Xarici İşlər Nazirliyi “Kommersant”da dərc olunan məqaləyə münasibət bildirib.
Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, son günlər beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi:
“Bununla yanaşı, Azərbaycanın təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozdu. Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib”.
A.Hacızadə daha sonra deyib ki, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Ağdam-Xankəndi yolunun yaxınlarda açılacağı bildirilir
Rusiyanın “Kommersant” qəzeti Ağdam-Xankəndi yolunun yaxınlarda açılacağını iddia edir.
Qəzet bu iddiasını Rusiya dövlət qurumlarındakı mənbələrinə istinadən yazıb.
“Kommersant” yazır ki, Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi trası fəaliyyət göstərməklə Qarabağın erməni əhalisinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb:
“Lakin Ermənistan tərəfi bu razılaşmanı pozub”.
“Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək”, – deyə qəzet yazır.
“Kommersant”ın yazdığına görə, vəziyyəti birtəhər sakitləşdirməklə bağlı Moskvanın, Qərbin, beynəlxalq təşkilatların cəhdləri heç bir nəticə vermir: “Bakı geriyə addım atmır. Eyni zamanda, separatçılar da inad edirlər. Bununla belə, mənbə hesab edir ki, Ağdamdan keçən yol sonda açılacaq”.
“Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi varianta əvvəlcə həm Azərbaycan tərəfi, həm də qarabağlılar razılaşıblar. Onun mahiyyəti bundan ibarət idi ki, Ağdam yolu açılsın və lazım olan hər şey Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daşınsın. Moskvanın təklifinə əsasən, həmin yerdə hərəkət başlayandan bir gün sonra Laçın dəhlizində də hərəkət bərpa edildi. Bu variant yüksək hazırlıq dərəcəsində idi”, – mənbə deyib.
Lakin onun sözlərinə görə, separatçılar “Laçının 24 saatdan sonra yox, dərhal açılması” şərtini irəli sürüblər.
“Ardınca, Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır. Bundan sonra isə Vaqif Xaçatryanla qalmaqal baş verib. Nəticədə kompromis əldə edilməyib”,- Rusiya nəşri əlavə edib.
İyulun 29-da Azərbaycanın Baş Prokurorluğu Xocalıda yaşanmış “Meşəli” hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin – Xaçatryan Vaqif Çerkezoviçin saxlanıldığı haqda məlumat yayıb.
Baş Prokurorluq bildirir ki, “Meşəli” hadisəsi 1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində yaşanıb.
Erməni silahlı birləşmələrinin üzvləri həmin kənddə Azərbaycan milliyətindən olan şəxsləri qətlə yetirib.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin uyğun maddəsi ilə cinayət işi açılıb.
İşin motivlərinə görə, ərazidə soyqırımı, deportasiya, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması halları var.
Ermənistan Xarici İşlər Nazirliyi isə deyilənləri təkzib edir.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.