Milli Məclisdə deputatlar təkliflərlə çıxış ediblər
“Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin”. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artırılması, qiymətlərin tənzimlənməsi vacibdir”.
Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə deyib.
O bildirib ki, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdr:
“Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.
Komitə sədri 190 manat veriləcək şəxslərin siyahısına yenidən baxılmalı olsuğunu da bildirib.
Sabir Rüstəmxanlı: “Pandemiya bir çox qurumun əlində bəhanə olub”
Deputat Sabir Rüstəmxanlı dövlət qurumlarını tənqid edib: “Pandemiya şəraitidir, başa düşürük, ancaq bu, bir çox qurumun əlində bəhanə olub, əhalini qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Bunun qarşısı alınmalıdır”
O bildirib ki, şəhid, qazi ailələrinin incildilməsinə dair məlumatlar dolaşır: “Buna qətiyyən yol vermək olmaz. Prezidentin sərəncamının icrası xırda məmurlar tərəfindən pozulur. Şəhid, qazi ailələrinə xidməti yüksək səviyyədə həyata keçirmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır.
S.Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də tənqid edib:
“Ölkə ərazisində distant təhsilə keçilib, ancaq kəndlərdə, rayonlarda internet yoxdur. Yüksək texnologiyalar kənd və rayonlara da çatdırılmalıdır”.
Büdcənin təsdiqi üçün qanuni müddət gecikir
Deputatı Tahir Kərimli növbəti ili dövlət büdcəsinin qəbulu ilə əlaqədar “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsini təklif edib:
“Qanuna əssən, növbəti ilin dövlət büdcəsi dekabrın 20-nə qədər Milli Məclisdə qəbul olunmalıdır. Hamı bilir ki, biz Vətən müharibəsi aparmışıq. Təklif edirəm ki, həmin qanunda həmin müddəaya “2021-ci ilin dövlət büdcəsi istisna olmaqla” sözləri əlavə edilsin”.
O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş rayonlarımıza vəsaitlər ayrılacaq.
“Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilməlidir.
Qanunun 5.3-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Milli Məclisin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir. Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə məlumat verir.
Qanunda büdcənin təsdiqi üçün tutulan müddətin birməsinə 2 gen qalsa da, hələ də büdcə layihəsi parlamentə daxil olmayıb.
Parlament bir neçə qanun layihəsini təsdiqlədi
İclasda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Azərbaycanda 8 noyabr tarixi qeyri-iş günü olması ilə bağı Əmək Məcəlləsinə dəyişiklik layihəsi də III oxunuşda təsdiqlənib.
Layihəyə əsasən, hər il Zəfər Günü kimi qeyd ediləcək 8 noyabr tarixi iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Həmçinin hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq və iş günü sayılacaq.
İclasda “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb və təsdiqlənib.
Layihəyə əsasən, banklarda olan əmanətlərin tam sığortalanması müddəti 2021-ci ili 5 aprel tarixinədək uzadıldır.
Bu müddət başa çatandan sonra fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılacaq.
Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Parlamentin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək.