Sürücü: “Morqa ölü, xəstəxanaya xəstə aparanda təcili yardım maşını yolda xarab olur”
“İdarə etdiyim avtomobil texniki cəhətdən tam yararsız vəziyyətdədir. Mühərrik normadan dəfələrlə artıq yağ işlədir. Yük yerinin sol bortu tamamilə çürüyüb. Ötürücü mexanizmi pis işləyir, təkərlərin istifadə müddəti çoxdan ötüb, yararsız vəziyyətdədir. Kəndin həkim məntəqəsi şəraitsizdir, heç bir avadanlığı yoxdur, ona görə də xəstələri Şəkinin mərkəzinə – mərkəzi xəstəxanaya götürməli oluruq. Rayon mərkəzinə – morqa ölü, mərkəzi xəstəxanaya ağır xəstə apararkən dəfələrlə maşın sıradan çıxıb, yollarda qalmışıq”.
Faiq Vəliyev Şəkinin Baş Göynük kəndinin həkim məntəqəsinin təcili yardım maşınının sürücüsüdür. Meydan TV-yə istifadəsində olan UAZ markalı təcili tibbi yardım maşınının ona və daşığıdı xəstələrə yaşatdığı iztirablardan danışır.
“35 ildir bu UAZ qarlı, palçıqlı kənd yolu gedib-gəlir”
Faiq Vəliyevdən əvvəl bu maşını təxminən 20 il atası Hüseynbala Vəliyev idarə edib. Təqaüdə çıxdıqdan sonra köhnə maşının sükanını oğluna ötürüb. 15 ildir ki, Baş Göynükdə səhhəti pisləşən insanları rayon mərkəzindəki xəstəxanaya Faiq Vəliyev daşıyır. Ancaq avtomobilin köhnə və yararsız olması əksər hallarda xəstələri yarı yolda qoyur:
“Baş Göynükün 3 il əvvələdək yolu olmayıb. İdarə etdiyim 99 JU 207 dövlət qeydiyyatı olan, 1984-cü il buraxılışlı UAZ markalı təcili yardım avtomobili 35 ildir ki, palçıqlı, qarlı dərə-təpələrdən aşır, kələ-kötür kənd yollarıyla gedib-gəlir. Kəndin əhalisinin sayı 10 min nəfəri ötüb. 10 min adamın xidmətində sınıq-salxaq, istifadə müddəti ötmüş maşın dayanır”.
“Hər dəfə deyir, xoşun gəlmir, açarları təhvil ver”
Faiq Vəliyevin sözlərinə görə, hər ay maşının sıradan çıxmış hissələrini aldığı 150 manat məbləğində maaşıyla düzəltdirir:
“Mərkəzi Xəstəxananın təcili yardım maşınlarının sürücülərinin maaşı qaldırılıb, 450 manat alırlar. Özləri də təzə təcili yardım maşınları sürürlər. Maşının şüşələrini silmək üçün istifadə etdikləri əskiləri də xəstəxana verir. Maaşları da mənim maaşımdan üç dəfə çox… Ancaq kəndlərdəki həkim məntəqələrinin nə maşınlarına, nə də sürücülərinə diqqət göstərilmir. Dəfələrlə baş həkimin yanına gedib təzə maşın tələb etmişəm. Köhnə UAZ-la çəkdiyim əziyyətləri demişəm. Bildirmişəm ki, maşın xarab olanda öz cibimin hesabına düzəltdirirəm, hər dəfə də deyir, xoşun gəlmir, açarları təhvil ver, get, özünə başqa iş tap. Bi iş mənim atamın işidir, davam etdirirəm. Bir kəndin xidmətində demək olar ki, təmənnasız dayanıram. Bunu heç kim etməz ki, mən edirəm. Baş həkim anlamalıdır ki, bu maşın restorana sağlam adam yox, xəstəxanaya yarımcan xəstə daşıyır. Xarab olanda, xəstəni vaxtında xəstəxanaya çatdırmayanda bir insan həyatı əldən gedir. Əlacsızlıqdan hər il şəxsi təsərrüfatımda bəslədiyim danaları böyüdüb satıb, maşın üçün ən vacib detalları almışam, bu da baş həkimin münasibəti…”
“İçərisində xəstə olan maşını zəncir qoşquyla dartıb aparırırq”
Faiq Vəliyev yenə sözü köhnə UAZ-ın xəstələri yarıyolda qoymasının üzərinə gətirir:
“Təcili yardım maşını yolda xarab olub qalanda xəstənin yaxınları düşüb qarın, palçığın içində maşını itələyirlər. Xəstə maşının içərisində canıyla çəkişir, qohumları maşını itələyə-itələyə aparır. Kənd yolundan rayon mərkəzinə – xəstəxanayadək zəncir qoşqu ilə gedir. Bir anlıq təsəvvür edin, ağır xəstə daşıyan maşın xəstəxanaya zəncir qoşquyla dartılaraq gedir”.
Sürücünün sözlərinə görə, bu ilin mayında kənd sakini Sümuzər Məmmədova, avqust ayında isə qadının həyat yoldaşı Əhməd Həmidov maşının nasazlığı səbəbindən vaxtında xəstəxanaya çatdırılmadıqları üçün həyatlarını itiriblər.
Şəki Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, kəndə yeni təcili yardım avtomobili ayrılması üçün aidiyyəti quruma müraciət olunub, bu barədə sürücü Faiq Vəliyevə də dəfələrlə bildirilib. Faiq Vəliyevin maaşı mart ayından artırılıb və hazırda 180 manat alır.
Səhiyyə Nazirliyindən bildirilib ki, Faiq Vəliyevin müraciətləri əsasında sentyabrın 13-də qurumun əməkdaşları Baş Göynük kəndindəki həkim məntəqəsində olublar, təcili yardım maşınına baxış keçirərək aktlaşdırıblar.