Azərbaycanda 3712, Gürcüstanda 4780, Ermənistanda 1476 yeni yoluxma qeydə alındı
Noyabrın 27-də Azərbaycanda koronavirus infeksiyasına 3712 yeni yoluxma olduğu açıqlanıb.
1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirir ki, Azərbaycanda son 24 saat ərzində 35 nəfər bu virusdan həyatını itirib: “Ötən müddət ərzində 1 682 234 test aparılıb. Bugünkü test sayı isə 16 402-dir”.
Gürcüstanda 4780 yoluxma
Gürcüstanda isə son bir gündə koronavirusa 4780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.
Bununla da Gürcüstanda indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır. 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Yoluxma sayının artmasına görə, Gürcüstanda noyabrın 28-dən iki aylıq məhdudiyyət planı tətbiq ediləcək.
Böyük şəhərlərdə – Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi, Telavidə bazarlar, ticarət obyektləri distant və çatdırılma rejiminə keçirlər. Şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Qadağa şəxsi nəqliyyat vasitələrinə və taksilərə şamil olunmur. Hökumət 70 yaşdan yuxarı şəxslərin evdə qalmaları sərt şəkildə məsləhət görülür.
Şirkət və təşkilatlara maksimal olaraq distant rejimə keçmələri tövsiyə edilir. Eyni zamanda, dövlət işində çalışanların 80 faizi distant rejimə keçir.
Noyabrın 28-dən fevralın 1-dək axşam saat 9-dan səhər saat 5-ə qədər bütün Gürcüstan üzrə hərəkət məhdudlaşdırılır. Sadəcə yeni il (31 dekabr) və milad gecəsi (6 yanvar) istisna olacaq.
2 ay ərzində restoranlar, fitness klublar, üzgüçülük hovuzları bağlı olacaq. Restoranlar sadəcə çatdırılma servisini həyata keçirə bilərlər.
Gürcüstanda yanvarın 3-dən 15-dək qədər tətil olacaq.
Ermənistanda 1476 yeni yoluxma
Ermənistanda isə son bir gün ərzində 1476 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346 olub.
Ermənistanda pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb.
COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 527-yə yüksəlib. İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var.
Xatırlatma
Hazırkı dövrədək Azərbaycanda 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir.
Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.