Mənbə: Meydan TV

Köməkdən məhrum tənha analar

Məqalə yeniləndi:  21 Dekabr 2020

Azərbaycanda hər il onminlərlə uşaq nikahdankənar dünyaya gəlir. Tək valideynli ailələrin təxminən 97 faizində uşaqlar anaların himayəsində olur. Valideynlər ayrıldıqdan sonra uşaqların atasından aliment almaq mümkünsüz olur. Meydan TV-nin bu materialında Azərbaycanda tənha anaların hansı çətinliklərlə qarşılaşmasından danışılır.

Səidə Məmmədova (ad qəhrəmanın istəyi ilə dəyişdirilib — red.qeyd) nikahdankənar üç uşaq dünyaya gətirib. Uşaqlarının atası ilə ayrıldıqdan sonra, Səidə uşaqları ilə birgə yaxınlarından kömək istəmək məcburiyyətində qalıb. Lakin pandemiya səbəbindən karantin rejimi tətbiq edilərkən bir çoxu işsiz qalıb, o da uşaqları ilə birgə Bakıdakı qadın sığınacağına üz tutmalı olub.

“Qardaşım dedi ki, sənin ərin özü üçün yaşamağındadı, mən də onun uşaqlarına daha baxan deyiləm. Haqlı idi, illərlə uşaqları nə yeyib, necə geyinib-kecinib maraqlanmayıb, kömək etməyib. Anam illərlə əl tutub bizə. Artıq hamı üz döndərəndən sonra məcbur mən də qadın sığınacağına gəldim”, - deyir Səidə.

İllustrasiya

İllustrasiya

Mənbə: Meydan.TV

Nikahın əvəzinə toy şənliyi

Təxmini hesablamalara görə, Azərbaycanda yüz mindən çox tənha ana var. Məsələ ondadır ki, ölkədə rəsmi nikah olmadan ailə qurmaq praktikası geniş yayılıb. Cəmiyyətin gözündə çoxsaylı qonaqların iştirakı ilə toy pasportdakı ştampdan daha üstündür.

Pərvanə Nəcəfova da nikahdankənar beş uşaq dünyaya gətirib. Onun faktiki həyat yoldaşı bir neçə il öncə rəhmətə gedib. Onun ölümündən sonra Pərvanə dövlətdən pensiya da ala bilməyib, çünki rəsmi nikahları olmayıb. Hazırda o, uşaqları ilə birgə dəmir vaqonda yaşayır və özünü taleyin ümidinə buraxılmış kimi hiss etdiyini deyir:

“Bu vaqonun içində beş uşağımı zülümlə böyüdürəm. Uşaqlarımın heç birini oxutmamışam, onları məktəbə göndərməyə imkanım yoxdur. Uşaqlarımı doladırmaq üçün hər işə gedirdim, fəhləlik edirdim, əkin sahələrində çalışırdım. Amma bir ildən çoxdur ki, heç bir işim yoxdur”.

Pərvanə birtəhər dolanmaq üçün uşaqları ilə birlikdə metal qırıntılarını yığıb təhvil verir.

İllustrasiya

İllustrasiya

Mənbə: Meydan.TV

Nikah olmayıbsa, aliment də yoxdur

Yalnız 2019-cu ildə Azərbaycanda 20 mindən çox nikahdankənar uşaq dünyaya gəlib ki, bu da ümumi doğulanların 15 faizini təşkil edib. Uşağın nikahdankənar doğulması ananın övladının atasından ayrıldıqdan sonra ondan aliment almasını çətinləşdirir. Alimenti yalnız atalığı məhkəmə yolu ilə müəyyən edildikdən sonra almaq mümkün olur.

“Hər dəfə uşaqlarım doğulanda deyirdim ki, gəl münasibətləri rəsmiləşdirək və uşaqları qəbul et, amma o, razı olmadı, indi isə məni heç dinləmək belə istəmir”, - hazırda qadın sığınacağında yaşayan Səidə Məmmədova belə deyir.

