şəxslər bildirir ki, onlar üçün  işlə təminat çətin olduğundan kredit  imkanlarından  yararlanmaq  mümkünsüzdür.  Azərbaycanda əmək bazarında əlilliyi olan şəxslərin cəmi 11-12 faizinin məşğulluğu təmin edilib. Bunların da arasında birinci qrup əlillərin payı heç bir faiz təşkil etmir.

I qrup əlillər dövlət tərəfindən digər qrup əlillərə nisbətən yüksək təqaüdlə təmin edilsə də, banklar bu təqaüdü onların aylıq ehtiyacı kimi qəbul edir. Hətta nəinki Fariz kimi ancaq təqaüdlə dolanan, rəsmi işdə çalışan I qrup əlillər belə kreditgötürmə imkanından yararlana bilmirlər.

“Sabah əleyhimizə işləyər, sübut edə bilmərik deyirlər”

Sonradan görmə qabiliyyətini itirən birinci qrup əlil, 61 yaşlı Famil Hacıyev deyir ki, ali təhsilli müəllim olsa da, heç vaxt  kredit götürə bilməyib.

Onun sözlərinə görə, banklar onun görmə qabiliyyətinin olmamasını əsas gətirərək aylıq ödəniş imkanlarına etibar etmir:

Famil Hacıyev

Bir telefona görə o mağazanın rəhbərliyinə qədər gedib mübarizə apardım, sindromu sındırdım. Ancaq  kredit götürmək çətindir. Bank əsas gətirir ki, müqaviləni görmürsən, oxuya bilmirsən. Yanımdakı adamı etibarlı şəxs, şahid kimi təqdim etsəm də, onu da problem edib əsaslı sübut, şahid hesab etmirlər. “Sabah əleyhimizə işləyər, sübut edə bilmərik”, – deyirlər. İki övladım var, nə kredit götürə, nə də ipoteka ilə ev ala bildim. Artıq ümidim də qalmayıb, yorulmuşam”.

Banklar niyə kredit vermir?

Meydan TV birinci qrup əlillərə kreditin verilməməsi ilə bağlı bir neçə banka sorğu göndərib.

Əksər banklar sorğuya: “Bank tərəfindən birinci qrup əlilliyi olan şəxslərə istehlak kreditlərinin ayrılmasında heç bir məhdudiyyət yoxdur. Birinci qrup əliliyi olan şəxslərə bankın daxili prosedurlarına uyğun olaraq, kredit rəsmiləşdirilir”, – deyə cavab verilib.

Amma bank məsələləri üzrə ekspertlər bu cavabları şablon sayır, onların dedikləri ilə razılaşmır və əksini deyirlər.

“Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur”

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, qanunda ayrı-seçkilik olmasa da, banklar kommersiya maraqlarını və riskləri nəzərə alıb belə həssas qrup insanlara kredit verməkdə maraqlı olmurlar.

Əlillərin aylıq pensiya təqaüdü və işsizliyi ilə yanaşı, borcların gəlirlərə nisbəti əmsalı da nəzərə alınır:

Onların  kreditlərdən yararlanmaq hüququ var. Digər tərəfdən də borclanma məsələsi var. Bu qrup həssas insanların xərcləri çox, gəliri az olur. Nəticədə kredit götürüb iş yerini, ödəniş qabiliyyətini itirəndə banklarla onlar arasında münaqişə başlayır. Bank da çox da bu qrup insanların üzərinə gedə bilmir. Onları məhkəməyə versə, həssas qəbul edilir. Bu səbəbdən bank da ödəniş qabiliyyətini, aylıq gəlirini nəzərə alıb öncədən kreditin verilib-verilməyəcəyini dəqiqləşdirir və bəzən də konservativ yanaşır. Kreditin məsuliyyətdir. Borcların gəlirlərə nisbəti əmsalı var. Bu, 45 faizdən çox olmamalıdır. Buna görə banklar özünü riskə atmaq istəmirlər”.

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir”

Ekspertin sözlərinə görə, banklar əlilliyi olan şəxslər arasında görmə əngəlli olanlarla maliyyə sövdələşməsinin riskli sayırlar. Bu mənada da qəyyum, şahid və  imza qaçılmaz hesab edilir:

Foto: Elman Sadıqovun şəxsi arxivindən

“Əqli qüsurlu, gözdən əlillər üçün maliyyə sövdələşməsi risklidir. Mütləq qəyyumu olmalıdır. Tutalım, şəxs yüksək məbləğli əmlakını girov qoyur, satır. Bunu dərk edən, görən, təsdiqləyən qəyyum lazımdır ki, onun da imzası qaçılmazdır. Bu sonrakı aldadılmanın qarşısını almaq üçündür. Hüquqşünas və bank əməkdaşı vətəndaşa hüququnu, prosesi başa salmalıdır. Mümkündür ki, sabah məhkəmə bankı günahkar çıxarsın ki, pensiya kartını, debet kartını, adına gələn pulu niyə qəyyumsuz, şahidsiz vermisən. Bank bununla risklərini sığortalayır”.

“Bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox”

Dövlət bankı sayılan Beynəlxalq Bankdan da bunu riskli məsələ hesab edirlər:

Banklar və sığorta üçün də xüsusi müştəri kateqoriyaları var ki, həmin şəxslər riskli sayılır. Söhbət onların əlilliyi ilə bağlı deyil, bəzən kredit verilərkən bu əlillikdən sui-istifadə halı bank üçün  problem yaradır. Kredit ödənişini tələb edəndə bəzən əlilliyi əsas gətirib ödənişdən imtina edirlər. Hətta sığorta şirkətləri üçün də xüsusi riskli müştəri qrupu var ki, onu sığortalamırlar. Müştərilər riskli, az riskli və risksiz kateqoriyalara bölünür. Daimi və stabil əməkhaqqına çalışan müştərilər risksiz müştərilərdir. Yəni bank üçün ödəmə qabiliyyəti önəmlidir, əlilliyi yox. Əngəlli şəxslərə verilən təqaüdlər elə onların aylıq sağlamlığı, qidalanması kimi ehtiyaclarının ödənişi üçündür”.

“Dövlət sosial proqramlar vasitəsilə dəstək verə bilər”

Adının açıqlanmasını istəməyən bank mütəxəssisi isə bankın daxili qaydalarını risk departamentinin təmin etdiyini bildirir. O deyir ki, banklar əlillərin təqaüdünü aylıq kredit ödənişinə adekvat gəlir kimi riskli sayırlar.

Azərbaycan Mərkəzi Bankı, RHMN/shutterstock

Mərkəzi Bankın İdarə Heyətinin  “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydasının 16 may 2024-cü il tarixli qərarına əsasən, əlil şəxslərin  kredit imkanlarından yararlanmaq şansı yaranır. Burada müsbət yöndə dəyişiklik qeyd olunsa da, əslində, həmin qərarın 6.5.1 bəndində qeyd olunur ki, sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması sığorta hadisəsi hesab edilmir. Yəni faktiki əlillik dərəcəsi daşıyan şəxslər sığortalanaraq kredit götürmək imkanlarından kənarda qalır.

Dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədlidir”

Banklar Assosiasiyasının hüquq məsələlər üzrə Ekspert Qrupunun rəhbəri Qorxmaz Ağayev deyir ki, yeni qaydalar nə müştərilər, nə də banklar üçün məcburidir.

Onun sözlərinə görə, “Həyat sığortası”na edilən dəyişiklik zaminsiz kreditləşməni həyata keçirməyə şərait yaratmaq məqsədi güdür:

Foto: Qorxmaz Ağayevin şəxsi arxivindən

Bu dəyişiklik zaminsiz kreditləşməni həyata keçirmək məqsədi güdür. Çalışırıq ki, əlillərlə  bağlı yanaşmaları ümumiləşdirib banklar üçün tövsiyələr müəyyənləşdirək. Bizdə Bank Ombudsmanı İnstitutu var ki, müştəri problemlərini onlar araşdırır. Müştərinin əslində ödəmə bacarıqları, müqaviləsi daxili prosedura uyğundursa, problem olmur, ancaq fərdi hallarda istisnadır və sığortalanma olmur. Bu qaydaya əsasən, sığortalanan və kredit götürən şəxslərə ölüm və əlillik dərəcəsinə səbəb olacaq istehsalat qəzası baş verəndə xərclər sığorta şirkəti tərəfindən ödəniləcək. Bu sığorta sistemini, həm də bank kreditləşməsini intensivləşdirəcək”.

Banklardan da bildirilib ki, yeni tətbiq ediləcək dəyişilikdə şəxsin müqavilə bağlanan dövrə qədər əlilliyi təsdiqlənərsə, “Həyat sığortası” onlara tətbiq edilmir və nəticədə kredit götürmək imkanı olmur. Banklar bununla zamin və sığorta şirkəti arasındakı məsuliyyəti bölüşdürəcək.

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir”

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, risk qrupu məsələlərində sığorta şirkətlərinin güzəşti yoxdur:

Foto: lkin İbrahimovun şəxsi arxivindən

“Əllilik varsa, “Həyat sığortası” bundan imtina edir, çünki riskdir. Əlillik dərəcəsinin müəyyən olunması sığorta hadisəsi hesab olunur. Tətbiq olunacaq bu dəyişilikdə sığorta şirkətləri qazanacaq, banklar isə zaminlə bağlı qismən problemlərini həll edəcək. Sığorta olunanın ölümü və əlilliyinə dair sığorta hadisəsi  baş verərsə, sığorta şirkəti bir hissəsini, ya da tam məbləğini ödənişini həyata keçirəcək. Yaşı çox olan insanlar daha çox sığorta ödənişi edəcəklər və onlar risk qrupuna aiddir. Bu sığorta qeyri-rəsmi  məcburidir ki, diqtə edən tərəf bankdır, ancaq rəsmi olaraq könüllüdür”.

Ana səhifəSosialKredit ala bilməyən əlillər: “Birinci qrup əlilik deyə etibar etmirlər”