Azərbaycanda 1622, Gürcüstanda 3120, Ermənistanda 2132 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər isə sağalıb və evə buraxılıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilir ki, gün ərzində xəstəlikdən əziyyət çəkən 20 nəfər vəfat edib.
Azərbaycanda iİndiyədək 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib.
Bu günə olan aktiv xəstə sayı isə 17 325 nəfərdir.
Son bir gündə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.
Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Gürcüstandakı durum…
Gürcüstanda isə son bir gündə koronavirusa 3120 yeni yoluxma faktı müəyyən edilib.
2 358 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib.
Bununla da Gürcüstanda COVID-19-a ümumi yoluxma göstəricisi 69 681 nəfərə çatıb. Onların 52 169-u sağalıb, 599-u isə ölüb.
Hazırda karantində 2 506, stasionar nəzarətdə 4 918 nəfər var. 3 311 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Ermənistanda nə qədər yoluxan var?
Ermənistanda isə son bir gün ərzində virusa 2132 nəfər yoluxub. Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə yüksəlib.
Son bir sutkada Ermənistanda virusa yoluxan 32 nəfər ölüb. Bununla da ölənlərin sayı 1 668-ə çatıb.
COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a yüksəlib. İndiyədək 70 130 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.
O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Həmin gündən sonra bu infeksiyaya yoluxanların sayı durmadan artır.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.