İlham Əliyev mikro, kiçik və orta biznes, investisiya və ixrac sahəsində yeni qurumun yaradılması ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və AZPROMO (İnvestisiyaların və İxracın Təşviqi Agentliyi) birləşdirilir. Onların əsasında yeni qurum- Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır.
Yeni Agentlik mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektoruna investisiya cəlbi və ixracın təşviqi ilə məşğul olacaq. Qurum İqtisadiyyat Nazirliyinin strukturuna daxil ediləcək.
Agentlikdə ümumilikdə 370 nəfər çalışacaq. Bunun 291-i mərkəzi aparat, 79-u isə bölgələrdə işləyəcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay ərzində Agentliyin nizamnaməsi və strukturu hazırlansın, əvvəlki qurumların əmlakı yeni Agentliyə verilsin. Agentliyin maliyyələşdirilməsi cari dövlət büdcəsi hesabına aparılacaq.
Agentliyin sənədləri təsdiqlənənə qədər KOBİA və AZPROMO fəaliyyətlərini davam etdirəcək.