“Əgər kişi uşağı qəbul etmirsə, qadın məhkəməyə müraciət etməlidir, - hüquqşünas Səməd Rəhimli izah edir. - Məhkəməyə müraciət etdikdən sonra atalığın müəyyən edilməsi üçün DNT testi keçirilməlidir. Amma bu, Azərbaycan standartlarına görə kifayət qədər bahadır. Bu ödənişi də analar edə bilmədiyindən onlar üçün ciddi problem yaradır. Atalıq faktı müəyyən edilmədikdə isə alimentə dair iddia qaldırmaq və həmin işlərdə uğurlu nəticə əldə etmək olmur”.

Azərbaycanda tənha anaların hansısa əlavə hüquqları və güzəştləri yoxdur.

İllustrasiya

İllustrasiya

Mənbə: Meydan.TV

“Səni iki nəfər dəstəkləyər, ancaq 20-si qınayar”

Maddi sıxıntılar tənha anaların Azərbaycanda heç də qarşılaşdığı yeganə çətinliklər deyil.

Günel Fərhadqızı digər bir çox tənha anadan fərqli olaraq övladının maddi təminatı ilə bağlı problemlər yaşamır. O, heç də pis qazanmadığından oğlunun əsas ehtiyaclarını qarşılaya bilir. Hesab edir ki, ona bu məsələdə ali təhsilli olmasının faydası dəyib.

Lakin Günel hamilə olduğunu bildiyi gündən ondan nəinki uşağının atası, bir çox yaxınları və dostları da üz çevirib. Günelin nə nikahı, nə də toyu olub. Və bir çoxu onun nikahdankənar uşaq dünyaya gətirmək qərarını qınaqla qarşılayıb:

“O uşağı istəmirdi, lakin mən onu dünyaya gətirməkdə israrlı idim. Bu səbəbdən də biz ayrıldıq, - Günel söyləyir. - Lakin tənha ana olmağı seçmək heç də asan olmadı. Nikahdankənar uşaq doğmaq həqiqətən də çox çətindir, səni iki nəfər dəstəkləyər, ancaq 20-si qınayar. İş axtararkən biləndə ki təkəm, mənə əxlaqsız təkliflər edirdilər. Dəfələrlə bu cür əxlaqsız təkliflər ətrafımdakı insanlardan da olunub”.

Hüquq müdafiəçisi Şəhla İsmayıl deyir ki, qadınlar üzərində ciddi nəzarətin olduğu belə bir ölkədə, tənha anaların durumu daha da çətindir:

“Cəmiyyət yoldaşını itirən, boşanmış qadınlara xüsusi maraq və diqqət göstərir, bir növ onların davranışlarına nəzarət etməyə çalışır. Onun istənilən davranışı cəmiyyətdə qınaq obyektinə çevrilə bilər. Bununla belə, nikahdankənar uşağı olan qadınlara qarşı daha qərəzli, stiqmatik yanaşma var”.

İllustrasiya

İllustrasiya

Mənbə: Meydan.TV

Günel, yeddi aylıq oğlunu saxlaya bilmək üçün bütün günü çalışmağa məcburdur, uşağa isə dayə baxır. Bütün həftə sonlarını oğlu ilə keçirir, amma deyir ki, evin məişət qayğıları birgə keçirilən zamandan tam zövq almağa imkan vermir:

“Məni ən çox üzən odur ki, mən oğlumun necə böyüdüyünü ancaq həftə sonları görürəm. Bəlkə də o ilk addımlarını atanda mən yanında olmayacağam. Çünki mən həm də ata olmaq, işləyib, ailəmi saxlamaq məcburiyyətindəyəm”.

Hüquqşünas Səməd Rəhimli hesab edir ki, ölkə qanunvericiliyi təhna analara hər hansısa bir hüquqi status və sosial-iqtisadi güzəştlər müəyyən etməsə də, belə ailələrdə uşaqların normal böyüməsi üçün şərait yaradılmalıdır:

“Nəzərə almaq lazımdır ki, Azərbaycan uşaq hüquqları haqda Konvensiyaya qoşulub. Bu Konvensiya ümumi qaydada uşaqların insan ləyaqətinə uyğun şəkildə böyüməsi haqqının olduğunu müəyyən edir. Belə olan halda, uşaqların təminatına dair məsələlərdə tənha analara müəyyən güzəştlər nəzərdə tutula bilər ki, onların öz uşaqlarını böyüdə bilmək imkanlarınını olsun”.

Media Şəbəkəsinin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Dekabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/20xwr4

Ən çox baxılan