İqtisadçı: “Bəs niyə Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimaiyyət nümayəndəsi təmsil olunmur?”
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsinə nəzarət üçün yeddi nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb.
Sərəncam
da bildirilir ki, COVID-19 epidemiyası dünyada sürətlə yayılıb. Martın 19-da Azərbaycan Prezidenti əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək üçün Sərəncam imzalayıb. Həmin sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Nazirlər Kabineti Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.
Yeni yaradılmış şura “Koronavirusla Mübarizəyə Dəstək Fondu”da toplanmış vəsaitdən istifadəyə nəzarət edəcək.
Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə
sayt
ında məlumat dərc edəcək.
Sənədə əsasən, İqtisadiyyat və Maliyyə nazirlikləri bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, əslində Dövlət Neft Fondunun da İctimai Nəzarət Şurası (İNŞ) yaradılmalıdır. Həmin şuraya ictimaiyyətin nümayəndələri daxil edilməlidir. İqtisadçı yeni yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nda toplanmış vəsaitlərin xərclənməsinə nəzarət şurasından da danışıb. Deyir, həmin şuranın tərkibində təmsil olunan bəzi şəxslərin müstəqilliyi şübhə doğurur. Ancaq yaradılmasını düzgün addım kimi qiymətləndirir:
“Belə olan halda, başqa suallar da yaranır. Necə olur ki, 111 milyon manat vəsaiti olan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun İctimai Nəzarət Şurası olur, amma 43,3 milyard dollar aktivləri olan Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasında ictimaiyyət nümayəndəsi təmsil olunmur və yaxud DNF-nin İNŞ yaradılmır? Niyə? DNF-dəki pullar kimə məxsusdur? Özəl bölməyə, yoxsa şəxslərə?”
İqtisadçı deyir ki, DNF-nin vəsaiti də dövlətə məxsusdur. Həmin vəsaitlər ictimai vəsait hesab olunur. Odur ki, eyni yanaşma DNF-yə də münasibətdə tətbiq olunmalıdır:
“DNF-də də İNŞ yaradılsın və üzvlər orda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyəti mütəmadi məlumatlandırsınlar. Biz də arxayın olaq ki, DNF-də hər şey qaydasındadır. Aprelin ortasına az qalıb. Ancaq DNF ötən rübün nəticələrinə dair press-reliz açıqlayaraq xalqı məlumatlandırmayıb”.
Qubad İbadoğlu əlavə edir ki, DNF-nin Müşahidə Şurasında Baş nazir, Prezidentin 2 köməkçisi, İqtisadiyyat və Maliyyə naziri təmsil olunur:
“Milli Məclisin sədr müavinin şuradakı yeri də boşdur, hələ təyinat olmayıb, görünür yaddan çıxıb. Halbuki Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.4. maddəsinə görə, Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. Biabırçılıqdır, nə istəyirlər edirlər, özləri yazdıqlarına əməl edə etmirlər”.
COVİD-19 pandemiyasının Azərbaycanda da yayılmasına görə, xeyli iş yeri bağlanıb, insanlar işsiz qalıb. Dövlət işsiz kimi qeydiyyatda olanlara yarım məqsədilə 70 milyon vəsait ayırıb. İşsizlərə 2 ay müddətində hər ay 190 manat ödəyəcək.