Koronavirusa görə cəzaçəkmə müəssisələrində qiymətlərin bahalaşdığı iddia olunur

“Məsələn, bazar qiyməti 2 manat olan 1 qutu siqaret 5 manata, 1 kiloqramı 3 manat olan meyvə 6 manata, 4 manatlıq şirniyyat 7 manata, 30 qəpiklik yumurta 60 qəpiyə satılır”

Source: Foto: arxiv


“Bazar qiyməti 2 manat olan 1 qutu siqaret 5 manatadır”

Koronavirus təhlükəsilə əlaqədar beş gündür ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər və onlara sovqat çatdırılması qadağan edilib. Yaxınları məhbusların qida problemilə üzləşdiyini deyir. Bildirirlər ki, həbs yerlərində saxlanılan şəxslərin böyük əksəriyyəti yaxınlarının gətirdiyi sovqat hesabına qidalanır. Yaxud cəzaçəkmə müəssisələrində yerləşən kiçik dükanlardan qida məhsulları və başqa tələbat mallarını alırlar. Amma o dükanlarda da qiymətlər çox baha olur. İddiaya görə, əvvəl onsuz da baha olan qiymətlər sovqat qadağasından sonra bir az da artıb.


“Ərzaqlar bayırdakından bir neçə dəfə baha satılır”

“Həbsxanalarda vəziyyət bir-iki günə lap kritik həddə çatacaq. Qadağaya qədər gətirilən ərzaqlar bitmək üzrədir. Həbsxana dükanlarında satılan ərzaqlar bayırdakından bir neçə dəfə baha satılır. Dustaqlarımız kimlərəsə yük olmaqdansa, ac qalmağa üstünlük verirlər. Biz azadlıqda birtəhər dolanırıq, əlləri-qolları hər yerdən üzülmüş məhbuslar nə etsin?”, – deyə Nardaran məhbusu Ağəli Yəhyayevin bacısı Elnarə Eldar bildirib.


“Məhbuslara verilən yeməklərin keyfiyyətini nəzərə alsaq…”

Həbsdə olan AXCP funksioneri Fuad Əhmədlinin atası Zəfər Əhmədli virus təhlükəsilə əlaqədar görüş və sovqat yasağını anlayışla qarşıladıqlarını deyir. Bununla belə, Penitensiar Xidmətin rəhbərliyinə müraciət edərək, hermetik qablaşdırmada olan, mütləq bişirilməli çiy məhsulların qəbuluna icazə verilməsini, müəssisə daxilindəki mağazalarda qiymətlərin aşağı salınmasını istəyir: “Məhbuslara verilən yeməklərin keyfiyyətini nəzərə alsaq, sovqatsız qalan məhbusların qidalanmasında hansı çətinliklərlə üzləşdiklərini təsəvvür etmək çətin deyil”.

Z.Əhmədli onu da əlavə edir ki, son günlər bəzi cəzaçəkmə müəssisələrində hazırlanan yeməklərin keyfiyyətində nisbi yaxşılaşma olması haqda məlumatlar alıblar.


“Təklif olunan yeməklər heyvanlar üçün daha münasib idi”

Üç ilə qədər həbs həyatı yaşamış keçmiş müstəntiq Rüfət Səfərov da cəzaçəkmə müəssisələrində məhkumlara paylanan yeməyin keyfiyyətinin aşağı olduğunu deyir:

“Məhkumlara gün ərzində 3 dəfə qida verilsə də, bu, orqanizmin normal fəaliyyətini təmin etməyən, keyfiyyətsiz, normadan az idi. Yeməklərdən başqa maddi-məişət normaları yalnız kağız üzərindəydi: dövlət hesabına yataq ləvazimatı, geyim, alt paltarı, ayaqqabı verilmirdi. Bütün yük məhkumun qohum-əqrəbasının üzərində idi. Müəssisədə şişman pişik var idi. Həqiqətən, təklif olunan səhər, günorta, axşam yeməkləri heyvanlar üçün daha münasib idi. Əksəriyyət evdən gətirilən ərzaq məhsullarından istifadə edirdi, yeməkxanadakı gündəlik nörmalarını da götürüb, pişiklərin qarşısına atırdı. Hərçənd ki, formal olaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə qənaətbəxş qida normaları müəyyən edilib”.

Rüfət Səfərov
Rüfət Səfərov

R.Səfərovun sözlərinə görə, hazırda həbsdə olan, keçmiş dustaq yoldaşlarından biri görüş və sovqat qadağasından sonrakı durum haqda danışıb. Deyib ki, müəssisə daxilindəki dükanda qiymətlər kəskin artıb: “Məsələn, bazar qiyməti 2 manat olan 1 qutu siqaret 5 manata, 1 kiloqramı 3 manat olan meyvə 6 manata, 4 manatlıq şirniyyat 7 manata, 30 qəpiklik yumurta 60 qəpiyə satılır. Göz önünə gətirirəm, şəkərbura, paxlava, qoğal Novruz bayramı ərəfəsində dustağa buraxılmır, “laryok”da isə qiymətlər qanı qiymətinə! Bu mənzərə faşistin yəhudiyə qarşı göstərdiyi münasibəti xatırladır…”


“Qiymətlərin baha olması barədə deyilənlər əsassızdır”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə istər məhbuslara verilən yeməyin keyfiyyətsizliyi, istərsə də cəzaçəkmə müəssisələrindəki dükanlarda qiymətlərin bahalığı haqda deyilənləri təkzib edib. Bildirib ki, məhkumlara verilən yeməyin çeşidi də, keyfiyyəti də standartlara uyğundur. Şöbə rəisinin sözlərinə görə, hər bir məhkum gündə üç dəfə kalorili yeməklə təmin olunur.

M.Sadıqov Penitensiar Xidmətin müəssisələri daxilində yerləşən kiçik ticarət köşklərində qiymətlərin bahalığı haqda deyilənlərin də əsassız olduğunu bildirib. Onun sözlərinə görə, həmin köşklərdə məhdud sayda zəruri tələbat malları satılır. Ödəniş də nağdsız həyata keçirilir. Yəni hər bir məhbusun şəxsi hesabından ödənilir: “Qiymətlərin baha olması barədə deyilənlərin heç bir əsası yoxdur”.

Ana səhifəİqtisadiyyatKoronavirusa görə cəzaçəkmə müəssisələrində qiymətlərin bahalaşdığı iddia olunur